Az olsun, qaz olsun!

// Avropanın təbii qaz probleminin həllində Azərbaycan hansı rolu oynaya bilər

    Az olsun, qaz olsun!
  12 May 2022    Oxunub:3558
Hazırda Avropada Rusiyanın təbii qazından imtina marafonu başlayıb. Qazın pulunu rublla ödəmək istəmədiklərinə görə Moskva əvvəlcə Polşa və Bolqarıstana “mavi yanacaq” nəqlini dayandırdı. Sırada Finlandiya və Estoniya var. Bu siyahının getdikcə artacağına isə heç bir şübhə yoxdur, çünki yaranmış vəziyyət təkcə rublla ödəniş tələbi və Ukraynadakı müharibə ilə bağlı deyil.
"Böyük yeddilik” dövlətləri qazı rublla almaq tələbini rədd edəndən sonra aydınlaşdı ki, bu, siyasi qərardır. Avropa Rusiyadan enerji asılılığından qurtulmaq niyyətindədir və bu proses ağrılı olsa da, uzun müddət davam edəcək. Amma nəyin hesabına? Bu gün Avropaya tədarük edilən qazın 40%-i Rusiyadan gəldiyindən, ondan imtina etmək neft və kömür qədər asan deyil.

Bu məsələdə alternativ energetikanın çıxış yolu olmadığı da hamıya aydındır. “Yeni energetika” dövrü başlayana qədər evləri qızdırmaq, sənayeni təmin etmək lazımdır. Bütün hallarda rus qazının yeri nə iləsə doldurulmalıdır, variantlar isə elə də çox deyil. Ağla gələn ilk alternativlər Norveç, Əlcəzair, Qatar, ABŞ və Azərbaycan olur.

Bəs Azərbaycan bu məsələdə Avropaya real olaraq nə təklif edə bilər?

Məsələyə realist yanaşmaq vacibdir. Hər şeydən əvvəl, başa düşmək lazımdır ki, Azərbaycan heç bir halda Rusiyanın yerini doldura bilməz. Belə ki, Rusiya ötən il Avropaya 155 milyard, Azərbaycan isə 8,2 milyard kubmetr qaz tədarük edib. Göründüyü kimi, rəqəmlər tamamilə fərqli çəki kateqoriyalarına aiddirlər. Onları hətta müqayisə etmək də düzgün deyil.


Ümumiyyətlə, Azərbaycan həmişə bu məsələnin siyasiləşdirilməsinə qarşı çıxıb. Vaxtilə Moskvanın narazılığına səbəb olan “Nabukko” layihəsinə yox, məhz TANAP-a üstünlük verilməsilə rəsmi Bakı Xəzəryanı bölgədə geosiyasi və geoiqtisadi gərginliyin yaranmasının qarşısını almışdı. İndi isə əsas sual budur ki, Azərbaycan Avropaya satdığı qazı real olaraq nə qədər artıra bilər?

Azərbaycan Avropaya birbaşa qaz nəqlinə 2020-ci ilin sonuncu günündə başlayıb. Ona qədər Türkiyə vasitəsilə ixrac həyata keçirilirdi. 2021-ci ildə Avropanın qaz bazarında spot-ticarətə keçidi onun öz ziyanına işləməyə başladı. Bazarda əsas oyunçu olan Rusiya uzunmüddətli müqavilələr üzrə öhdəliklərini yerinə yetirsə də, spot sövdələşmələrdə spekulyasiyalar etməklə, bilərəkdən qıtlıq yaradır və qiymətləri qaldırırdı. Bunun məqsədləri haqda müxtəlif versiyalar var. Bizimlə söhbət edən bəzi ekspertlərin fikrincə, Moskva bu yolla “Şimalı Axını-2” kəmərinin işə düşməsi üçün Avropaya təzyiq etməyə çalışırdı. Digər ekspertlər belə variantı da istisna etmədilər ki, Rusiya hələ o vaxtdan bir il sonrakı hadisələrə hazırlaşırdı...

Bütün hallarda, qazın qiymətlərinin sürətlə qalxdığı 2021-ci ildə Azərbaycan Avropa bazarına birbaşa 8,2 milyard kubmetr mavi yanacaq tədarük etdi. Bu il həmin rəqəmin 9,1 milyard, gələn il isə 11 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılır. Bundan daha artığı yaxın vaxtlarda real deyil, amma perspektiv var. Necə?


Həmin 11 milyard kubmetri tədarük etmək üçün “Şahdəniz-2” yatağının istismarı layihə gücünə çatdırılmalıdır. “Ümid” və “Babək” yataqları hazırda SOCAR tərəfindən işlənməkdədir. “Abşeron” yatağının ikinci fazasında hasil ediləcək qaz ilk növbədə Azərbaycanın daxili ehtiyacları üçün lazım olacaq, çünki ölkədə qaz istehlakı sürətlə artmaqdadır: daxili bazarın tələbatı ildə 12-13 milyard kubmetrə çatıb.

Söhbətləşdiyimiz ekspertlərin və rəsmi şəxslərin sözlərinə görə, həmin yataqlardan əlavə həcmlər hasil edilsə və optimallaşdırma yolu ilə ölkədə qaz istehlakına qənaət olunsa (bunun üçün imkan var), Avropaya satılan qazı daha 4-5 milyard kubmetrə qədər artırmaq mümkündür. Ondan da yuxarıya qalxmaq üçün artıq yeni yataqlar işlənilməlidir ki, bu da əlavə investisiya və xeyli vaxt tələb edir.
Amma başqa maraqlı variantlar da var.

Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini ildə 20 milyard kubmetrə çatdırmaq mümkündür. Azərbaycan onun 12-13, maksimum 15 milyard kubmetrini doldura bilər. Qalan həcmi isə qonşu ölkələrdən, ilk növbədə də Türkmənistan və İrandan almaq olar. Ötən il bu ölkələrlə svop müqaviləsi də imzalanıb. Hərçənd, İranda qaz təsərrüfatı düzgün qurulmadığından, böyük israfçılıq var və ixrac imkanları azdır. Həmin ölkədə aşınmış infrastruktura və əsas kapitala investisiya qoyuluşunu artırmağa ehtiyac var. Türkmənistan isə ixrac potensialını əsasən Şərq istiqamətində yönəldib. Azərbaycan svop sxemilə İranın vasitəsilə ildə təxminən 5 milyard kubmetr Türkmən qazını əldə edərək, Qərb bazarına çıxara bilər.


Beləliklə, Azərbaycanın hazırda uzunmüddətli müqavilələr əsasında satdığı qazı nəzərə almasaq, müəyyən işləri görəndən sonra Avropa bazarına 10 milyard kubmetr əlavə həcmin tədarük edilməsi tamamilə realdır. Əlbəttə, rus qazının yerini doldurmaq üçün bundan 15 dəfə çox lazımdır, amma indiki böhran vəziyyətində hər kubmetrin əhəmiyyəti var. Üstəlik, Azərbaycan sərfəli tərəfdaşdır: qazın təxminən 30%-ə qədəri spot bazarlarında (ani qiymətlərlə) , qalanı isə uzunmüddətli müqavilələr əsasında satılır ki, bu da hər iki tərəfə özünə uyğun çevik sxemlər qurmağa imkan yaradır.

Amma bu da hələ son deyil. Azərbaycan Avropaya maye qaz ixracatçısına da çevrilə bilər. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bunun üçün Türkiyədə okeana çıxışı olan dənizlərin birinin – məsələn, Egey dənizinin, - sahilində uzunmüddətli icarəyə yer götürərək, zavod tikmək mümkündür. Bu, diversifikasiya üçün yaxşıdır, amma əlbəttə ki, sərmayə və vaxt tələb edir.
Yeri gəlmişkən, SOCAR üçüncü tərəflərdən aldığı maye qazı digər ölkələrə, məsələn Pakistana satmaq təcrübəsinə malikdir. Bu baxımdan, Mərkəzi Asiyada istehsal olunan maye qazın Avropya ötürülməsində Azərbaycanın geniş tranzit imkanları da mövcuddur.

...Avropa Komissiyanın rus qazından qurtulmaq üçün ilkin planı 2050-ci ilə hesablanmışdı. Müharibə başlayandan sonra plana korrektələr edildi və “deadline” 2030-cu ilə endirildi. Bu mümkün olacaq, ya yox – demək çətindir. Amma itirilən həcmin təxminən 10 milyard kubmetrini necə kompensasiya etmək olar – burası artıq aydındır.

Sahil İsgəndərov
Vüsal Məmmədov

AzVision.az



Teqlər: Qaz   Energetika  





Xəbər lenti