Sərf etməyən istilik

// Kombilərin mərkəzi sistemlərlə əvəzlənməsi realdırmı?

   Sərf etməyən istilik
  12 Aprel 2022    Oxunub:2706
Qış mövsümünü yola salsaq da istilik mövzusu yenə gündəmdədir. İndi də yaşayış binalarında mənzillərin sahibləri tərəfindən fərdi qaydada deyil, mərkəzləşdirilmiş istilik sistemləri vasitəsilə qızdırılmalı olduğu fikri ortaya atılıb. Əsas arqument ondan ibarətdir ki, fərdi istilik sistemlərindən istifadə ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Yaşayış binalarında mərkəzi istixana sistemlərinin qurulması ilə bağlı bir neçə qurumla əməkdaşlıq təşəbbüsləri də irəli sürülüb.
Bu nə dərəcədə realdır?! Fərdi şəkildə əldə edilən istilik səmərəli başa gəlir, yoxsa mərkəzi qaydada təşkil olunarsa?!

Başlayaq ikinci sualdan. Xərc çəkib, kombi sistemi quranlar təsdiqləyə bilərlər ki, bu yolla istilik heç də ucuz başa gəlmir. Buna görə ayda qaza və elektrik enerjisinə görə kifayət qədər pul ödənilir. Təxminən, 65-85 manat arası... Tarif (qiymət) Şurası tərəfindən keçən ilin noyabrın 1-dən etibarən qaz istehlakına dair yeni qiymətlər (1200 kubmetrdən az istifadəyə görə 12 qəpik, 1200 kubmetrdən çoxa 20 qəpik, 2500 kubmetrdən artığa görə isə 25 qəpik) müəyyən edildikdən sonra kombisi olanların əksəriyyəti 1200 kubmetr limiti qışın elə ilk ayındaca keçdilər. “Azəriqaz” İB rəhbərliyi də etiraf edib ki, ötən il abonentlərin bir hissəsi 1200 kubmetri keçməsə də, 80 faizdən çoxu 2500 kubmetrə qədər istifadə edib və hətta bir hissəsi 2500 kubmetri də aşıb. Çünki kombi hesabına istilik həqiqətən baha başa gəlir. Mərkəzləşdirilmiş qaydada tarif (1 kvadratmetr üçün 15 qəpik) bundan dəfələrlə aşağıdır.

Odur ki, binalara mərkəzi qaydada istilik verilərsə, mənzil sahiblərinin xərclədikləri vəsait dəfələrlə azalar. Bu sahədə iş düzgün qurularsa, maya dəyəri xeyli düşər. Bəzi hesablamalara görə bir mənzildə istehlak olunan qazın həcmilə bütün binanı istiliklə təmin etmək mümkündür. Lakin...

Məlumdur ki, bu işə cavabdeh “Azəristiliktəchizat” ASC-dir. Qurumun 563 qazanxanası var ki, bunların vasitəsilə 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilir. Daha doğrusu, təmin olunmalıdır. Ancaq adı çəkilən qurum dövlətin dotasiyası hesabına fəaliyyət göstərdiyindən (mövcud olduğundan), onunla “Azəriqaz” İB arasında borc məsələsi hər il qış ayları öncəsi gündəmi zəbt edir. O səbəbdən ki, sonuncu göstərdiyi xidmətə görə əldə etdiyi yığım hesabına əməkdaşlarının maaşlarını güclə ödədiyindən, digər xərclərin öhdəsindən gələ bilmir. Dövlət büdcəsindən “Azəristiliktəchizat” ASC-yə ayrılan 40 milyon manatdan çox subsidiya ildən-ilə artırılır. Bununla da qurumun gəlirlərilə xərcləri arasında zərər nisbətən aradan götürülür. Qurumun zərərləri ildən-ildən artdığına görə subsidiyanın məbləği də hər il yüksəldilir.


Ümumiyyətlə, hər bir fərdi qaydada təşkil olunan isitmənin mərkəzləşdirilmiş istilik sistemlərilə əvəz edilməsi təşəbbüsü hələ real deyil. Və bu, yaxın 5-10 ildə belə baş tutan məsələ sayılmır. Əvvəla, dövlətin buna müvafiq vəsaiti yoxdur. Dövlət ölkə əhalisini istiliklə təmin etmək üçün hər il subsidiya, yəni əvəzi gözlənilmədən milyonlarla vəsait ayırdığı halda, digər tərəfdən də əksəriyyətin məhz sırf fərdi istilik sistemlərindən istifadə etməsi nəticəsində enerji israfçılığı və itkisilə yüklənir.
İkincisi, bunun üçün müvafiq həll mexanizmi yoxdur və ümumiyyətlə, belə bir mexanizmi yaratmaq müşkül məsələdir.
Üçüncüsü də, kombi avadanlıqları və biznesi ilə məşğul olan şəbəkənin mənafeyi və maraqlarına qarşı yalnız müvafiq dövlət proqramı siyasəti vasitəsilə çıxmaq mümkündür.
Bəs, çıxış yolu nədir?

Məlumdur ki, ölkədə qazlaşdırma yüksək səviyyədədir: təxminən, 95 faizin üzərində. Lakin tələbat eyni səviyyədə dayanıb qalmayıb - durmadan artır. O cümlədən, elektrik enerjisi üzrə də. Odur ki, xüsusən əhalinin bunlardan istifadəsi - kommunal xidmət elə təşkil olunmalıdır ki, səmərəlilik yüksəlsin və əsas qayəyə çevrilsin. Bəli, kombilər təbiətə ziyandır, ancaq vətəndaşların da cibləri üçün sərfəli deyil. Mərkəzləşdirilmiş istilik sistemlərinin təşkili isə həm vətəndaşlar, həm də dövlət üçün səmərəli və məqsədəuyğun olsa da, hökumətin cibinə uyğun deyil. Ona görə də birinci yol Azəristiliktəchizatı özəlləşdirməkdən keçir. Məsələ yalnız bundan sonra həllini tapmağa başlaya bilər.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Kombi  





Xəbər lenti