“İTV-nin sədri dəyişməyəcək”

“İTV-nin sədri dəyişməyəcək”
  04 Aprel 2013    Oxunub:1602
“Mən düşünmürəm ki, bu saat kimsə ora ciddi şəkildə öz namizədliyini irəli sürsün”
Bu sözləri AzVision.az-a açıqlamasında hüquqşünas, media eksperti Ələsgər Məmmədli deyib. Onun sözlərinə görə, “İctimai” televiziyasının Yayım Şurasının üzvləri üçün məhdudiyyət var və onlar iki dəfədən artıq seçilə bilməzlər.

“Ancaq baş direktorla bağlı hər hansı bir məhdudiyyət yoxdur. O icraçıdır və qabiliyyətinə görə seçilir. O, seçkili struktur deyil. Düzdür onu Yayım Şurası müsabiqə qaydasına keçirir. Amma bir şəxs bir dəfə, iki dəfə və ya müəyyən vaxta qədər baş direktor ola bilər. Qanunda bir məhdudiyyət yoxdur”.

Hazırda bu vəzifəyə gələcək namizəd kimi görürsünüz sualına isə, media eksperti belə cavab verib: “Mən düşünmürəm ki, bu saat kimsə ora ciddi şəkildə öz namizədliyini irəli sürsün. Çünki orada İsmayıl Ömərov kifayət qədər işi yaxşı qurub və işini aparır. Elə bir problem yoxdur, əsas problem Yayım Şurasının formalaşması ilə əlaqədardır. Əgər Yayım Şurasının formalaşmasında daha şəffaf bir prosedur müəyyən olunsaydı, məncə o zaman yayım şurasısın verəcəyi qərarlar daha fərqli olacaqdı. Ona görə də, Yayım Şurasından mən fərqli qərar gözləmirəm. Onlar mövcud baş direktoru təsdiqləyəcəklər”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər tələb olunan sənədləri 4 aprel 2013-cü il tarixdən 19 aprel 2013-cü il tarixədək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra «İctimai Televiziya və Radio Yayımı haqqanda» Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və Radio Yayım Şurasına təqdim ediləcək

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti