“Erməni soyqırımı” əsatirinin iflası

   “Erməni soyqırımı” əsatirinin iflası
  24 Aprel 2022    Oxunub:3698
Artıq neçə illərdir ki, erməniçilik ideoloqları və onların xarici havadarları aprelin 24-nü “erməni soyqırımı” günü kimi qeyd edir və bu “həqiqəti” beynəlxalq aləmə danılmaz “tarixi” fakt kimi sırımağa çalışırlar. Amma bu cəhdlərin get-gedə iflasa uğraması əslində reallığa çevrilməyə başlayıb.

XIX əsrin sonlarında terrorçuluq siyasətini özünün əsas silahına çevirən erməni ruhaniliyi və erməniçilik ideoloqları xarici havadarlarının dəstəyi ilə onlara sığınacaq vermiş ölkələrin ərazilərində erməni kvazidövlətini yaratmaq üçün Cənubi Qafqaz regionunda, xüsusilə də Osmanlı imperiyasında və Azərbaycanda yaşayan xalqlara qarşı etnik təmizləmə və soyqırım aktları həyata keçirməyə başladılar. Onların xəyanətləri və terrorçuluq siyasəti regionda yaşayan müxtəlif xalqlar arasında minlərlə itkilərə səbəb olsa da, erməniçilik ideoloqlarının bütün cinayətlərini bu və ya digər şəkildə yönləndirən və dəstəkləyən kənar aktorlar məhz ermənilərin “soyqırım”a məruz qaldıqları barədə əsatiri formalaşdıraraq bu yalanın ayaq tutub yeriməsi üçün misli görünməmiş bir kampaniyaya başladılar.

Etiraf etmək lazımdır ki, müəyyən mənada buna nail də oldular. Artıq 20-dən çox ölkənin “erməni soyqırımı”nı parlament səviyyəsində tanıması, bəzi ölkələrin isə hətta bu traixi “həqiqət”in inkar edilməsinin kriminallaşdırılması barədə qərarları ağ yalanın siyasi məqsəduyğunluq kontekstində becə kara gəldiyini göstərir. Bu baxımdan, beynəlxalq erməni diasporunun və ermənilərdən daha çox erməni olduqlarını sübut etməyə çalışan qüvvələrin 2015-ci ildə “erməni soyqırımı”nın 100 illiyi münasibətilə beynəlxalq miqyaslı şou yaratmaq yönündə nümayiş etdirdikləri canfəşanlığı tam başa düşülən idi.

Amma...həmin hay-küy son nəticədə Sizif əməyi effektini verdi. Belə ki, erməniçilik ideoloqlarının və onların havadarlarının düşündüyünün əksinə olaraq, nə “erməni soyqırımı” əsatirinin qlobal miqyasda kütləvi şəkikldə tanınması baş verdi, nə də müasir Türkiyənin 100 il əvvəlki ziddiyyətli və mürəkkəb hadisələrə görə məsuliyyətə cəlb olunması barədə çağırışlar edildi. 2015-ci ildə erməniçilik ideoloqlarına və onların havadarlarına ən böyük zərbəni isə ABŞ-ın o vaxtkı prezidenti Barak Obama vurdu. Hələ 2008-ci ildə prezident seçkiləri kampaniyasında qalib gələcəyi halda “erməni soyqırımı”nı tanıyacağı barədə verdiyi vədindən qaçan B.Obama ermənilərin onilliklkər boyu səbirsizliklə gözlədikləri bu ifadəni dilinə gətirmədi.

Doğrudur, onun partiya məsləkdaşı, ABŞ-ın indiki prezidenti Cozef Bayden haqq-ədalət anlayışlarını ayaqlayaraq keçən il “soyqırım” ifadəsini işlətsə də, bunun effekti nə dediyinin belə fərqində olmayan bir qocanın asqırığından güclü olmadı. Əslində 2019-cu ilin oktyabr və dekabr aylarında ABŞ-ın Nümayəndələr Palatasının və Senatının da “erməni soyqırımı”nı tanımaları da həmin effekti vermişdi. Çünki bu “tanınma”ların Vaşinqtonun müstəqil siyasət yürüdən Ankaranı cəzalandırmaq niyyətindən qaynaqlandığı heç kimə sirr deyildi. Amma belə siyasət ABŞ-ın özünə, beynəlxalq erməni diasporuna və erməniçilik ideoloqlarına baha başa gəldi. Çünki erməni lobbisinin və onların havadarlarının Türkiyəyə qarşı “kəsərli silah” saydıqları “erməni soyqırımı”nın artıq paslı bıçaq qırığına çevrildiyi sübut olundu.

