“Lukaşenko hiyləgərlik edir” – Rusiyalı ekspert

   “Lukaşenko hiyləgərlik edir” –    Rusiyalı ekspert
  04 May 2022    Oxunub:2247
Belarus prezidenti Aleksandr Lukaşenko Minsk və Moskvanın suveren dövlətlər ittifaqı qurduğunu və keçmiş SSRİ-nin digər respublikalarının gələcəkdə onlara qoşula biləcəyini bəyan edib.
“Yeni prinsiplər əsasında vahid İttifaq dövləti qurmağa çalışırıq ki, heç kim inciməsin, suveren, müstəqil dövlətlər - Belarus və Rusiya inkişaf etsinlər. Əminəm ki, belə bir ittifaqa keçmiş Sovet İttifaqının digər respublikaları da qoşulacaqlar”, - Belarus prezidenti Minskdə Rusiyanın Voronej vilayətinin qubernatoru Aleksandr Qusevlə görüşündə deyib.

Lukaşenkonun açıqlamasını AzVision.az -a şərh edən politoloq, tarix elmləri doktoru Ruslan Şevçenko bildirib ki, bu, onun növbəti hiyləgər və tədbirli oyunudur.

“O, bacardığı hər yerdə və hər yolla, bəzən gizli, bəzən açıq şəkildə Qərblə oynamağa çalışır. Bacarmadığı yerdə isə Rusiya Federasiyasına loyallıq və sədaqət göstərməyə çalışır. İndi də belə edir”,- politoloq deyib.
“Ermənistan ABŞ-ın Qafqaz oyununda karta çevrilir” – Rusiyalı politoloq

Ruslan Şevçenkonun fikrincə, əslində Lukaşenko Rusiya Federasiyası – Belarus İttifaqı dövlətinin tərəfdarı deyil. İdeyanı yalnız Belarusun Rusiya Federasiyasından böyük iqtisadi və son illərdə yaranan siyasi asılılığına görə dəstəkləyir: “2020-ci ildə "Belomaydan" uğursuzluğundan sonra o, Rusiya Federasiyası ilə yaxınlaşma istiqamətində manevr etməyə başladı. Hazırda Ukraynada müharibədə iştirak edən Rusiya qoşunlarının əlavə hissələrini öz ərazisində yerləşdirməyə razılıq verməyə məcbur olub. Ancaq bu heç bir şəkildə o demək deyil ki, o, hakimiyyətdə qalacağı təqdirdə Belarusu ilk fürsətdə tədricən Rusiyadan uzaqlaşdırmaq niyyətindən əl çəkib”.

Politoloq hesab edir ki, Lukaşenkonun Rusiya Federasiyası ilə “müttəfiqliyi” haqqında verdiyi bəyanat Putinə və bütövlükdə Rusiyaya loyallığını nümayiş etdirmək xarakteri daşıyır, vəssalam. “20 ildən artıqdır ki, Lukaşenko real Rusiya-Belarus ittifaqı yaratmaq, ona yeni üzvləri cəlb etmək üçün heç bir ciddi addım atmayıb və gələcəkdə də hər vəchlə bundan yayınacaq”,- Şevçenko bildirib.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər:   Lukaşenko  





Xəbər lenti