Təcavüzə dəstək də təcavüzdür… Yoxsa Qərb belə düşünmür?

 Təcavüzə dəstək də təcavüzdür…  Yoxsa Qərb belə düşünmür?
  28 Mart 2022    Oxunub:2057
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda mütəşəkkillik nümayiş etdirən Qərb özü döyüşlərə qatılmasa da, Ukraynaya hərbi yardımın həcmini daha da artırdı. Sözsüz ki, bu fonda Moskva da təklənmədiyini, onun hərəkətini dəstəkləyən, hətta hərbi yardım göstərməyə hazır olan ölkələrin olduğunu sübut etməyə çalışır. Belə bir dəstək Ermənistandan gəldi.
Bir neçə gün əvvəl kəşfiyyat məlumatlarına istinad edən “Haber Global” telekanalı Ermənistanın 4 ədəd "Su-30" tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotlarla birgə Rusiyanın tabeliyinə verdiyi barədə xəbər yayıb. Bu qırıcıların Ukraynaya qarşı istifadə olunmaq üçün Rusiyaya göndərildiyi bildirilir. 2020-ci ilin mayında aldığı bu çoxfunksiyalı perspektivli qırıcıları Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya verməklə, Ermənistan faktiki olaraq təcavüzkarların düşərgəsində yer alır.

Bu vəziyyətdə Rusiyanın total şəkildə təcrid olunması üçün bütün ölkələrə açıq-aşkar və dolayısı ilə təzyiq göstərən Qərbin Ermənistanın təcavüzkara dəstəyini necə qiymətləndirəcəyi böyük maraq doğurur. Vaşinqton hətta Çin və Hindistan kimi nəhəng dövlətlərin ünvanına təhdidlər yağdırmaqdan belə çəkinmir. Qərəzdən ağlını itirmiş Britaniyalı deputat Marqaret Hocun parlamentdə guya Rusiyanı dəstəkləyən Azərbaycanla Qazaxıstanı cəzalandırılması barədə sərsəm təklifi də yaddaşlardan silinməyib. Rusiyanı siyasi-mənəvi baxımdan dəstəkləyən, iqtisadi əlaqələri qırmayan və onunla İttifaq dövlətində təmsil olunan Belarusa qarşı isə sərt sanksiyalar çoxdan tətbiq edilir.

Bu məntiqlə Qərbin Ermənistana qarşı da sərt addımlar atması günün tələbinə çevrilir. Amma onilliklər boyu öz xarici siyasətini ikili standartlar təməli üzərində quran Qərb bunu edəcəkmi? Sağlam məntiqlə düşünsək, birmənalı şəkildə etməlidir. Çünki Qərb özü Rusiyanın Ukraynaya müdaxiləsini təcavüzkar müharibə adlandırırsa, deməli Ermənistan bu addımı ilə özünü həmin müharibənin iştirakçısına çevirir.

Görəsən, Marqaret Hoc kimiləri Ukraynaya humanitar yardımlar göndərən, onun ərazi bütövlüyünü dəstəkləyən Azərbaycanla təcavüzkara ölüm saçan qırıcılar göndərən Ermənistan arasındakı fərqi görmək üçün bəsirət gözlərini və pambıq tıxanmış qulaqlarını açacaqlarmı?

Maraqlıdır ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərində SSRİ-nin və Rusiyanın ifrat ermənipərəst rəhbərliyinin Ermənistanı necə silahlandırmasına da göz yuman Qərb təcavüzkarı dəstəkləyən Moskvaya heç "gözün üstə qaşın var" demədi. Heç olmasa indi, Rusiya ilə ölüm-dirim qarşıdurması apardığı bir vaxtda, Qərb "ikili standartlar" siyasətinə xitam verəcəkmi? Bu sualın cavabı çox müəmmalara aydınlıq gətirəcək.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Ukrayna   Ermənistan  





Xəbər lenti