Əcaib erməni məntiqi – Ədalət Verdiyevin yazısı

   Əcaib erməni məntiqi –    Ədalət Verdiyevin yazısı
  06 May 2022    Oxunub:1589
Ermənilər həqiqətən də qəribə millətdirlər. Niyəsini İrəvanda davam edən etiraz mitinqləri və parlamentdə Nikol Paşinyanın çıxışı fonunda izah etməyə çalışacağam. Etirazlar "Qarabağ və Zəngəzur satıldı! Ermənistan parçalanır" şüarları ilə keçirilir.
“Qarabağ klanı”na səs verənlərin 1 faizinin belə etirazlara qoşulmamasını və mitinqdə iştirak edənlərin sayını kənara qoyuram. Etiraz edənlərin arasında bəzi gənc oğlanların erməni polisi tərəfindən baş-ayaq edilib, bölməyə aparılmasından az sonra erməni qızlarının halay çəkib yallı getməsini anlamaq həqiqətən asan məsələ deyil. Sanki, Qarabağda döyüşmək əvəzinə kolda-kosda gizlənən fərarilərin indi Qarabağ üçün hay-həşir salmasına görə həbs olunması erməni qadınların əhval-rühiyyəsinə müsbət təsir göstərir.

İkinci qəribə hal Ermənistan parlamentində çıxış edən Nikol Paşinyanın alqışlarla qarşılanmasıdır. İstənilən halda Ermənistan müharibəni məhz Paşinyanın ali baş komandan olduğu müddətdə uduzub, kapitulyasiya aktını imzalayıb, 5 milyard dollarlıq texnika və silah itkisinə məruz qalıb. Ermənistanın işğal etdiyi 10 min kv.km ərazidən geri çəkilməsi, 5 mindən çox erməni əsgərin ölməsi, 12 min hərbçinin yaralanması, 200 nəfərin qalıqlarının hələ də tapılmaması məhz Paşinyanın hakimiyyəti dövründə baş verib.

Erməni xalqını son 100 ildə ən rəzil vəziyyətə salan, onun bədbəxtliyinə səbəb olan Nikol Paşinyan çıxış edəndə idtidar partiyasının 71 deputatı utanmadan onu ayaq üstə alqışlayırlar. Ermənistan parlamentinin spikeri Alen Simonyanın ya sevincdən, ya da əl çalmaqdan gözləri də yaşarmışdı. Simonyanın erməni xalqını çox sayda bədbəxtliklərə məruz qoyan Paşinyanın hansı fəaliyyətinə əl çaldığını, nəyə və hansı gününə sevindiyini izah etmək çətin məsələdir.

Ermənistanda daha əvvəl baş verən etirazlarda adətən ən çox xəsarət alan şəxs parlamentinin spikeri olub. Buna Alen Simonyan 2020-ci ildə "gözü çıxmış qardaşı" A.Mirzoyanın acı təcrübəsini öyrənməklə əmin ola ola bilər. Odur ki, şəxsi təhlükəsizliyi baxımından Nikolu və ya digərini alqışlayanda bir gözü də çıxış qapısında olmalıdır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Ermənistan  





Xəbər lenti