Türklər vikinqlərə qarşı – TƏHLİL

// Ankara Finlandiya ilə İsveçin NATO-ya yolunu niyə kəsir

   Türklər vikinqlərə qarşı –    TƏHLİL
  20 May 2022    Oxunub:2220
Türkiyənin mövqeyi İsveç və Finlandiyanın alyansa gedən yolunda əsas maneəyə çevrilib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara iki yeni ölkənin qəbulu ilə bağlı hələlik müsbət rəy verə bilməz. “Skandinaviya ölkələri terrorçu qruplar üçün qonaq evi kimidir”, - deyə o, səbəblərdən birini göstərib.
Doğrudan da, Ankara “Kürdüstan Fəhlə Partiyası”nın (PKK), eləcə də ABŞ-da yaşayan Fətullah Gülənin FETÖ şəbəkəsinin bir çox tərəfdarının İsveç və Finlandiyaya sığınacaq tapmasına dəfələrlə narazılığını bildirib.

Mayın 17-də Finlandiya prezidenti Sauli Niinistyo böhrandan çıxa biləcəklərinə ümid etdiyini açıqlayıb: "Türkiyənin bəyanatları çox tez dəyişdi və son bir neçə gündə sərtləşdi. Ancaq əminəm ki, biz konstruktiv müzakirə yolu ilə problemi həll edəcəyik”.

Ərdoğanın konkret nə istədiyi hələ tam bəlli deyil: “F-35” qırıcılarının Türkiyəyə satışı ilə bağlı ABŞ Konqresinin mövqeyini dəyişmək (Ankara Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra müqavilə ləğv edilib), suriyalı qaçqınların saxlanması üçün daha çox pul almaq, yoxsa terror fəaliyyətində şübhəli bilinən siyasi fəalların Türkiyəyə ekstradisiyasına nail olmaq.

Türkiyənin hər iki şimal ölkəsi ilə münasibətlərinin dərin tarixi var. İsveçlə əlaqələr 1709-cu ilin Şimal müharibəsində Rusiyanın məğlub etdiyi İsveç kralı XII Karlın Osmanlı İmperiyasına qaçaraq, krallığı beş il Bəndər və Ədirnədən idarə etdiyi 17-ci əsrdən başlayır. Finlandiya ilə diplomatik əlaqələr 1924-cü ildə qurulub. 2020-ci ildə İsveçlə ticarət təxminən 2,6, Finlandiya ilə isə təxminən 1,3 milyard dollar təşkil edib.

“Al-Monitor” yazır ki, əsas problem Finlandiyada deyil, İsveçdədir. Krallıq bir neçə türk miqrant dalğasını, o cümlədən kürdləri qəbul edib və ölkənin Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın kürd bölgələrindəki hərbi əməliyyatlarını mütəmadi olaraq tənqid edir.

2019-cu ildə İsveç və Finlandiya Suriyadakı hərbi əməliyyatlara görə Türkiyəyə silah embarqosu qoyublar. Həmin vaxta qədər hər iki dövlət Ankaraya hərbi təyinatlı məhsullar satan ölkələrin arasında liderə çevrilmişdi: 2018-ci ildə İsveçin Türkiyəyə hərbi ixracı 30, Finlandiyanınkı 17 milyon dollara çatmışdı.

Son illərdə hər iki ölkə terror fəaliyyətlərində şübhəli bilinən mühacirlərin Türkiyəyə ekstradisiyasından imtina edib (bazar ertəsi Türkiyə Ədliyyə Nazirliyi bildirib ki, Ankara Finlandiyadan 6, İsveçdən isə 11 PKK üzvünün ekstradisiyasını tələb edib).

Türkiyə rəsmilərinin açıqlamalarına əsasən güman etmək olar ki, Ankara mövqeyində israrla davam edəcək və iki şimal ölkəsinin güzəştlərə getməsi haqda danışıqlar aparacaq. Lakin iki ölkənin güzəştə getməyə razı olub-olmayacaqları böyük sualdır. Orada əksinə, güzəştlərə qarşı yürüşlər oldu ki, bu da prosesin və onların bu məsələlərdə geri çəkiləcəyinin asan olmayacağından xəbər verir.

NATO-nun digər ölkələrinin Türkiyəyə təsir etmək üçün o qədər də təsirli “rıçaq”ları yoxdur, odur ki, respublikanın cəlb olunduğu əvvəlki münaqişə təcrübələrinə əsaslanaraq, kompromis variantının ortaya çıxacağını və bütün tərəflərin onu qəbul edəcəyini gözləmək olar.

Nadir Quliyev
AzVision.az


Teqlər: NATO   Türkiyə  





Xəbər lenti