NATO-suz Avropa Təhlükəsizliyi mümkündürmü?

// Avropa İttifaqının “Strateji kompası” nə göstərir

   NATO-suz Avropa Təhlükəsizliyi mümkündürmü?
  06 Aprel 2022    Oxunub:2172
Mart ayında Avropa İttifaqı ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə təşkilatın tarixində ilk dəfə olaraq Birliyin müdafiə strategiyasını – “Aİ Strateji Kompasını” təsdiqləyiblər. Əslində bu, yaxın gələcək üçün təhlükəsizlik sahəsində fəaliyyət planıdır və ona əsasən assosiasiya ölkələri öz müdafiə səviyyələrini qaldıra biləcəklər. Onun üzərində son iki il ərzində iş aparılıb və bundan sonra müntəzəm davam etdiriləcək - növbəti belə "kompas" 2025-ci ildə meydana çıxacaq.
Strategiyanın “Strateji Kompas” adlandırılmasının birbaşa mənası var – bir qədər məxfiləşdirilmiş 42 səhifəlik sənəd Aİ-nin bütün cəbhələrdə təhlükəsizliyi ilə bağlı narahatlıqların səbəbləri haqqında geniş icmaldır. Təbii ki, ön planda Rusiya, onunla bağlı Ukrayna, Gürcüstan və Moldovada münaqişələr var. “Politico” nəşri yazır ki, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra sənəddə bu mövzuya xüsusi diqqət yetirilib. Çünki ötən ilin noyabrında hazır olan sənədin ilkin layihəsində Rusiya ümumiyyətlə təhlükə kimi qeyd olunmamışdı. Ötən dörd ay ərzində sənəddə Rusiya Federasiyasına istinadların ümumi sayı 6-dan 19-a yüksəlib. Bəzi məsələlərdə Rusiya ilə qarşılıqlı əlaqənin zəruriliyi ilə bağlı ifadələr isə yoxa çıxıb.

Sadalanan təhdidlər arasında daha sonra Çin, Qərbi Balkanlarda qeyri-sabit vəziyyət, Afrikanın Sahara-Sahel bölgəsində islamçı terrorizm, Yaxın Şərqdəki münaqişələr, Arktika, Hind-Sakit okean regionu və Latın Amerikasındakı problemlər var. Bundan əlavə, Aİ-yə kiberməkandan və hətta kosmosdan təhlükələrin olduğu qeyd edilib.



Hazırda Aİ-nin hərbi xərcləri ÜDM-in 1,5%-i və ya 200 milyard avro təşkil edir. Birliyin baş diplomatı Josep Borrelin sözlərinə görə, bu, Rusiyanın hərbi xərclərindən az qala dörd dəfə çox, Çinin müdafiə xərcləri ilə, demək olar ki, eynidir. Lakin Brüssel bunun kifayət etmədiyi qənaətindədir. "Biz daha çox və daha səmərəli xərcləməliyik", - Borrel deyib.

Aİ özünü necə müdafiə edəcək?

Sənəd Aİ-nin gələcək işini dörd bənd üzrə əks etdirir:
• böhran vəziyyətlərində çevik və qətiyyətli fəaliyyət;
• vətəndaşların sürətlə dəyişən təhlükələrdən qorunması;
• imkanlara və texnologiyaya investisiya qoyulması;
• ümumi məqsədlərə nail olmaq üçün digər ölkələr və təşkilatlarla əməkdaşlıq.
Proqramda Avropa İttifaqının çevik yerləşdirmə qüvvələrinin yaradılması üzrə konkret plan da var - müxtəlif böhranlar zamanı o, 5000-ə qədər hərbçini operativ yerləşdirə biləcək. Almaniya artıq belə əsgərləri öz ordusundan təmin etməyi təklif edib.

