Azərbaycanda məmurlar neçə minlik maşın sürür?

Azərbaycanda məmurlar neçə minlik maşın sürür?
  24 Aprel 2014    Oxunub:18494
Son günlər məmur övladlarının sürdüyü bahalı maşınlar, onların yarış meydançalarını xatırladan video görüntüləri günün müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdən izlədiyimiz kimi, bəzi imkanlı övladlarının sahibi olduğu avtomobillər qeyri-adi görünüşü, dizaynı ilə bərabər qiyməti ilə də diqqət çəkir. Facebook, İnstaqram səhifələrində bir-birlərinin bəhsinə girərək maşınlarının fotolarını paylaşan gənclərin sürdükləri lüks avtomobillərin qiymətinin 100, 200 min manat, hətta bir milyon civarında olduğu bildirilir.

AzVision.az saytı mövzunun aktuallını nəzərə alaraq Azərbaycana gətirilən dəbdəbəli avtomobillərin qiymətləri, onların sifarişçiləri ilə maraqlanıb.

Avtomobillərin sifarişi ilə məşğul olan “Exporter.az” saytının rəsmisi Murad Şiriyev saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda ən çox satılan və bəyənilən avtomobillər Mercedes, BMW modelləridir.

“Ölkəmizdə ən çox satılan və bəyənilən avtomobil Mercedes və BMW modelləridir. Avtomobillərin qeydiyyatı ilə bağlı statistikada da bu öz əksini tapır. Son illərdə isə Koreya və Yaponiya istehsalı olan avtomobillərə də böyük tələbat yaranıb”.

Şirkət nümayəndəsinin sözlərinə görə, ölkəmizdə imkanlı şəxslər üçün ən prestijli hesab edilən modellər bunlardır:

“Azərbaycanda ən prestijli modellər BMW (5 və 7-ci seriya, X5 və X6 modellərini), Mercedes (E klas, S klas, ML, GL, G klass), Porsche (Panamera, Cayenne), Audi (A8, A7) hesab edilir.

Son vaxtlar şəhərimizdə daha sonra Bentley, Rolls Royce, Ferrari kimi lüks klass avtomobilləri də peyda olur.

Qiymətləri 200,000$ və daha yuxarı olan bu avtomobillər çoxları üçün əl çatmazdı”.



Şirkət rəsmisinin sözlərinə görə, adları çəkilən avtomobil modelləri daha çox imkanlı şəxslər tərəfindən sifariş olunur.

“Bizdən avtomobil sifariş edənlərin çoxu - bankların, mobil operatorların, internet provayderlərin işçiləri və digər əqli işlə məşğul olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlardır. Bir sözlə əhalinin orta təbəqəsinin nümayəndələri. Çünkü sifariş etdikdə avtomobil yerli bazardan nisbətən daha ucuz qiymətə başa gəlir.

Çox imkanlı şəxslər isə sifariş verib gözləməkdənsə - yerli bazardan alırlar, çünkü qiymət fərqi onlar üçün çox da rol oynamır.

M.Şiriyev tanınmış şəxslərinə, o cümlədə dövlət rəsmilərinin də maşın almaq üçün onlara müraciət etdiyini qeyd edib. Bildirib ki, dövlət rəsmilər orta hesabla 50-100 min dollar civarında maşınlara üstünlük verirlər.

“Məşhurlar və dövlət rəsmilərindən müştərilərimiz var. Bizim tanıdıqlarımız 50-100,000$ civarında olan avropa istehsalı modellərə üstünlük verirlər”.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlın fikrincə, yerli bazarda ən lüks avtomobillər alıcılara 220-230 min dollar məbləğind təklif olunur. O bildirib ki, hazırda yerli bazarda 1 milyon manata satılan maşınlar da var:

“Hazırda Azərbaycanda 40-a yaxın avtomobil markasının istehsalı olan 100-dən artıq müxtəlif çeşidli avtomobillər bazara təklif olunur. Ən populyar avtomobilləri hazırda iki seqmentə bölmək olar: təkrar ve ilkin bazar seqmentinə. Təkrar bazar seqmentində daha çox Mercedes, BMW , Yaponiyanın bir neçə markası: “Toyota”, “Prado”, "Camry", Nissan markası üzrə “Tida” və digərləridir. İlkin bazarda isə liderlik edən Yaponiya markası “Toyota”, Cənubi Koreyanın avtomobilləridir”.

Ən prestijli yeni avtomobillərdir ki, 220-230 min dollara alıcılara təklif olunur. Amma yenə də deyim ki, ən yüksək qiymət bu deyil. Elə avtomobillər var ki, bazarda 1 milyona təklif olunur”.

Qiyməti əl yandıran avtomobillərin alıcılarına gəlincə isə R.Osmanlı bildirib ki, bu qismə daha çox imkanlı təbəqənin nümayəndələri, məmur övladları daxildirlər.

“Alıcılar arasında kimlərin üstünlük təşkil etdiyini konkret deyə bilmərik. Məmurlarımı, onların övladlarımı və yaxud sahibkarlarımı, onların övladlarımı... Ümumilikdə mən deyərdim ki, bütün təbəqələrdən alıcılar var və hər təbəqə öz stabil imkanlarına uyğun olaraq avtomobil sifariş edir”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti