“Problemlər hələ qabaqdadır”

// “Müharibə dayanmasa ərzaq problemi kəskinləşəcək” – Sadettin İnan

   “Problemlər hələ qabaqdadır”
  07 Aprel 2022    Oxunub:3362
Rusiya-Ukrayna müharibəsi artıq dünya üçün ciddi iqtisadi problemlər yaratmağa başlayıb. Xüsusilə də qida məhsullarının qiyməti qalxır, tədarükündə çətinliklər yaranır. Türkiyəli iqtisadiyyat yazarı Sadettin İnanın AzVision.az-a dediyinə görə, əhalinin təlaşı qıtlığa səbəb olur. Məsələn, Türkiyədə “yağ tapılmayacaq” təşvişi yayılandan sonra marketlərdə olan məhsullar “talan edildi”.
- Bu sıxıntıları sadəcə Türkiyə yaşamır. Rusiya və Ukrayna Avropaya bir çox məhsul tədarük edirdilər. Təbii ki, indi həmin məhsulların, xüsusilə buğda və günəbaxan yağının qiymətində artım qaçılmazdır. Əkinçinin müharibə səbəbindən işini görə və ya sanksiyalar üzündən sata bilməməsi qiymətləri qaldıracaq. Bütün sektorlarda problemlər yaranır və hələ yaranacaq. Müharibənin dayanmayacağı təqdirdə dünya ölkələri çox böyük çətinliklə üzləşəcəklər. Rusiya və Ukrayna ilə birbaşa ticarət əlaqələri olmayan ölkələrdə də piştaxtalardakı qiymət artımı hiss ediləcək.

- Müharibədən öncə də qiymətlərdə yüksəlmə müşahidə olunurdu. Bu nə ilə əlaqəli idi?
- Səbəb quraqlıq və pandemiyaya görə əkinçiliyin ləngiməsi idi. Ümumiyyətlə, pandemiya dövründə biz ölkələrin qida probleminə həssaslığını da müşahidə etmişdik. Məsələn, Çin hər ehtimala qarşı buğda ehtiyatlarını çoxaldıb. Əksər ölkələrdə belə bir refleks yaranmağa başladı. Bu səbəbdən müharibədən öncə də buğdanın qiyməti artırdı. Çinin buğda ehtiyatlarının daha da böyütməsi həm də qiymətləri düşünərək atılan addım idi. Ardınca müharibənin başlaması ilə qiymət artımı yeni impuls aldı.

Neftin qiymətinin yüksəlməsi də bahalaşmaya ciddi təsir edir. Əkinçi və fermerin dizel yanacağından istifadə etdiyini nəzərə alsaq, məhsulun bahalaşması qaçılmaz olacaq. İqtisadiyyatın qaydaları belədir. Əgər istehsal yoxdursa, təchizat çatışmazlığı və tələbdə həddindən çox artım varsa, ölkələr öz vətəndaşlarını düşünüb, qiymətlərə baxmadan, haradan nə tapsalar, alacaqlar. Təbii ki, bu da qiymətlərdə əksini tapacaq. Yəni dünyanı çox sıxıntılı günlər gözləyir.

- Bəzi ekspertlər böhranları həm də fürsət sayırlar. Siz necə düşünürsünüz türk dövlətləri bu böhranı fürsətə çevirə bilərlərmi?
- Türkiyədə kənd təsərrüfatından yazan bir jurnalist olaraq bu sualı araşdırmışam. Bildiyiniz kimi, Türkiyə qırmızı ət ehtiyacını təmin etmək üçün heyvan idxal edən ölkədir. Ya Avropadan edirik, ya da Cənubi Amerikadan. Ancaq biz bunu yaxınlıqda yerləşən Azərbaycandan da ala bilərdik. Azərbaycanda ətin qiyməti Avropa və Cənubi Amerikaya baxanda olduqca ucuzdur. Sual yarana bilər ki, niyə biz Azərbaycan əvəzində gedib, Cənubi Amerikadan alırıq? Dünya Səhiyyə Təşkilatının bizə qoyduğu qaydalara görə. Türkiyəyə müəyyən kriteriyalar qoyublar ki, əti ancaq onlara cavab verən ölkələrdən ala bilərik. Bu kriteriyalara cavab vermədiyinə görə, bizim Azərbaycandan ət almağımız qadağandır. Bu məsələ həll oluna bilərmi? Təbii ki bəli. Həm qardaş ölkə ilə ticarət edəcək, həm də məsafə baxımından daha yaxın ölkədən alacağıq. Ancaq Türkiyə-Azərbaycan münasibətlərinin tarixdə ən yüksək səviyyədə olmasına baxmayaraq, bu sahədə hələ ki heç bir addım atılmayıb.

Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: Bahalaşma  





Xəbər lenti