Ölkəmizlə bağlı şikayətlər azalıb

Ölkəmizlə bağlı  şikayətlər azalıb
  05 Aprel 2013    Oxunub:1524
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2012-ci il üçün nəticələrini açıqlayıb.
İl ərzində Avropa Məhkəməsinə 65150 yeni iddia qəbul edilib.
Bu, 2011-ci ilə nisbətən bir faiz çoxdur. Yeni iddiaların böyük əksəriyyəti - 48350-si baxılması mümkün olmayan ərizə kimi qiymətləndirilib. 17 minə yaxın ərizə icraata qəbul edilib.

İl ərzində məhkəmədə 88 minə yaxın iddia ilə bağlı araşdırma aparılıb. Qəbul edilməyən ərizələrin sayı ötən ilə nisbətən 70 faiz artıb. Rəqəmin bu qədər artması məhkəmənin işində yeni metodların tətbiqi, hakimlərin təklikdə fəaliyyəti ilə əlaqədardır.

Avropa Məhkəməsinin saytında ölkələr üzrə statistika da yer alıb. İl ərzində AM-də 128 min ərizə ilə bağlı icraat aparılıb. Bunlardan ən çoxu Rusiya ilə bağlı olub - 28600. Bu, ümumi şikayətlərin 22 faizini təşkil edir. Bu siyahıda ikinci yerdə Türkiyə (17 minə yaxın), üçüncü yerdə İtaliya (14 mindən çox) dayanır. Məhkəmədə il ərzində qəbul edilən qərarların üçdə biri əsasən dörd dövləti- Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanı əhatə edir.

Azərbaycana gəlincə, 2012-ci il dekabrın 31-nə qədər ölkə ilə bağlı 1299 şikayət olub. İl ərzində 342 yeni şikayət icraata götürülüb. Ümumilikdə, 2012-də 731 ərizə ilə bağlı iş aparılıb. Bunlardan 694 ərizə qəbul edilməyib və baxılması mümkün olan işlərin siyahısından çıxarılıb. Nəticədə 37 ərizəçi barədə 17 qərar çıxarılıb. (Qərarlardan bəziləri bir neçə nəfərə aid olub). Bu qərarlarda Avropa İnsan Haqları Konvensiyasının ən azı bir maddəsi üzrə pozuntu aşkarlanıb. Bu qərarların 5-i ədalətli məhkəmə hüququ, 6-sı mülkiyyət hüququ, 6-sı isə azad seçkilər hüququ ilə bağlı olub.

Son illərin statistikasına nəzər salsaq, 2012-ci ildə Azərbaycanla bağlı icraata qəbul edilən iddiaların sayı bir qədər azalıb. 2009-cu ildə 362 iddia, 2010-da 337, 2011-ci ildə 531, 2012-ci ildə isə 342 iş baxılmaq üçün ayrılıb.


Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları üzrə Konvensiyaya 2001-ci il yanvarın 25-də qoşulub. Azərbaycanla bağlı ilk qərar 2006-cı ildə Kunqurovanın işi ilə bağlı olub. Avropa Məhkəməsinin 2012-ci ildə büdcəsi 67 milyon avro olub, Azərbaycan tərəfindən büdcəyə 884 918 avro ödənilib. Ümumilikdə, Avropa Şurasının büdcəsi 244 milyon avro təşkil edib./trend/


Teqlər:  





Xəbər lenti