"İpək Yumruq": Azərbaycan Şuşada “yumşaq güc”ünü nümayiş etdirir

      "İpək Yumruq":    Azərbaycan Şuşada “yumşaq güc”ünü nümayiş etdirir
  13 May 2022    Oxunub:3478
Mənə bir il əvvəl Şuşada Azadlıqdan sonra keçirilən ilk “Xarı bülbül” festivalında iştirak xoşbəxtliyi də nəsib olmuşdu, ona görə müqayisə aparmaq üçüm əlimdə necə deyərlər, “praktik material” var. Şuşa canlanır, ora həyat qayıdır. Obrazlı desəm, Şuşa sanki əsirlikdən qurtulub, ailəsinə qovuşan insanı xatırladır. Hər gün bir az da dirçəlir.
Şəhərdə müharibənin, daha doğrusu, işğalın vurduğu yaralar hələ çoxdur. Bu, vacib dəqiqləşdirmə idi: Şuşadakı binaların çoxu müharibə zamanı deyil, məhz erməni işğalında olarkən dağıdılıb. “Dinc” ermənilər evləri, tarixi binaları söküb, özləri isə daşı daş üstünə qoymayıblar. Yəqin, həm də şəhərin Azərbaycan ruhunu itirmək üçün… Amma hazırda Şuşada hər gün prezident İlham Əliyevin sözlərilə desək, “daş üstünə daş qoyulur” və Azərbaycan ruhu yenidən Zəfər Marşı ilə təntənəli şəkildə şəhərə qayıdır. Şuşa özünə gəlir. Yenə də cənab Əliyevin başqa sözünə istinad etsəm, sanki “vəhşi qəbilə” tutub, taladığı topaqlardan qovulub, indi həmin əraziyə Sivilizasiya qayıdır. Özü ilə ilk gətirdi isə Mədəniyyət olur.

Şuşa erməni işğalında olanda, 2010-cu ilin oktyabrında ermənilər burada eşşək yarışması keçirmişdilər. Həmin səhnə hələ də mənim gözümün önündədir: İkiayaqlı canlılar bellərinə mindikləri dördayaqlı canlıları amansızçasına qamçılayırlar, yazıq eşşəklər isə sanki özlərindən nə istənildiyini bilməyərək, sağa-sola vurnuxurlar... Acınacaqlı mənzərə idi.


Ermənistanın “mədəniyyət” adına Şuşaya gətirdiyi ancaq bu olmuşdu. Azərbaycan isə müharibə bitəndən cəmi 6 ay sonra Cıdır Düzündə möhtəşəm bir musiqi festivalı keçirdi. O vaxt biz yaralarından hələ də qan axan şəhərdə belə bir konserti necə təşkil etməyin mümkünlüyünə heyrətlənmişdik. Ölkədə yaşayan bütün etnik qruplarının təmsilçiləri səhnəyə çıxaraq, birlik yumruğunu qaldırmışdılar. Amma bu, artıq altı ay əvvəlki Dəmir Yumruq deyildi...


Bu dəfə isə Cıdır düzünə yağan yağışın altında səhnədə çıxış edənlərə - qonşu dövlətlərdən, yaxın xaricdən və uzaq ellərdən gəlmiş musiqiçilərə baxa-baxa əyani şəkildə anlayırdım ki, Yumşaq Güc nə deməkdir. Geniş mənada bu, zor tətbiq etmədən də cazibəli olmaq və potensialını nümayiş etdirmək anlamı verir. 28 il “vəhşi qəbilə”nin əsarətində inləyən bir şəhəri cəmi il yarımda beynəlxalq musiqi festivalının keçirildiyi məkana çevirməkdir “yumşaq güc”. Cıdır düzündəki eşşək anqırtısını kəsib, sehirli muğam və caz səslənməsini təmin etməkdir.


Qarabağda bütövlükdə baş verənlər Azərbaycanın Yumşaq Gücünün nümayişidirsə, Böyük Qayıdışın və Böyük Quruculuğun simvollarından birinə çevrilmiş Xarı Bülbül festivalı Azərbaycanın havaya qaldırdığı ipək yumruqdur. Əgər 44 günlük müharibədə Azərbaycan Dəmir Yumruğun hesabına qalib gəlmişdisə, indi İpək Yumruğun sayəsində qələbəsini möhkəmləndirir. Göstərir ki, istər sərt, istərsə də yumşaq güc baxımından bizi düşmən sayanlardan qat-qat öndə və ucadadır.


Dəmir Yumruqdan fərqli olaraq, İpək Yumruq kimisə əzmək üçün qalxmayıb. “Yumşaq güc”ün məqsədi əzmək yox, cəlb eləməkdir. İpək Yumruq açılaraq, bizi düşmən kimi görməkdən əl çəkənlərin başına sığal çəkməyə də hazırdır. Qarabağda, Xankəndidə yaşayan erməni vətəndaşlarımız Şuşadakı inkişafa aşağıdan-yuxarı baxmaq zorunda deyillər. "Xarıbülbül"ə baxıb, xar olmaq vacib deyil. Onlar da bu prosesin tərkib hissəsi olmalı, inkişafdan öz paylarını almalıdırlar.


Şuşada qurulan Xarı bülbül səhnəsində biz Azərbaycanın erməni vətəndaşlarını da görməyi çox istərdik. Onların Şuşaya yolu hər mənada çox yaxındır. Sadəcə, Azərbaycanla inteqrasiyada qarşılarını kəsənləri rədd etmək lazımdır. Bu gün Şuşada baş verənlər əyani şəkildə göstərir ki, Sülh nə deməkdir, nələrə qadirdir. Xankəndidə yaşayan erməni vətəndaşlarımız hərbi maşınların kölgəsindən çıxıb, mədəniyyətin və inkişafın işığına daxil olmalıdırlar. Gecikməyin mənası yoxdur.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Xarı-Bülbül   Şuşa   Qarabağ  





Xəbər lenti