“ATƏT-in Minsk Qrupu turizm agentliyidir” – Latviyalı ekspert

"İqor Xovayev Bakı ilə İrəvan arasında barışıq yaradacaq şəxs deyil"

   “ATƏT-in Minsk Qrupu turizm agentliyidir” –    Latviyalı ekspert
  20 Aprel 2022    Oxunub:2362
“İqor Xovayevin yardımı ilə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması məsələsində heç bir perspektiv görmürəm. O, İrəvanla Bakı arasında münasibətləri normallaşdıracaq şəxs deyil”. Bu sözləri Rusiya xarici işlər nazirinin İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına yardım məsələləri üzrə xüsusi nümayəndəsinin təyin olunmasını AzVision.az-a şərh edərkən Latviya Silahlı Qüvvələrinin istefada olan yüksək rütbəli zabiti, hərbi ekspert Eynars Qraudinş deyib.
- İqor Xovayevin Bakı ilə İrəvan arasında barışıq baxımından uğurlu fiqur olduğunu düşünmürəm,- Qraudinş vurğulayıb.- Birincisi, bu diplomatın münaqişə tərəfləri arasında danışıqlar aparmaq təcrübəsi yoxdur. Onun bu məsələ üzrə fəaliyyəti ilə bağlı heç bir məlumat əldə edə bilmədim. Tərcümeyi-halına nəzər salsanız, o, Rusiyanın Vyetnamdakı səfirliyində məsləhətçii vəzifəsində çalışıb. 2015-ci il martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiya Federasiyasının Filippin Respublikasında, eyni zamanda Palau Respublikasında və Mikroneziya Federativ Dövlətlərində fövqəladə və səlahiyyətli səfir olub. Maraqlıdır, Rusiya Federasiyası bu diplomatı Rusiya xarici işlər nazirinin İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına yardım məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edərkən hansı meyarları rəhbər tutub?

- Brüssel də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün səylər göstərir. Brüsselin vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması perspektivlərini necə qiymətləndirirsiniz?
- Avropa Şurası və Aİ iki münaqişə tərəfini sülhə gətirməyə qadir olan strukturlar deyil. Biz Brüsselin Rusiya-Ukrayna müharibəsi ilə bağlı özünü necə apardığını görürük. Ukrayna hadisələri ilə bağlı Avropa ölkələri arasında vahid mövqe, vahid hərbi və xarici siyasət yoxdur. Brüssel Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün heç nə etməyib. O halda Ermənistan-Azərbaycan münaqişəsi üçün nə edə bilər? Prezident Makron prezident Putinə dəfələrlə zəng vurub, hə, nə olsun?! Nəsə dəyişib? Əlbəttə, yox! Ümumiyyətlə Brüsselin Ukraynaya münasibətdə davranışından çox məyus oldum. Son on il ərzində Avropada heç olmasa bir hərbi və ya etnik münaqişənin həllinə kömək etməsini xatırlamıram. Tarixdə belə nümunələr yoxdur.

- Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Qarabağ üzrə Minsk qrupunun mandatının de-fakto etibarsız olduğunu bildirib. Siz bu barədə nə düşünürsünüz?
- Burada vəziyyət son dərəcə acınacaqlıdır, çünki mən ATƏT, ATƏT-in Minsk qrupunun mandatı, Minsk danışıqları haqqında eşidəndə bu Avropa strukturunu istər-istəməz Ukrayna ərazisində baş verən geosiyasi faciə ilə əlaqələndirməli oluram. ATƏT uzun müddət Ukraynada işləyib, sülh yaradıb. Nəticə bu gün göz qabağındadır. ATƏT-in Minsk Qrupu münaqişə zonalarını, münaqişə edən ölkələrin paytaxtlarını gəzən bir sıra məmurlar üçün Avropanın turizm və səyahət agentliyidir. Maaşlarını alıb, vaxtaşırı bəzi hesabatlar yazırlar. Bu özünəməxsus cəfəng bir fəaliyyətdir. Çünki onilliklər keçsə də, münaqişə davam edir, insanlar ölür.

Mən ATƏT-in etnik və ya ərazi münaqişələrinin həllində iştirakına son dərəcə mənfi baxıram. Ola bilsin, Ermənistan-Azərbaycan münaqişəsinin həllində bəzi ölkələr vasitəçi ola bilər. Məsələn, Çin və Türkiyə kimi. Bu ölkələr hazırda dünyada geosiyasi çəki qazanırlar. Rusiyaya gəlincə, bu gün o, son dərəcə çətin beynəlxalq təcrid vəziyyətindədir, bunu etiraf etmək lazımdır. Lakin bu o demək deyil ki, Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması prosesində real olaraq iştirak edə bilməz.

Nadir Quliyev



Teqlər: Minsk-qrupu   Avropa-İttifaqı   Rusiya  





Xəbər lenti