Bu il ikinci sosial paket də qəbul edə bilər - TƏHLİL

// Büdcənin və qeyri-neft sektorunun vəziyyəti buna imkan verir

   Bu il ikinci sosial paket də qəbul edə bilər -    TƏHLİL
  02 May 2022    Oxunub:2930
Dünya iqtisadiyyatında inflyasiya və bahalaşmanın getdikcə gücləndiyi zamanda ölkəmizdə dövlət büdcəsi yüksək göstəricilərlə icra edilməkdədir. Proses o qədər qənaətbəxş səviyyədə gedir ki, ilin axırınadək Dövlət Neft Fondundan (ARDNF) transfert xeyli aşağı həcmdə həyata keçirilə bilər. Bu da büdcənin neftdən asılılığını azaltmaq baxımından vacibdir.
Ümumiyyətlə, 2022-ci ilin əsas maliyyə sənədində 26 milyard 816 milyon manat gəlirin 12 milyard 710 milyon manatını ARDNF-dən transfert təşkil edir. Ümumi gəlirin 54,8 faizinin və ya 14 milyard 690 milyon manatının neft, 45,2 faizinin və ya 12 milyard 126 milyon manatının isə qeyri neft-qaz sektorundan daxil olacağı proqnozlaşdırılıb.

Neft Fondundan transfert məsələsini qoyuram kənara. Büdcəyə gəlirlərin artmasının səbəbləri var. Əvvəla, bu ilin I rübündə büdcə gəlirləri proqnozlaşdırılandan 6,3 faiz (418 milyon manat) çox olaraq, 7 milyard 10 milyon manat təşkil edib ki, bunda da Dövlət Vergi Xidməti üzrə daxilolmaların nəzərdə tutulandan 23,8 faiz, Dövlət Gömrük Komitəsi üzrə isə 23,7 faiz artıq həyata keçirilməsi həlledici rol oynayıb.

İkincisi, Vergi Xidmətinin proqnozu artıqlaması ilə icra etməsinin 90 faizdən çoxu qeyri-neft sektorunun hesabına baş verib. Ona görə ki, həmin sektorda inkişaf davam edir - ilk üç ayda 10.3 faiz artım əldə olunub, üstəlik leqallaşma və şəffaflaşma prosesi gedir. Ölkədə irimiqyaslı sosial-iqtisadi islahatlar ili kimi yadda qalan 2019-cu ildə start verilən bu proses getdikcə genişlənməkdədir.
Xatırladım ki, həmin ildə Vergi Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilərək, vergi və məcburi dövlət sosial ayırma məbləğlərinin toplanması mexanizmində yeni qaydalar təsbit edildi. Və bunun müsbət nəticələrindən biri həmin il ərzində məhz dövlət büdcəsinə edilən dəyişikliklər sırasında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) nəzərdə tutulan transfertin 150 milyon manat məbləğində azaldılmasından ibarət oldu. Halbuki, 2019-cu ildə minimum pensiya məbləği iki dəfə artırılmaqla yanaşı, ilin əvvəlindən bütün əmək pensiyaları, o cümlədən, sığorta pensiya kapitalları məbləğləri indeksləşdirilmişdi.

Bu tendensiya davamlı xarakter daşımağa başladı. Belə ki, 2020-ci ildə dövlət büdcəsindən DSMF-ə transfert məbləği əvvəlki ildəki azaldılmamışdan qabaqkı məbləğə nəzərən 30, ilin ortasında azaldıqdan sonrakı məbləğə görə isə təxminən 12 faiz aşağı səviyyədə həyata keçirildi. Həmçinin, 2021-ci ildə, yəni keçən il də DSMF-in maliyyə sənədini balanslaşdırmaq məqsədilə dövlət büdcəsinin öhdəliklərini maliyyələşdirilmək üçün ayrılan vəsait 1 milyard 631 milyon 530 min 950 manat nəzərdə tutulmaqla 27 faiz aşağı məbləğdə götürüldü. Bu il üçün də dövlətin əsas maliyyə sənədindən sözügedən Fondun büdcəsini balanslaşdırmaq məqsədilə 1 milyard 145 milyon 967 min 169 manat transfert nəzərdə tutulub ki, bu da keçən ildəki məbləğdən 30 faiz aşağıdır.

Ümumiyyətlə, DSMF-nin 2018-2020-ci illərdə dövlət büdcəsindən asılılığı 10 faizdən çox azalaraq, 1 milyard 303 milyon manatdan 1 milyard 178 milyon manata düşüb. Bu sözsüz, gəlirlərin artması nəticəsində baş verib və verir. Göstərilən dövr ərzində DSMF-in gəlirlərində 39 faiz və ya 1 milyard 327 milyon manat artım qeydə alınıb ki, 2020-ci ildə 4 milyard 748 milyon manat təşkil edib. Fonda cari ilin ilk rübündə isə məcburi dövlət sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 milyard 46 milyon 700 min manat təşkil edib ki, büdcə təşkilatları üzrə artım 13,4 faiz və ya 45,7 milyon, qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 milyon manat olub.

Cari ilin I rübünün yekunlarına dair Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə Maliyyə naziri Samir Şərifov da qeyd etdi ki, Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert həcmi 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat, yəni, 423 milyon manat az icra olunub ki, bu da büdcə göstəricilərinin olduqca yüksək olması ilə əlaqədardır.
Bir nüansı da qeyd edim. İlin ilk üç ayı ərzində dövlət büdcəsindən adətən, çox xərc həyata keçirilmir. Və bu, ən çox ilin axırında, başqa sözlə desəm, son 3 ay ərzində baş verir. Ancaq bu ilin ilk üç ayı ərzində icra göstəricisi 99 faiz və yaxud 5 milyard 630 milyon manat məbləğində təşkil edib. Hələ buna rəğmən, dövlət büdcəsinin icrası nəticəsində 1 milyard 380 milyon manat məbləğində profisit əldə olunub. Söhbət Vergi Xidməti üzrə nəzərdə tutulandan 23,8, Gömrük Komitəsi üzrə isə 23,7 faiz artıq daxilolmaların və ARDNF-dən büdcəyə nəzərdə tutulan transfertin 423 milyon manat az həyata keçirilməsi müqabilindən gedir.

Yekun olaraq qeyd edim ki, son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində budcə-vergi (fiskal) siyasəti sahəsində dəyişikliklərin nəticəsi özünü hələ də göstərir. Söhbət qeyri neft-qaz sektorunda gəlirlərin artmasından və bir sıra vacib Fondlara, o cümlədən onlardan transfert, habelə mədaxildən gedir. Bu çox sevindirici haldır. Demək, islahatlar davam etməlidir.

Yeri gəlmişkən, 2020-ci və 2021-ci illərdəki aradan sonra dövlət başçımızın tapşırığı ilə bu ilin əvvəlindən icra olunmağa başlanan, maliyyə tutumu 2,1 milyard manata bərabər olan və 3,4 milyon insanı əhatə edən yeni sosial islahat paketinin davamı olaraq ikinci bir paketin də startı üçün müvafiq zəmin və imkan formalaşmaqdadır. Başqa sözlə, dövlət büdcəsinin icra vəziyyəti bu il ərzində növbəti bir sosial paketi də həyata keçirmək üçün zəmin yaradır ki, bunu getdikcə güclənməkdə olan inflyasiya da labüdləşdirir.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Sosial-paket  





Xəbər lenti