Fransa prezident seçir: Sürpriz mümkündürmü?

   Fransa prezident seçir:    Sürpriz mümkündürmü?
  10 Aprel 2022    Oxunub:2776
Bu gün Fransada prezident seçkisi keçirilir. Seçkidə iştirak edən 12 nəfərdən üçünün ikinci mərhələyə keçmək şansı daha yüksəkdir. Sorğular göstərir ki, hazırkı prezident Emmanuel Makron 26,5 faizlə liderlik edir, onu sağdan və soldan 23 faizlə Marin le Pen ilə 16,5%-lik reytinqlə Jan-lük Melanşon sıxışdırırlar.
Qalan namizədlərin, o cümlədən, seçki kampaniyası dövründə Qarabağa qanunsuz səfəri ilə gündəm yaratmış Valeri Pekres və başı qalmaqallardan əskik olmayan “Fransanın Trampı” ləqəbli Erik Zemmurun mərhələni keçmək şansı yoxdur.


Makronun müharibə yeni başlayanda Putinlə danışıqları, Ukraynada sülh üçün fəaliyyəti və özünü Zelenskiyə bənzədərək çəkdirdiyi şəkillər ona müəyyən reytinq qazandırmışdısa, seçki ərəfəsində həmin xalları yavaş-yavaş itirməsi problem yarada bilər. Çünki müharibə uzanıb, sülhdən xəbər yoxdur, sosial problemlər, bahalaşma isə əhalini xarici siyasətdən daha çox narahat etməkdədir.

Emmanuel Makron "acıların cocuğu" obrazında

Belə bir şəraitdə sorğuların nəticələrinə başçılıq edən namizədlərin hər ikisi – Makron da, le Len də reytinq itirirdilər, amma Makron daha sürətlə itirdiyindən, aralarındakı fərq azalırdı.

Makron birinci seçkidə dəyişiklik vəd edən fiqur kimi təqdim olunurdusa, indi əksinə, “sabitliyin namizədi” mövqeyindən çıxış edir. Ona əsasən “təki lap pis olmasın” şəklində düşünən insanlar səs verəcəklər.

Marin le Pen isə əsasən köhnə günlərin nisgili ilə yaşayan, maskasız, vaksinsiz, “sarı jiletlilər”siz və miqrantlarsız Fransa arzulayan orta yaşdan yuxarı nəslə xitab edir.

Üçlüyü qapadan Jan-lük Melanşonun əsas kontingenti siyasətin mərkəzi mövzularından kənarda qalan əyalətlərdəki enerjili kütlədir.

Seçkinin əsas çəkişməsi bu üçlükdən hansı ikisinin növbəti tura keçəcəyi ilə bağlıdır. Məhz bu sualın cavabı son 5 ildə Fransa xalqının düşüncəsinin hansı istiqamətdə dəyişdiyinə aydınlıq gətirəcək.

Samir Quliyev
AzVision.az


Teqlər: Fransa   Seçki  





Xəbər lenti