“Rusiyaya qoyulan sanksiyalar qonşularına şans yaradır” – Fransalı ekspert

   “Rusiyaya qoyulan sanksiyalar qonşularına şans yaradır” –    Fransalı ekspert
  16 Mart 2022    Oxunub:2774
“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar artıq qonşu ölkələrə də təsir edir, lakin bir qədər fərqli”. Bunu AzVision.az- açıqlamasında Fransanın Avrasiya Araşdırmalar Mərkəzinin eksperti Maksim Qauin deyib.
Sanksiyaların region ölkələrində yarada biləcəyi risk və imkanlardan danışan Maksim Gauinin sözlərinə görə, Belarus artıq Rusiyaya tətbiq edilənlərə bənzər sanksiyaların təsirinə məruz qalıb. “Bu səbəbdən, Lukaşenko Belarus ordusunu Ukraynanın işğalına cəlb etməkdən çəkindi. Ən azından indilik!”, - fransız tarixçi qeyd edib.

Maksim Qauin deyir ki, müstəqillik qazanandan bu yana Rusiya ilə tərəfdaş olan Qazaxıstan nəinki Ukraynaya müdaxilədən imtina etdi, hətta öz qazını Rusiya ərazisindən yox, Azərbaycandan nəql etməyi təklif edir, yəni mahiyyətcə Azərbaycan strategiyasını təkrarlayır. Azərbaycana gəlincə, Qauin vurğulayıb ki, "onsuz da Azərbaycan qazına çox ehtiyac olacaq. Qərb dövlətləri bunu ancaq dəyərləndirə bilərlər".

Ekspert bu arada beynəlxalq bazarlarda manatın dəyərinin artdığını da qeyd edib. Onun fikrincə, Azərbaycan özünün altıncı hiss siyasətindən tam olaraq yararlanmaqdadır:
- Azərbaycan hökuməti Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi, Ukraynaya tibbi yardım göndərdi, SOCAR-ın yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım maşınlarına pulsuz yanacaq verilməsini tapşırdı. Hamı kimi bu günlərdə rus ordusunun səriştəsizliyinin şahidi olan Bakı (2020-ci ildə rus hərbi texnikasını hamıdan yaxşı müşahidə etmişdi), bu yaxınlarda Xankədi və ətraf ərazilərlə bağlı sərt mövqe ortaya qoydu. Rusiyaya işə hazırkı məqamda Azərbaycanın bu qəti bəyanatına cavab olaraq çox şey edə bilməz.

Ermənistanla bağlı Maksim Qauin bildirib ki, ölkəni sanksiyalara sürükləyən elə baş nazir Paşinyanın özüdür: "Ermənistan sanksiyalardan yayınmağa çalışan Rusiya şirkətlərinə qucaq açmaq qərarına gəlib. Ancaq bunun İrəvan üçün faydası çox qısamüddətli olacaq. Paşinyan yaxşı bilir ki, rus şirkətlərini ölkəyə cəlb etmək Ermənistanın özünə qarşı sanksiyalarla nəticələnəcək. Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalanması ilə bağlı son bəyanatının da kökündə elə bu dayanır. Ermənistan öz mənfəətini güdür. Rusiyanın iqtisadi və hərbi cəhətdən zəifləməsi türk qonşuları ilə sülhü daha da zəruri edir".

Maksim Qauinə görə, Rusiyaya qoyulan sanksiyaların bəzi təsirlərini region ölkələri də hiss edəcəklər. Məsələn, hava əlaqəsinin dayandırılmasının Azərbaycan və Türkiyəyə də ziyanı dəyə bilər.

Amma eyni zamanda, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar region ölkələri üçün yeni imkanlar da yarada bilər. “Bu ölkələr hər şeydən əvvəl öz iqtisadi siyasətləri, ixracat, idxalat və investisiya məsələləri ilə bağlı artıq daha müstəqil qərarlar qəbul edə biləcəklər. Qazaxıstan qazının nəqli məsələsi istisnadır. Bütün sahələrdə zəifləmiş Rusiya qonşularının qarşısında onların maraqlarına zidd seçimlər qoya bilməyəcək”,- Qauin vurğulayıb.

Nigar Zeynalova
AzVision.az



Teqlər: Rusiya   Sanksiya  





Xəbər lenti