“Şimal küləyi” ilə başlayan “Erməni baharı” – TƏHLİL

// İrəvandakı aksiyaların məqsədi Paşinyanı devirmək deyil

  “Şimal küləyi” ilə başlayan “Erməni baharı” –    TƏHLİL
  28 Aprel 2022    Oxunub:5660
Vüsal Məmmədov

Ermənistanda keçirilən mitinqlərin siyasi mexanikasını başa düşmək üçün hadisələrin qısa xronologiyasından başlamaq lazımdır. Proses Nikol Paşinyanın Brüsseldən qayıdandan sonra aprelin 13-də parlamentdəki çıxışında dediyi bu sözlərdən başladı ki, dünya ictimaiyyəti Ermənistandan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımağı, Qarabağın müstəqilliyi məsələsində “plankanı aşağı salmağı” gözləyir.
Bundan sonra bəlli oldu ki, aprelin 19-da vorçapet Moskvaya – Putinin hüzuruna çağırılıb. O, hələ səfər üçün çemodanlarını yığarkən aprelin 17-də Ermənistan parlamentindəki iki əsas müxalif fraksiyadan biri olan “Şərəfim var” qrupunun lideri Artur Vanesyan İrəvanda aksiyalara başladıqlarını elan etdi.

Əgər Paşinyanın Moskvaya çağırılması ilə paralel Rusiyaya sıx bağlı olan bir siyasi fiqur davamlı aksiyalara başladıqlarını elan edirsə, deməli, məqsəd Putinlə görüş ərəfəsində vorçapetə təzyiq etmək, ona daxildən də sıxışdırılacağını başa salmaq olub. Bu zaman Artur Vanesyanın kimliyi önə çıxır. Paşinyana qarşı yeni etiraz dalğasının dirijorunun siyasi bioqrafiyası çox mətləblərdən xəbər verir.

Keçmiş kəşfiyyatçı olmur

Rusiyanın məşhur propaqandisti Vladimir Solovyovun verilişində özü haqqında “Mən peşəkar çekistəm” deyən Artur Qaqikoviç Vanesyan 1979-cu ildə İrəvanda doğulub. 1999-cu ildə Ermənistanın kənd təsərrüfatı Akademiyasını, 2003-cü ildə Sankt-Peterburq beynəlxalq iqtisadi əlaqələr institutunu bitirib. Ardınca Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Akademiyasını fərqlənmə ilə başa vurub. Hərçənd, nədə fərqləndiyini deyə bilmərik. Daha sonra Rusiya FSB-sində təkrar hazırlıq da keçib.


2018-ci ilin mayında Paşinyan hakimiyyətə gələndən sonra Vanesyanı Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin etmişdi. Amma 1 il 4 aydan sonra – 2019-cu ilin sentyabrında Vanesyan müəmmalı şəkildə istefaya göndərilib. Bunun səbəbləri haqqında hələ də heç bir dəqiq məlumat yoxdur. Versiyalardan biri budur ki, Vanesyan hakim komanda daxilində Rusiyanın maraqlarına xidmət edən kursun yürüdülməsinə qatı tərəfdar olub. Bu o vaxtlar idi ki, hələ İkinci Qarabağ Müharibəsi olmamışdı və Paşinyan açıq-aşkar Qərbyönümlü kurs seçmişdi.

Maraqlıdır ki, 2020-ci ildə 10 noyabr bəyannaməsi imzalanandan sonra Vanesyan baş nazir Paşinyana sui-qəsd hazırlamaqda suçlu bilinərək həbs edilmişdi.
2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində liderlərindən biri Vanesyan olan “Şərəfim var” bloku 5,23 % səs ilə baryeri aşa bilir. Bundan sonra Vanesyan parlamentdəki müxalifətin iki əsas cinahından birini təmsil edir.
Elə Solovyovun verilişində “Krım kimindir?” sualına “Bizimdir!.. Yəni Sizindir!” cavabını verən keçmiş çekist Rusiyanı Ermənistanın ən vacib və yaxın tərəfdaşı sayır. Hərçənd, məlum həqiqət var: Keçmiş kəşfiyyatçı olmur. Xüsusilə də əgər söhbət Rusiya kəşfiyyatından gedirsə!

“B” variantı

Təbii ki, Vanesyan onların aksiyalarına Rusiyanın hər hansı bir təsirinin olmasını qəti şəkildə inkar edir: “Rusiya kimdir ki, bizə təsir eləsin?! Rusiya bizim strateji tərədaşımızdır, amma daxili işlərimizə niyə qarışmalıdır?” Amma baş verənlərdən anlamaq çətin deyil ki, Vanesyan – Rusiyanın Ermənistanın daxili siyasətindəki “B” variantıdır.


“A” variantı – yəni keçmiş Qarabağ klanının bazasında qurulan “Hayastan” bloku da paralel aksiyalarını keçirir. Amma bu qüvvə özünü o qədər diskreditasiya edib ki, Moskvanın ona hansısa ciddi ümidləri ola bilməz. Buna görə də indi Vanesyan ön plana çıxarılır. “Hayastan” fraksiyasının rəhbəri İşxan Saqatelyan hakimiyyəti devirmək üçün proqramlarının olduğunu desə də, Vanesyanın təşəbbüsünə qoşulmayaraq, ayrıca, paralel mitinqlərini keçirirlər. Halbuki, məqsəd həqiqətən də hakimiyyəti devirməkdirsə, qüvvələri birləşdirmək daha məntiqli olmazdımı?!

