“Ərzaq böhranına qarşı səfərbər olmalıyıq” – Türkiyəli ekspert (Müsahibə)

   “Ərzaq böhranına qarşı səfərbər olmalıyıq” –    Türkiyəli ekspert (Müsahibə)
  04 Aprel 2022    Oxunub:2712
“İyun ayında böhran daha da dərinləşəcək və gözlə görünən qiymət artımları yaşayacağıq. Bunun qarşısını almağın yeganə yolu məhsul istehsalının artırılmasıdır. Başqa çarəmiz yoxdur, fermerlərimizi buna səfərbər etməli, əkinçiliyə bir müharibə kimi baxmalıyıq”.
Bu sözləri AzVision.az -a müsahibəsində Türkiyədən olan kənd təsərrüfatı üzrə ekspert, “Agro TV”nin rəhbəri Doğan Başaran deyib. Onun sözlərinə görə, istər Azərbaycan, istərsə də Türkiyənin kənd təsərrüfatı sahəsində müəyyən ləngimələr olacaq. Amma digər ölkələrdə vəziyyətin ağırlığı daha çox hiss olunur. Məsələn, Avropada infliyasiya ciddi şəkildə artıb.

- Müharibədən öncə də taxılın qiymətinin artımı müşahidə olunurdu. Taxıl satan iki ölkənin müharibəsindən sonra vəziyyət necə olacaq?
- Bu iki ölkə təkcə Türkiyəyə ildə 5 milyon ton buğda satırdı. Türkiyə ildə 450 ton yağ ehtiyacını Ukrayna və Rusiyadan idxalın hesabına qarşılayırdı. Azərbaycanın vəziyyəti də təxminən oxşardır. Müharibə başlayandan sonra Türkiyədə bir ayın içində unun qiyməti 22% artdı. Maye yanacaq 30%-dən çox bahalaşdı. Bu problemləri Avropa da yaşayır.

- Bəs bunun həlli varmı?
- Əlbəttə, var. Mart və Aprel ayları şəkər çuğunduru, qarğıdalı, pambıq kimi bitkilərin əkini vaxtıdır. Türkiyə və Azərbaycan mütləq əkin sahələrini artırmalı və əkilməyən torpaq saxlamamalıdır. Əks halda məhsul yığımı zamanı - yəni iyun ayında güclü qiymət artımları yaşayacağıq.


- Vaxtında addımlar atılsa böhranı fürsətə çevirmək mümkündürmü?
- Mövsümə hələ başlamamışıq. Əkilməmiş çox torpaqlarımız var. Əkilə biləcək bütün torpaqlarda dünyanın ehtiyac hiss etdiyi sənaye bitkiləri əkib, məhsul yığımı vaxtına hazırlaşmalıyıq. Əks təqdirdə buğda, qarğıdalı kimi məhsulları başqa ölkələrdən almaq məcburiyyətində olacağıq. Bu məcburiyyət bizə çox yüksək məbləğlərə başa gələcək. Belə olmaması üçün kənd təsərrüfatlarımızda səfərbərlik elan edilməlidir.

- Türk Dövlətləri Təşkilatı bu vəziyyətdə böhranın öhdəsindən birlikdə gəlmək üçün hansı addımları ata bilər?!
- Yaxın müddətdə nəsə etmək çətindir. Qəbul etməliyik ki, Azərbaycan və Türkiyədən başqa digər türk dövlətlərind Rusiya və Çinin çox böyük təsirləri var. Qısa müddətdə türk dünyasının bu böhrana qarşı birlikdə mübarizə aparması mümkünsüz görünür. Ancaq Türkiyə və Azərbaycan bu işbirliyini həyata keçirəcək gücə və potensiala sahibdirlər. Məsələn, Azərbaycanda buğda əkiminə yararlı 600 min hektardan çox torpaq var. Türkiyədə 7 milyon hektar ərazidə buğda əkilir. 20 milyon ton buğda əldə edirik. İki ölkə özünə çata biləcək qədər taxıl istehsal edə bilər. Ancaq əvvəlcə əkinçiliyin səmərəsi artırılmalıdır. Azərbaycanın işğaldan azad edilən torpaqları dünyadakı ən münbit torpaqlarıdır. Hər şey əkilə və istehsal oluna bilər. Ölkələrimiz kənd təsərrüfatında sahəsində özünü təmin edə biləcək ölkələrdirlər. Biz bu böhrandan rahatlıqla çıxa, hətta ixrac edəcək səviyyəyə yüksələ bilərik. Bunun üçün sadəcə kənd təsərrüfatı sahəsində texnologiyaları və məhsuldarlığı artırıb, əkinçiliyə bir müharibə kimi baxmalıyıq.

Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: Ərzaq-təhlükəsizliyi  





Xəbər lenti