Sirli uçan aparat

// ABŞ Ukraynaya göndərdiyi “Phoenix Ghost”ların imkanlarını gizlədir

      Sirli uçan aparat
  02 May 2022    Oxunub:8659
Rusiya müharibəyə başlayandan sonra ABŞ Ukraynaya martin ortalarında 800 milyon dollar, aprelin əvvəlində 100 milyon, aprelin ortalarında isə 800 milyon dollarlıq paketlər daxil olmaqla, ümumilikdə 3.4 milyard dollarlıq hərbi yardım göndərib.
“Bayraktar”a köməkçi gəldi
Bu yardımların tərkibinə “Switchblade” və yeni “Phoenix Ghost” ilə yanaşı, “Stinger” zenit raketləri, “Javelin” tank əleyhinə raketləri, “Mi-17” helikopterləri, “Humvee” maşınları, artilleriya haubitsaları, atıcı silahlar, əl qumbaraatanları və döyüş sursatları daxildir.

Pentaqonun sözçüsü Con F.Kirbi Ukraynaya ən azı 120 “Phoenix Ghost” taktiki pilotsuz uçuş sisteminin tədarük ediləcəyini rəsmən təsdiqləyib. O, “Phoenix Ghost”un işğaldan əvvəl hazırlanan zərbə tipli dron olduğunu və Ukraynanın şərqindəki əməliyyat ehtiyaclarına çox yaxşı cavab verəcəyini bildirib.


Kiyev, Sumı və Çerniqov vilayətlərindən geri çəkiləndən sonra Rusiya hazırda əsas qüvvə və vasitələrini Ukraynanın şərq hissəsində hücumlarını intensivləşdirmək üçün cəmləşdirib. Bu hücumların qarşısının alınması məqsədilə ABŞ Ukraynanaya silah göndərilməsini daha da genişləndirib. Bu silah sistemləri Ukraynanın döyüş imkanlarını artıracaq, amma müharibənin gedişatını Kiyevin xeyrinə dəyişməyə imkan verəcəyi gözlənilmir.

“Phoenix Ghost” PUA-larının Ukraynaya konkret hansı üstünlüklər verəcəyi məlum deyil, çünki PUA-nın dəqiq imkanlari barədə məlumatlar yoxdur. Xüsusiyyətləri gizli saxlanılan “Phoenix Ghost”un ABŞ-ın az əvvəl Ukraynaya tədarük etdiyi “Switchblade” dronuna oxşadığı iddia olunur. Kamikadze tipli “Switchblade” PUA-sını “süzən sursat” sinfinə də aid edirlər. Bu PUA-nın müxtəlif versiyaları 10-40 kilometr məsafədə 15-40 dəqiqə arasında uça bilir.


“Phoenix Ghost” PUA-larının yüngül zirehli və zirehsiz texnikaları məhv etmək üçün nəzərdə tutulduğu ehtimal olunur. Onun fuqas döyüş başlığı mövcuddursa, piyadalar əleyhinə tətbiq edilməsi mümkündür.

“Phoenix Ghost” PUA-larının hazırda ABŞ-da hansı hərbi birliklər tərəfindən aktiv işlədildiyi məlum deyil. Onların ilk idxalçısı Ukraynadır. Başqa ölkələrə ixracı barədə məlumat yoxdur. Nə ABŞ Hərbi Hava Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi, nə də Pentaqon “Phoenix Ghost” PUA-larının imkanları haqqında şərh verirlər. PUA-nın taktiki-texniki xüsusiyyətləri barədə məlumatlara açıq mənbələrdə də rast gəlinmir.

Müşahidələrimizə və açıqlanan məhdud məlumatlara əsaslanaraq yalnız onu deyə bilərik ki, “Phoenix Ghost” PUA-ları taktiki dərinlikdə hava əməliyyatları üçün nəzərdə tutulub. Hədəfə zərbə endirilənə qədər PUA-dan kəşfiyyat məqsədləri üçün istifadə olunması mümkündür. Əsas vəzifəsi imkanlarına uyğun hədəflərə havadan hücum etməkdən və onları zərərsizləşdirməkdən ibarətdir. Optik müşahidə vasitələri və idarəetmə bloku ilə təchiz edilən PUA cəmi bir dəfə istifadə üçün nəzərdə tutulub.


PUA-nın daşınan konfiqurasiyada hazırlandığını, bir neçə dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirildiyini, istənilən ərazidən və ya müxtəlif platformalar üzərindən buraxılmasının mümkünlüyünü ehtimal edirik. Ukraynadakı hərbi əməliyyatlarda istifadə “Phoenix Ghost”un ilk döyüş tətbiqi olacaq. PUA-nın qiyməti barədə nəsə demək çətindir, diapazon 50 min ilə 100 min dollar arasında dəyişə bilər.

PUA-nın havada qalma müddətinin məhdud olacağı şübhəsizdir, bu isə onun kəşfiyyat imkanlarına mənfi təsir göstərir. PUA-lar 1-ci eşalon bölmələrinə maksimum düşmən müdafiəsinin taktiki dərinliyində yerləşən hədəfləri məhv etmək üçün faydalı ola bilər. Rəngli termal kamera və GPS bloku ilə təmin edilməsi mütləqdir. Hədəfə yönləndirilməsindən sonra operator tərəfindən zərbənin dayandırılması və yeni hədəfə yönləndirilməsi mümkün hesab edilir.

PUA-nın elektrik mühərriki ilə hərəkət etdiyini, kiçik ölçüsünü və səssiz uçuşunu ehtimal etsək, aşkarlanması da çətin ola bilər. Düşmənə qarşı “sürü” şəklində kütləvi tətbiqi mümkün olacaqsa, Rusiyanın hava hücumundan müdafiə sistemlərinə kifayət qədər yeni problemlər yarada biləcəyini də gözləməyə dəyər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:   PUA  





Xəbər lenti