Pensiya qanunvericiliyində nələr dəyişməlidir – TƏHLİL

   Pensiya qanunvericiliyində nələr dəyişməlidir –    TƏHLİL
  26 May 2022    Oxunub:3698
Pensiya təminatı vətəndaşların gələcəkdəki sosial və maddi sığortasını əhatə edir. Odur ki, bu sahədə hər şey ilk növbədə dövlətə bağlıdır. Dövlət gərək elə qanuni baza və işlək mexanizm yaratsın ki, vətəndaşların sözügedən sahədə bütün mövcud hüquqları rəvan şəkildə həyata keçirilsin və ortada heç bir əngəl olmasın.
Ona görə də, pensiya təminatı sahəsindəki qanunlar ildən-ilə təkmilləşdirilir. Vaxtaşırı bəzi hüquqi-normativ aktlar dəyişdirilir, ləğv olunur və yaxud yeniləri qəbul edilir. Bunlar müvafiq islahatlara paralel şəkildə həyata keçirilir. Təkcə son illərdə əmək pensiyaları və sosial müavinətlər sahəsində qanunvericilik aktlarına 200-dən çox əlavə və dəyişikliklər edilib, yeni hüquqi-normativ sənədlər qəbul olunub.

Hazırda “Əmək pensiyaları haqqında” qanunun nəzərdə tutulan dəyişikliklər də bu qəbildəndir. Məqsəd yenə əmək pensiyaçıları üçün əlavə imkanlar yaratmaq, bu sahədə vəziyyəti yaxşılaşdırmaq, pensiyaya çıxma şərtlərini yumşaltmaq, şəffaflıq təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və pensiya təminatında sosial sığorta prinsiplərini daha geniş şəkildə tətbiq etməyə nail olmaqdır. Qanuna 43 dəyişiklik nəzərdə tutulur ki, bunlardan təqribən 20 min vətəndaşın xeyir görəcəyi gözlənilir.

Ən çox müzakirəyə səbəb olan qadınlar və kişilər üçün pensiya çıxmaq yaşı, bir də çoxuşaqlı analarının vaxtından əvvəl pensiya hüququ əldə etmə məsələləridir. Hesab edirəm, çoxuşaqlı valideynlərin pensiyaya vaxtından əvvəl çıxması və eləcə də kişi və qadınların pensiya yaşının azaldılması ilə bağlı məsələlərə real yanaşmaq lazımdır. Yaşa görə pensiyaya çıxanların sosial sığorta ödənişlərini və digər maliyyə məsələlərini nəzərdən keçirmək xüsusən vacibdir.

Ölkəmiz yeni müstəqillik əldə etdiyi dövrlərdə üç uşaq anasının vaxtından əvvəl, yəni 51 yaşında pensiyaya çıxmaq hüququ var idi. Sonradan hansı məntiqləsə uşaq sayı 5-ə qaldırıldı. Əhalinin demoqrafik artımında maraqlı olduğumuz halda bu, başadüşüləndir, amma stimullaşdırıcı amil kimi effektsiz hesab olunmalıdır. O səbəbdən ki, 5 uşaqlı ailələr hazırda barmaqla sayılacaq qədərdir. Ümumiyyətlə, getdikcə çoxuşaqlı ailələrin sayı azalacaq və 5-6 ildən sonra 5 uşaqlı ailəyə bəlkə də rast gəlinməyəcək. Odur ki, qanuna yeni dəyişiklik çərçivəsində qeyd olunan məsələdə uşaq sayının beşdən üçə endirilməsini daha məqsədəuyğun sayıram.

Bundan əlavə, layihəyə əsasən, anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya hüququnun verilməsi nəzərdə tutulur. Bu isə bir qədər mübahisə doğurur. O baxımdan ki, evin əsas gəlir mənbəyi kişidirsə, onun vaxtından əvvəl pensiyaya çıxması görəsən, hansı əlavə imkanlar yarada bilər?!

O ki qaldı pensiya yaşı məsələsinə, burada sığorta-pensiya sisteminə diqqət yetirmək vacib sayılır. Bu sistem elə təşkil olunmalıdır ki, əhali yaşa görə pensiya alanda vəsait dövlət büdcəsindən yox, vaxtilə ödədiyi sosial ayırmalara əsasən yığılan pensiya kapitalı hesabına ödənilsin. Təəssüf ki, Azərbaycanda hələ camaatın maaşı istənilən səviyyədə olmadığına görə, sosial ayırmalar hesabına yığılan pensiya kapitalı kimsəyə vaxtından əvvəl pensiyaya çıxmağa imkan yaratmır.

Pensiya yaşı aşağı salınsa, bu zaman vətəndaşların pensiya ödənişində əsas yük gərək dövlət büdcəsinin üzərinə düşsün. Bu da perspektivsiz məsələdir. Çünki ödədiyimiz sosial ayırmalar pensiya kapitalı kimi yığılır və toxunulmaz sayılır. Amma dövlət büdcəsi hesabına pensiya alsaq, sabah fors-major hal baş verərsə, bu zaman dövlət üzləşə biləcəyi maliyyə çətinlikləri ucbatından bizim pensiyanı azalda bilər.

Dövlət büdcəsi riskli bir şeydir, o, qlobal iqtisadiyyatın, eləcə də ölkə iqtisadiyyatının kənar təsirlərdən necə sığortalanmasına bağlıdır. Biz sığorta-pensiya sistemini elə təşkil etməliyik ki, yüksək səviyyədə sosial ayırmalar üzrə istənilən məbləğdə vaxtından əvvəl pensiya kapitalı yığa bilək. Bu zaman qadınların 55, kişilərin isə 60 yaşda pensiyaya çıxması məsələsi də həllini tapa bilər. Amma hələlik ölkə iqtisadiyyatının vəziyyəti, əhalinin aldığı əməkhaqqının səviyyəsi buna imkan yaratmır. Ona görə də hazırkı pensiya yaşı qadınlar üçün 63, kişilər üçünsə 65-dir. Bu, real vəziyyətin diktəsidir. Qadınlar zərif cinsin nümayəndəsi olduğuna görə, hesablama aparıb onların yaş həddini 63 yox, 60 olması barədə qərar qəbul etmək olar. Amma real vəziyyəti hələlik pensiya yaşının aşağı salınmasına imkan yaratmır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Pensiya  





Xəbər lenti