Bu “silahı” erməniçilik ideoloqlarının və onların havadarlarının özlərinin əleyhinə çevirən və bir sıra münaqişə zonalarında effektli moderator rolunda çıxış edən Türkiyənin isə qlobal miqyasda hərbi-siyasi nüfuzu durmadan artmağa başladı. Azərbaycanda hərbi iştirakını təmin edən Ankara, eyni zamanda Bakı və Moskva ilə Cənubi Qafqazda formalaşan yeni geosiyasi konfiqurasiyanın arxitektorlarından birinə çevrildi. Uzun illər boyu “erməni soyqımı” əsatirinin qlobal miqyasda qəbul olunması illüziyasına uyan və bu yöndə öz havadarlarının dəstəyinə arxalanan Ermənistan isə indi düşdüyü ağır vəziyyətdən çıxmaq üzərində baş sındırır.

Bu məsələdə yenə də öz böyük bacılarına üz tutmağa qərar verən erməniçilik ideoloqları bu gün Fransada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı prezident Emmanuil Makronu dəstəkləyəcəklərini bildiriblər. “Erməni soyqırımı”nın növbəti ildönümünə təsadüf edən bu prezident seçkiləri əslində beynəlxalq erməni diasporu üçün rekviem kimi səslənir. Çünki Fransanın və Makronun Avropa İttifaqında liderlik cəhdləri heç bir nəticə vermir. Cənubi Qafqaz siyasətində isə Makronun buraxdığı səhvlər Fransanın bu regionda postmünaqişə proseslərinə təsiri məsələsini sual altına alır. Ukraynanın Buça şəhərində yaşanan faciəni “soyqırım” adlandırmaqdan imtina edərək, soyqırım faktına siyasətçilərin yox, hüquqşünasların qiymət verməli olduqlarını deməklə isə, Fransa prezidenti əslində bu və ya digər hadisələrə siyasi məqsədəuyğunluq prizmasından yanaşdığını göstərib. Belə ki, 107 il bundan əvvəl Osmanlı Türkiyəsində baş vermiş hadisələrin məhz tarixçilər tərəfindən qiymətləndirilməsi barədə Ankaranın dəfələrlə irəli sürdüyü haqlı təşəbbüslərin qəbul olunmaması fonunda, bu gün bilavasitə şahidi olduğumuz faciə barədə Makronun bu açıqlaması bəzi ölkələrin hətta belə məsələlərdə də ikili yanaşma sərgilədiyinin əyani sübutudur.

Amma Türkiyənin və Azərbaycanın birgə səyləri nəticəsində “erməni soyqırımı” əsatirini yaradan oyunbazların manevr imkanları get-gedə daha da məhdudlaşır. Bir sıra məhkəmə qərarları isə ermənilərin havdarlarının qərəzli addımlarını ifşa etməklə yanaşı, həm də neytrallaşdırır. Məsələn, 2013-ci ilin dekabrında Avropa İnsan haqları məhkəməsi “erməni soyqırımı”nın inkarına görə “Doğu Perincek İsveçrəyə qarşı” iddiada Türkiyə Fəflə partiyasının lideri Doğu Perinceyin iddiasını təmin etdi. Bundan sonra erməni tərəfinin qaldırdığı apellyasiya iddiasına baxan Avropa İnsan haqları məhkəməsi 2015-ci ilin yanvarında Doğu Perinceyin haqlı olduğu barədə təkrar verdikt çıxardı.

Ən azı bu məqamlar sübut edir ki, artıq “erməni soyqırımı” əsatirindən qurtulmağa çalışan mütərəqqi bəşəriyyət müasir reallıqlar dünyasında yaşamağa üstünlük verir. Bu reallıq isə ilk növbədə Xocalı soyqırımı və birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərin və qətliamların təşkilatçıları və iştirakçıları olamuş Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyan, Seyran Ohanyan kimi digər cinayətkarların beynəlxalq hüquq normaları çərçivəsində öz layiqli cəzalarını almalarını tələb edir.

Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər:





Xəbər lenti