“Layer cake”

Budəfəki etirazların maraq doğuran tərəfi ayrı-ayrı zümrələrin ayrılıqda meydana çıxarılmalarıdır. Sanki bilərəkdən cəmiyyət sosial seqmentlərə bölünür və nümayiş etdirilir ki, baxın, bunların hamısı – bütün təbəqələr Paşinyan hakimiyyətinin Qarabağ mövzusunda güzəştə getmək niyyətindən narazıdırlar. Buyurun, bu, elektroskuterləri və müasir musiqiləri ilə gənclikdir, Paşinyanı əlindəki təkərə salmaq istəyir; bu övladlarını müharibədə itirən əsgər anaları, bu isə müddətsiz aclıq elan edən keçmiş əsgərlərin özləridir. Və hamı mümkün “güzəşt”lərə etiraz edir. Qəribədir: Oğlu ölən analar niyə sülhə etiraz etməlidirlər ki?! Başqa anaların da oğulları ölsün deyəmi?! Bəs məğlub əsgərin motivi nədir: Özü kimi məğlub əsgərlərin və fərarilərinin sayının artmasını istəyir?!



Amma əsas çağırışlar məhz gənclərə yönəlir və ön plana da onlar çıxarılır ki, bu, xüsusi düşünülmüş sosial taktikadır. Orta və yaşlı nəsildən fərqli olaraq, gəncləri məişət, dolanışıq qayğıları basmır, patriotizm, milli qürur kimi mövzular daha çox narahat edir. Konkret Ermənistan gəncliyindən danışsaq, onlar hətta məğlubiyyətinə baxmayaraq, Paşinyana səs verən yaşlı nəsildən fərqli olaraq, Nikolaqədərki hakimiyyətin istibdadını elə də xatırlamırlar, amma Paşinyanın məğlubiyyəti ən azı qürurlarına toxunmamış deyil. Yəni hazırkı oyunu gəncliyin üstündə qurmaq həqiqətən də çox ağıllı və hiyləgər gedişdir.

Məqsədlərin reallığı

Vanesyan açıq deyir ki, Paşinyan hökuməti artıq “Artsax”ın Azərbaycanın bir hissəsi ola biləcəyi fikrini yeritməyə başlayıb: “Əgər indi Ermənistanın daxilində mübarizə başlamasa, əgər biz Paşinyanın hakimiyyətini devirməsək, bu proses mütləq baş verəcək”.


Aksiyalardakı tələblərdən asılı olmayaraq, məqsəd Paşinyanı devirmək yox, onun konstruktiv addımlardan çəkindirərək, nizamlamanın Brüsselin ssenarisi ilə inkişafına imkan verməməkdir. Belə çıxır ki, Putin Paşinyanla görüşündə ya istədiyi cavabları istədiyi şəkildə eşidə bilməyib, ya da eşidibsə belə, axıra qədər inamayıb. Buna görə də indi Paşinyanı daxili etirazlarla “buxovlayır”. Vorçapetin Qarabağdakı separatçıların özfəaliyyət dərnəyinin baş aktyoru Araik Arutunyanla Moskva səfərindən həm əvvəl, həm də sonra telefon danışıqları da bunu təsdiqləyirdi. Çox güman, indi Paşinyanın Moskvada qarşısına qoyulan şərtlərə nə dərəcədə əməl etməsinin indikatoru kimi Araik çıxış edir. Məhz onun verdiyi rəy Moskvanın Nikola münasibətdə atacağı sonrakı addımları müəyyənləşdirəcək. Daxili siyasi gərginliyin – yəni mitinqlərin dinamikası da elə bundan asılı olacaq.

Nəticə dəyişmir

Nizamlama isə davam edəcək. İrəvanda mitinqlər davam edən günlərdə Azərbaycan prezidenti İlham Əliyevin aprelin 25-də də Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi, 26-da isə Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul etməsi bunu göstərirdi.

İqor Xovayevin Bakıya gəlişi ilk növbədə Rusiyanın praktikada Minsk qrupundan imtinası deməkdir. Çünki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə varsa, Minsk qrupu artıq avtomatik offsaydda qalır. Və həmin görüşdə bir daha vurğulanıb ki, iki ölkə arasında sülh müqaviləsinin hazırlanması Azərbaycanın təqdim etdiyi 5 prinsip əsasında baş tutmalıdır. Prinsiplər də bəllidirsə, vasitəçilər üçün bir iş qalmır. Bu, ümumiyyətlə, Bakı üçün “qırmızı xətt”dir.

Aleksey Overçuk isə Rusiya hökumətində Azərbaycan və Ermənistan ilə üçtərəfli komissiyanın fəaliyyətini, Güney Qafqazda kommunikasiyaların açılmasını kurasiya edən şəxsdir. Onun Bakıya gəlişi bu deməkdir ki, Moskva ötən ilin noyabrında keçirilən görüşdən sonra yaranan pauzanı aradan qaldırmaq, fəallığı bərpa etmək istəyir. Söhbət o cümlədən də, Zəngəzur dəhlizinin açılmasından gedir. Bunu İlham Əliyev Overçuka da açıq şəkildə dedi: “Azərbaycan ərazisində artıq dəmir yolunun 60 kilometrlik hissəsi tikilib. Gələn il tikinti tamamlanacaq. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib”.

Yəni nizamlama prosesin Qərbdən, yoxsa Şimaldan yönəldilməsidən asılı olmayaraq, nəticə dəyişməyəcək: “5 prinsip” əsasında sülh müqaviləsi, kommunikasiyaların açılması. Bu labüd sonluqdur və onu heç nə dəyişə bilməz. O cümlədən də İrəvandakı aksiyalar.

Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru


Teqlər: Ermənistan   Aksiyalar  





Xəbər lenti