“Heç kim kənarda qala bilməyəcək” – Nazarbayevin keçmiş müşaviri

   “Heç kim kənarda qala bilməyəcək” –    Nazarbayevin keçmiş müşaviri
  19 Mart 2022    Oxunub:1844
Rusiyaya tarixi ən böyük sanksiyalar paketi tətbiq ediləndənn sonra onun qonşularını və tərəfdaşlarını bir sual maraqlandırır ki, bundan sonra münasibətlər necə inkişaf edəcək. Söhbət həm Avrasiya İqtisadi Birliyindən, həm də Xəzər bölgəsindən gedir. Rusiya əleyhinə olan sanksiyalar Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələr üçün hansı riskləri doğurur?
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Yermuhamet Yertısbayev AzVision.az -a müsahibəsində bildirib ki, anti-Rusiya sanksiyalarının bu ölkənin müttəfiqlərinə və tərəfdaşlarına da ziyan vuracağı aydındır:


- Rusiyaya qarşı sanksiyalar artıq Qazaxıstana təsir edib. Bu yaxınlara qədər 1 Amerika dolları 425 təngə idisə, bu gün 520 təngədir. Mən Qazaxıstanın vətənpərvər insanlarından biriyəm, 12 il Nazarbayevin müşaviri işləmişəm, 25 il dövlət sistemində çalışmışam, amma dördüncü dəfə pul itirdiyim üçün müxalif ovqatdayam. Dördüncü dəfədir ki, milli valyutama güvənirəm, amma birdən-birə o, çökür və bütün pullarımı itirirəm.

Bu yaxınlarda Böyük Britaniyanın Qazaxıstandakı səfiri bəyan etdi ki, Rusiya əleyhinə sanksiyalar heç bir halda Qazaxıstana təsir etməyəcək. Ümumilikdə, ABŞ və Böyük Britaniya Qazaxıstana qarşı heç bir sanksiya tətbiq edilməyəcəyinə zəmanət veriblər. Bəlkə də onlar üçün Rusiyadan real və potensial müttəfiqləri ayırmaq vacibdir. Çünki indi bir çox ekspertlər üçüncü dünya müharibəsinin başlaya biləcəyini deyirlər. Bu halda heç kim kənarda qala bilməyəcək. Biz konkret və aydın seçim etməli olacağıq.

Bəs Qazaxıstan hansı seçimi edə bilər? Rusiya-Qazaxıstan sərhədinin uzunluğu təxminən yeddi min kilometrdir - bu, dünyanın ən böyük quru sərhədidir. Bu, açıq sərhəddir, dostluq sərhədidir.

- Neft ölkələri olan Azərbaycan və Qazaxıstan Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar şəraitində necə hərəkət etməlidirlər?
- Qazaxıstanda dövlət büdcəsinin əsas mənbəyi uzun illərdir Xəzər Boru Kəməri Konsorsiumu olaraq qalır. Qazaxıstanın qərb hissəsində hasil edilən bütün neft bu kəmərlə Novorossiyskə gedir. Biz ildə 80 milyon ton nefti ixrac edirik. Bu, nəhəng puldur və Rusiya 30 ildə bir dəfə də olsun Qazaxıstanın təkərlərinə çomaq soxmayıb. Heç vaxt heç bir problem olmayıb. Bilirsiniz, niyə? Çünki Rusiyanın Tengiz-Novorossiysk kəməri ilə neft nəqlindən əldə etdiyi gəlir 52% təşkil edir. Qazaxıstanın gəliri 19%, Qərb tərəfdaşlarının gəliri isə 31-33%-dir.

Niyə ən çox qazancı Rusiya əldə edir? Çünki ərazi Rusiyanındır, boru kəməri onundur. Rusiya neftinə qadağa qoyulması şəraitində Qərbin özü ciddi ziyana düşür, yanacağın qiymətləri kəskin şəkildə qalxdığından əziyyət çəkir. Odur ki, Xəzər Boru Kəməri Konsorsiumu daha çox qazana bilər. İnanıram ki, ilk prezident Nursultan Nazarbayevin əsasını qoyduğu çoxvektorlu xarici siyasət indi öz bəhrəsini verir və yeni imkanlar açır. Tamamilə əminəm ki, Azərbaycan və Qazaxıstan indi Qərbə enerji tədarükü baxımından çevik hərəkət etməlidirlər.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az


Teqlər: Sanksiya  





Xəbər lenti