Belarus Rusiyanın tərəfində müharibəyə girəcəkmi? – TƏHLİL

   Belarus Rusiyanın tərəfində müharibəyə girəcəkmi? –    TƏHLİL
  02 İyun 2022    Oxunub:3159
Nikolay Zamikula
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi
AzVision.az üçün

İyunun 22-dən iyulun 1-dək Belarusun Ukrayna ilə həmsərhəd Qomel vilayətində hərbi komissarlıqlar planlı səfərbərlik təlimləri keçirəcək. Bir müddət əvvəl isə prezident Aleksandr Lukaşenko Belarus ordusunun raket sistemləri ilə gücləndirilməsinin vacibliyini bəyan edib. Belarus həm öz raket sistemlərini yaratmaq, həm də onları Rusiyadan almaq istəyir.
Bu, Belarusun hələ də Rusiyanın tərəfində müharibəyə girməyə hazırlaşdığı anlamına gələ bilərmi? Ya da əksinə, bəlkə ondan uzaqlaşmaq üçün fürsət axtarır?

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı təcavüzün həyata keçirilməsində artıq Rusiya ilə əlbirdir. Əslində, o, Rusiyaya bütün lazımi dəstəyi verib, təkcə Belarus qoşunlarının Ukrayna ərazisindəki əməliyyatlarda birbaşa iştirakı istisna olmaqla. Rusiyalı təcavüzkarlar Kiyevə Belarus ərazisindən hücuma keçiblər. Buça və İrpendə vəhşiliklər törədən işğalçılar Ukrayna torpağına oradan gəliblər. Belarus hava məkanından Ukraynaya raket və hava zərbələri endirilir.

Ukraynada verdiyi ağır itkilərdən sonra potensialını bərpa etməyə çalışan rus qoşunlarına Lukaşenkonun maddi-texniki dəstək göstərə biləcəyinə dair şübhələr də var. Söhbət Belarusda saxlanılan zəruri hərbi texnikanın ötürülməsindən gedir, çünki ruslara onu ölkənin dərinliklərində yerləşən anbar-bazalarından gətirməkdənsə, buradan götürmək daha asan və tezdir.

Bununla belə, Lukaşenko hələ də sonuncu qırmızı xətti keçməməyə çalışır. Qəzəbli rusiyapərəst ritorikasına baxmayaraq, Belarus qoşunlarını təcavüzdə iştirak etməyə göndərməkdən çəkinir. Belarusun belə bir dəstəyi Rusiya üçün faydalı olardı. Bundan ayrı-ayrı dövlətlərin Rusiyanın hərəkətlərinə həmrəylik nümayiş etdirməsi baxımından istifadə ediləcək, Rusiya təbliğatı Ukraynanın işğalını "legitimləşdirmək" üçün bundan yararlanacaq. Lakin Lukaşenko yaxşı bilir ki, belə bir addım onun rejimini iflasa sürükləyəcək. Hərbi baxımdan heç bir döyüş təcrübəsi olmayan kiçik Belarus ordusunun Ukraynada uğur qazanmaq şansı minimaldır. Xüsusilə də, onun açıq şəkildə döyüşmək arzusu yoxdursa və Belarus cəmiyyətində Ukraynaya qarşı müharibə ideyası populyar deyilsə.

Bəlkə də, öz ərazisini müdafiə etsəydi, Belarus ordusu daha yaxşı nəticələr göstərə bilərdi, lakin qonşunun ərazisini işğal etmək hər şeydən əvvəl hərbçilərin ürəyincə olmayacaq və Belarus cəmiyyətini parçalayacaq. 2020-ci il prezident seçkiləri zamanı baş verənlər göstərdi ki, Lukaşenkonun nüfuzu belaruslar arasında o qədər də yüksək deyil. Ona görə də, onları Ukraynaya qarşı təcavüzdə iştiraka məcbur etmək yeni kütləvi etirazlara səbəb ola bilər.

Rejimin daxili dayağı olan güc strukturlarının Ukraynaya göndərilməsi də təhlükəlidir, çünki onlar prezidentə Minskdə öz təhlükəsizliyi üçün lazımdır. Rus çevik polisinin böyük itki verdiyi Kiyev ətrafındakı döyüşlər göstərdi ki, polis qüvvələrinin bu hərbi kampaniyaya cəlb olunması uğurlu addım deyil.

Beləliklə, Lukaşenko öz hakimiyyətinin qalıqlarını saxlamaq üçün bütün vasitələrlə Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirakdan yayınmağa çalışır. Hərçənd, Rusiya rejimin Moskvadan total asılılığından istifadə edərək ona təzyiq göstərir. Lakin o, əlində qalan kiçik muxtariyyəti xilas etməyə çalışır və belə bir qərar verməkdən imtina edir. Öz nüfuzunu rus sahibinin gözündə müəyyən qədər parlaqlaşdırmaq üçün, eyni zamanda, informasiya məkanında fəal şəkildə rusiyayönlü ritorikanı təbliğ edir, Ukraynaya qoşun yeritmək istisna olmaqla, təcavüzkara istənilən başqa dəstəyi göstərir.

Havada qılınc oynatmaq nümayişi Rusiyanın Avropaya təzyiq göstərmək və onu Ukraynaya köməkdən əl çəkməyə məcbur etmək cəhdlərinə dəstəyin elementlərindən biridir. Səs-küylü bəyanatlar, Rusiya Federasiyası ilə birgə manevrlər və yeni rus silahlarının alınması müstəqil Belarusun milli maraqlarına uyğun gəlmir, lakin Rusiyanın strateji məntiqinə uyğundur. Bunlar göstərir ki, Minsk tədricən de-fakto hüquqdan məhrum edilmiş peykə və Moskvanın koloniyasına çevrilir.

Mən hətta özünü Belarus lideri adlandıran şəxsin ona tabe olan hərbi qüvvələrə tam və de-yure nəzarətinə də şübhə edirəm. Güman edirəm ki, bu yaxınlarda Rusiyadan alınan “İsgəndər” raket sistemləri, çox güman ki, praktikada sahibini dəyişməyib və istənilən halda Rusiya komandanlığının nəzarəti altında qalır.

Lukaşenkoya qalan yeganə şey “Belarus ordusu” brendinin Ukraynaya hücumda iştiraka cəlb edilməsi prosesini ləngitməkdir. Hələlik o bunu edir və yəqin ki, yaxın gələcəkdə onun rejiminin simvollarını daşıyan əsgərləri ölkəmizin ərazisində görməyəcəyik.

Murad Nəcəfov hazırladı,
Nadir Quliyev tərcümə etdi




Teqlər: Ukrayna   Belarus   Müharibə  





Xəbər lenti