Avropanın təhlükəsizliyi ilə bağlı yeniliklərin ikinci bəndinə Aİ səviyyəsində real şəraitdə əvvəllər heç vaxt görülməmiş müntəzəm təlimlərin keçirilməsi daxildir. Daha sonra sadələşdirilmiş məqsədlər - komandanlıq və nəzarət mexanizmlərini gücləndirmək, daha sürətli və çevik qərarların qəbulunu təşviq etmək, kibertəhlükələr, dezinformasiya və xarici müdaxilə ilə mübarizə qabiliyyətini artırmaq gəlir.

“Gələcək nəsillərin imkanlarına” və strateji müdafiə vasitələrinə investisiyalar planlaşdırılır. Bu məqsədlər üçün Avropa Müdafiə Agentliyində yeni mərkəz yaradılacaq. Bundan əlavə, Avropa İttifaqı öz kosmik strategiyası üzərində də işləyəcək.

Aİ Şurasının qəbul edilmiş müdafiə konsepsiyası ilə bağlı bəyanatında deyilir: "Etibarsız təhlükəsizlik mühiti bizdən keyfiyyətcə irəliyə doğru sıçrayış etməyi, fəaliyyət qabiliyyətimizi və hazırlığımızı artırmağı tələb edir".

Aİ NATO asılılığından çıxa bilərmi?

Ekspertlər razılaşırlar ki, qəbul edilmiş yol xəritəsi alyansın tarixində hər hansı yeni tarixi mərhələdən danışmağa əsas vermir. Hazırda bu, Aİ-nin hərbi-siyasi fəaliyyətdən uzaqlaşdığı dövrün bitdiyini göstərmək üçün sırf simvolik bir addımdır. Amma avropalılar NATO-dan asılılığı etiraf edir və alyansa hər zamankından daha çox ehtiyac olduğunu deyirlər. Avropada Amerikada siyasi inkişafın növbəti mərhələsində prioritetlərin dəyişə biləcəyi ilə bağlı qorxular var, çünki bu, məsələn, Donald Trampın dövründə baş vermişdi.


Aydındır ki, NATO hərbi əməliyyatları idarə etmək üçün Avropa İttifaqının keçmişdə yaratdığı bütün strukturlardan hələ də istifadə edir. Avropanın təhlükəsizliyini yaxşılaşdırmaq üçün də tədbirlər görülüb, lakin onların həyata keçiriləcəyinin nə dərəcədə mümkün olacağını söyləmək hələ ki çətindir.

Avropa İttifaqının ümumi hərbi qüvvə yaratmaq cəhdlərini vaxtaşırı gündəmə gələn “köhnə söhbət” hesab etmək olar. 1990-cı illərin sonundan etibarən Aİ NATO-dan asılı olmayan müdafiə siyasətini elan edib. Ancaq bu asılılıq çox güclü olduğundan indiyə qədər heç nə edə bilməyiblər. Məsələn, 2000-ci illərin əvvəllərində amerikalıların təzyiqi ilə belə bir qərar qəbul edilib ki, Aİ sülhməramlı əməliyyatları yalnız NATO-nun istədiyi yerdə və vaxtda keçirə bilər.

Yeni strategiya bu tipli ilk sənəd deyil. 2016-cı ildə Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası qəbul edilib. Amma reallıqda Rusiyadan təhlükə olduğu halda, Aİ ölkələrinin NATO-dan çıxmaq barədə qərar qəbul etmələri ehtimalı azdır. Bunu həm bacarmazlar, həm də istəmirlər. Uzun müddətdir ki, Aİ-nin müstəqilliyinə doğru istənilən hərəkətin qarşısını əvvəlcə Britaniya və Polşa, indi də Şərqi Avropa ölkələri alıblar. Odur ki, bu cür sənədlər yazılsa da, praktikada işlər irəli getmir.

Nadir Qocabəyli
AzVision.az



Teqlər: Avropa-İttifaqı   Strateji-Kompas  





Xəbər lenti