"O zəng həyatımı dəyişdi"- Aktyor oğlunun faciəvi ölümündən danışdı

   "O zəng həyatımı dəyişdi"-     Aktyor oğlunun faciəvi ölümündən danışdı
  07 İyun 2022    Oxunub:2241
"Teatrda məşqdə idim, zəng gəldi. Dedilər ki, təcili yardımdan həkimdir. Evdəkilərin heç biri ürək edib mənə zəng edə bilmədilər. Həkim dedi ki, oğlun İlham buraya gətirilib, vəziyyəti ağırdır. Zəhmət olmasa, xəstəxanaya gəlin. Mən də heç kimə bildirmədən, məşqdən icazə alıb getdim. Gördüm ki, İlhamı xərəkədə, xəstəxananın birinci mərtəbəsininin dəhlizində yiyəsiz kimi saxlayıblar. Yanında da heç kim yoxdur, oraya isə qonşusu aparmışdı".
AzVision.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "O üz" proqramında deyib. 2004-cü ildə övladını itirən sənətçi 27 yaşlı oğlunun faciəvi ölümündən danışıb:

"Mən gələn kimi xəstəxanada ab-hava dəyişdi. İlham komada idi, onun ölümü çox faciəvidir. Təzə tikilən evimiz var idi, ikinci mərtəbəsində məhəccər qoyulmamışdı. Pilləkənlərdə başı gicəllənib 2,5 metr hündürlükdən birinci mərtəbəyə yıxılıb. Betondakı qəmbər daşı onun kəllə sümüyünü sındırıb. Həmin sümük də iti olur, o da şah damarını kəsib. Həkim əməliyyat otağına saldı, ona baxdı və dedi ki, səni sevindirə bilməyəcəyəm. Çünki balaca bir dəlikdir, heç bir alət girmir ki, biz o şah damarı tikək. Qanı da saxlaya bilmirik, beyini dolur. O getdi, başqa həkim qaldı. Bizə ürək-dirək verirdi. Reanimasiyaya apardılar, sağalmasına ümid yox idi. Üç gün orada qaldı, oksigen cihazına qoşmuşdular. Gecə dedilər ki, get evə, qalma. Getmədim, 3 gün reanimasiyanın qapısında yatdım. Üçüncü gün axşam həkim məni zorla evə yola saldı. Dedi ki, narahat olma, bir şey olarsa, səni çağıracağam. Səhərə yaxın 5-in yarısı mənə gələn zəng həyatımı tamamiylə dəyişdi".



AzVision.az


Teqlər:





Xəbər lenti