Rusiya təbliğatının “erməni xəstəliyi” niyə yenə şiddətlənib?!

      Rusiya təbliğatının “erməni xəstəliyi” niyə yenə şiddətlənib?!
  04 İyun 2022    Oxunub:2550
Rusiya mediası ermənipərəst dairələrin əlində olduğunu sübut etməkdədir. Təbliğat monopoliyasının başında dayanan Marqarita Simonyan Azərbaycan və Türkiyə ilə bu və ya digər şəkildə bağlı məsələlərin işıqlandırılmasına hər zaman təsir edir. Belə təəssürat yaranır ki, Rusiya mediası öz dövlətinin rəsmi xətti ilə bağlı deyil və ermənilərin istədiyini edir.
Azərbaycana qarşı təxribatlara görə Rusiyada hələ heç kim cəzalandırılmayıb, hətta danlanmayıb. Rusiya mediası erməni mediasının bir qədər keyfiyyətli variantına bənzəyir. Rusiyanın aparıcı KİV-ləri Rusiya-Azərbaycan münasibətlərinə, Putinin rəsmi açıqlamalarına, üstəlik rəsmi Bakının bəyanatlarına getdikcə daha açıq saymazyanalıq nümayiş etdirirlər.

Bir gün əvvəl, demək olar, bütün aparıcı Rusiya KİV-ləri bir növ sevincək xəbər verdilər ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında qalmaqda davam edən separatçılar İrəvana müraciət edərək, onların “müstəqilliyini” tanımasını istəyir və səbrsizliklə cavab gözləyirlər.


Özünü “qondarma qurumun dövlət naziri” adlandıran hansısa Beqleryan Qarabağın gələcəyi və danışıqlar prosesi ilə bağlı fikirlərini RİA Novosti ilə bölüşüb. İndiki halda onun nəyi və necə dediyi önəmli deyil. Əsas məsələ bütün bu cəfəngiyyatın realliqları təhrif etməkdə heç də erməni mediasından geri qalmayan Rusiya mətbuatında necə işıqlandırılmasıdır.

Bəri başdan bildirək ki, demək olar, həmişə erməni maraqlarına meyilli Rusiya təbliğat maşını haqqında heç vaxt illüziyamız olmayıb. Ona görə də, qəzəblənmirik, sadəcə bir faktı bildiririk. Fakt budur ki, 44 günlük müharibənin bitməsindən il yarım sonra Rusiya Federasiyasının media məkanı ciddi-cəhdlə belə bir təəssürat yaratmağa çalışır ki, guya 2020-ci ilin noyabrında xüsusi bir şey baş verməyib. Nəşrlərdə Azərbaycan ərazilərinin ermənilər yaşayan hissəsi məhz mövcud olmayan adla təqdim edilir. Müharibədən sonra Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Deməli, Qarabağ bölgəsi məsələsində yalnız Bakının mövqeyinin imperativ olması rus ictimaiyyəti üçün aksioma çevrilməli idi. Əgər Azərbaycan prezidenti deyirsə ki, təkcə “DQR” deyil, ümumiyyətlə, süni şəkildə yaradılmış “Dağlıq Qarabağ” inzibati vahidi yoxdur, hamı bundan çıxış etməlidir.


Lakin rus təbliğatı müharibədən əvvəlki ritorika ruhunda işləməkdə davam edir. Rusiyanın aparıcı KİV-lərinin hansısa Beqleryanın uydurmalarını necə məmnuniyyətlə verdiklərini görmək lazımdır. Rusiyanın təbliğat jurnalistikası üçün qondarma “Dağlıq Qarabağ Respublikası” mövcudluğunu davam etdirir. Və təəssüf ki, İrəvanla danışıqlarda irəliləyiş yoxdur. Prinsipcə, indiki şəraitdə Rusiya təbliğatı üçün İrəvanın “DQR”i tanıması Ermənistanı “DNR” və “LNR”i tanımağa məcbur etmək üçün də əsas olardı. Simonyan və başqaları bu tanınmanın Bakı ilə danışıqlara son qoyacağını veclərinə almırlar. Qeyd edək ki, danışıqlar Qarabağ bölgəsinin də daxil olduğu Azərbaycan ərazilərinin deyil, Ermənistanın gələcəyi ilə bağlıdır. Moskva onsuz da normallaşma prosesinin təkərlərinə çomaq soxur, lakin proses Avropanın himayəsi altında hələ ki irəliləyir. İrəvanın Qarabağ separatçılarının “müstəqilliyini” tanıması Ermənistan üçün ölüm hökmü olacaq.

Böyük ehtimalla İrəvan buna getməyəcək. Əgər “Qarabağ klanı” uçuruma doğru bu son addımı atmayıbsa, Paşinyan da etməyəcək. Lakin Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrində “DQR” termininin dırnaqsız verilməsi, Azərbaycan ərazilərindəki etnik ermənilərin “dövlətçilik” nişanələri haqqında arqumentlərin yer alması tamamilə destruktiv xarakter daşıyır, hazırkı mərhələdə revanşist qüvvələri Moskvanın dəstəyinə ümid edərək, regionda sabitliyi pozmağa sövq edir.


Rusiya mediası bir müddət Kremlin rəsmi xəttinə sadiq qalmağa çalışıb. Amma bu yaxınlarda və xüsusən də Ukraynadakı müharibə ilə bağlı Rusiya təbliğatının erməni komponenti yenidən irəli çıxıb. Erməni millətindən olan şəxslərin (həm də təkcə onların yox) səsləndirdiyi təbliğat çirkin formalar və vurğular üzərində qurulub. Bir müddət əvvəl Qazaxıstanı və qazax xalqını çirkin formada təhqir edən rejissor Tiqran Keosyanı (Marqarita Simonyanın uşaqlarının atası) xatırlamaq yerinə düşər.

Rusiya təbliğatı özünü həmişə qərəzli göstərib və məsələyə bu aspektdən baxsaq, hazırda inanılmaz heç nə baş vermir. Sadəcə olaraq, deyəsən, belə düşünməyə başlayıblar ki, həddən artıq müstəqil siyasət yürüdən, Ukraynanın bütövlüyünü dəstəkləyən və Ermənistanla normallaşmada vasitəçilik prioritetlərinin Brüsselə ötürülməsinə tərəfdar olan Bakını “ram etmək” məqamı yetişib.

İnanmaq istəyirik ki, təbiətdə, xəritələrdə və beynəlxalq sənədlərdə mövcud olmayan “ikinci erməni dövləti”nin adından dırnaqların yoxa çıxması Kremlin köhnə əyyamlarına qayıtması ilə deyil, simonyanların, kurginiyalıların, qabrelyanovlarin və babayanların rəhbərlik etdiyi təbliğat monopoliyasının özbaşınalığı ilə bağlıdır. Hələlik bunun üzərində dayanaq. Hərçənd...

Murad Nəcəfov
Nadir Quliyev

AzVision.az



Teqlər: Rusiya   Təbliğat  





Xəbər lenti