Qarabağ sahibkarlıq cənnətinə çevriləcək – TƏHLİL

   Qarabağ sahibkarlıq cənnətinə çevriləcək –    TƏHLİL
  18 Mart 2022    Oxunub:2217
Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna - Ağcabədi ilə Ağdama səfəri zamanı sahibkarlara çağırış etmişdi ki, azad edilmiş ərazilərə sərmayə qoysunlar. "Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik",- Dövlət başçımız bildirmişdi.
Bu, növbəti çağırış və növbəti dəfə yerli sahibkarlara - investorlara müraciət və dəvət idi. İqtisadiyyatımızın böyük bir hissəsi məhz özəl sektora məxsus olduğundan çoxlu sayda özəl şirkətlərimiz, holdinqlərimiz və sahibkarlarımız var. Çox böyük yerli investisiya imkanlarına malikik. Bütün bunlar faktdır. 44 günlük müharibə bitən gündən hökumət işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlayıb. Və bu işlərin məğzini nəqliyyat və komunikasiya əlaqələri və vasitələrinin bərpası, bunların ən müasir tələblər əsasında qurulması və təmin edilməsi, o cümlədən, yaşayış yerlərinin salınması və sair təşkil edir. Ona görə ki, sözügedən bölgənin potensialından istifadə etmək mümkün olsun, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının malik olduğu bütün imkanlar ölkənin ümumi iqtisadi potensialı çərçivəsinə daxil edilsin. Ümumən, ölkə iqtisadiyyatı bundan töhvə əldə etsin.

Odur ki, bölgənin inkişafında yerli investorların iştirakı vacibdir. Sahibkarlar və iş adamları burada biznes qurmalı, dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə etməli, bölgənin inkişafına töhfələrini verməlidirlər. Bəs, qeyd olunan subyektlər və dairələr bunda maraqlıdırlarmı?! Onlar nəyə görə gözləmə mövqeyində dayanıblar və kütləvi şəkildə real hərəkətə keçməməyin səbəbi nədir?!

Ağcabədiyə səfəri zamanı dövlət başçımız “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olmuşdu. Adı çəkilən park müasir əkinçilik və bağçılıq təsərrüfatına aid layihədir. Ümumi sahəsi 3 min hektardır və ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilir. Ötən il aqroparkda 3094 hektar sahədən 2240 ton buğda, 1932 ton arpa, 7685 ton dən üçün qarğıdalı, 416 ton birillik ot, 87 ton pambıq, 14 ton soya, 1705 ton qarışıq senaj və 6642 ton digər məhsullar olmaqla 20 721 ton məhsul götürülüb. Ümumi dəyəri 35 milyon manat olan “Ağcabədi taxıl Aqropark”ın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib ki, nəticədə 41-i daimi olmaqla 150 iş yeri yaranıb.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında bu rəqəmlərin və belə bir aqroparkın rolu məgər azdırmı?! Xeyr.


Və yaxud götürək, 190 hektar ərazidə yerləşən Ağdam Sənaye Parkını. Burada tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və sairənin təşkili əsas istiqamətlər olaraq seçilib.

Əslində, sahibkarların bölgəyə marağı və investisiya istəyi az deyil. Buna real şərait, zəmin və müvafiq çağırış da var. Sadəcə, müəyyən tərəddüdlər mövcuddur ki, bu da təbiidir.

Birincisi, sahibkarlarımızın çoxunda qısamüddətli qazanc istəyi güclüdür, ikincisi, sözügedən bölgənin və ya iqtisadi rayonların potensialına dair ətraflı və çevik bilgi səviyyəsi qənaətbəxş həddə deyil, üçüncüsü, gizlində təhlükəsizliyə zəmanət istəyi mövcuddur, dördüncüsü isə qeyd olunan bölgədə biznes və sahibkarlıq fəaliyyəti üçün ola bilsin, əlavə güzəştlər gözlənilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı digər rayonlarda yoxdur: Həm təbii resurslar baxımından, həm müharibə bitdikdən bəri Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin və hökumətin bu ərazidə gördüyü işlər nəticəsində yaranan və hələ yaradılacaq şərait, həm bölgənin ölkəmizin çoğrafi nöqteyi-nəzərindən çox mühüm yerində yerləşməsi və kənar ölkələrin bazarlarına çıxmaq şanslarının geniş olması və s. Təhlükəsizliyə zəmanətə gəlincə, bir fakta diqqət çəkmək kifayətdir ki, Dövlət başçımız hər dəfə bölgənin bu və ya digər rayonlarına səfəri zamanı müxtəlif infrastruktur layihələrin açılışına və yaxud da tikintisinə start verilməsi ilə bağlı tədbirlərdə iştirak etməklə yanaşı, Silahlı qüvvələrimizin ayrı-ayrı qoşun növlərinə dair ən müasir təchizata malik hərbi hissələrinin də fəaliyyətə başlamasına dair mərasimlərə qatılır, bununla da nəzərdə tutulan bütün iqtisadi perespektivləri heç bir hərbi-siyasi təhlükə gözləmədiyini nümayiş etdirir.

Sahibkarlar üçün işğaldan azad olunmuş ərazilərdə tikinti, turizm, istehsal, kənd təsərrüfatı məhsulları tədarükü, eyni zamanda emalı, həmçinin ticarət və müxtəlif növ xidmət sahələrində biznes qurmaq və fəaliyyət göstərmək imkanları var. Bundan əlavə, sadalanan sahələrdə hələki rəqabət yoxdur, odur ki, sərmayə qoyuluşunda birincilik daha çox qazanc gətirə bilər və gətirəcək. Qeyd olunan bölgədə biznes və sahibkarlıq fəaliyyəti üçün əlavə güzəştlər gözləntisinə gəldikdə isə, Dövlət başçımızın 10 dekabr 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamı var. Sərəncamda hökumətə tapşırılıb ki, 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarını səmərəli idarə etmək, onları emal sənayesi və xidmət infrastrukturunu yaratmağa yönəltmək məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi barədə təklifləri ölkə başçısına təqdim etsin. O cümlədən, özəl təşəbbüsləri stimullaşdırmaq, investisiyaların təşviq mexanizmlərini təkmilləşdirmək, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük-vergi güzəştlərini, həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştləri müəyyən etmək və sair haqda təkliflər də bura daxildir. Yaxın gələcəkdə sahibkarlarımızın Qarabağ və onun ətraf zonasına sərmayə qoyuluşları qaçılmaz olacaq.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Qarabağ  





Xəbər lenti