"Xəzərdə kruiz turları yaratmaq lazımdır" - AUDİOKAST

"Xəzərdə kruiz turları yaratmaq lazımdır" -  AUDİOKAST
  03 İyul 2022    Oxunub:3891
Əksər ekspertlər koronavirus pandemiyasından sonra turizm sektorunun əvvəlki mövqelərini bərpa etməyə başladığını bildirirlər. Bununla yanaşı, qlobal iqtisadiyyatın digər sahələrində olduğu kimi turizm sektorunda da yeni tendensiyaların, xüsusilə regionlaşmanın aktuallaşdığı vurğulanır. Qlobal, regional və yerli turizm sektorlarında gedən proseslər və yeniliklərlə bağlı məqamları “Səyahət, Sağlamlıq və Turizm DMC” şirkətinin rəhbəri Tərlan Quliyev AzVision.az -a müsahibəsində şərh edib.
- Koronavirus pandemiyasının ağır ziyan vurduğu turizm sektorunda bərpa dövrünün başladığını söyləmək olarmı?

- Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, koronavirus pandemiyası bütün dünyada turizm sektoruna ciddi ziyan vurdu. Eyni zamanda da ölkələr arasında ticarət əlaqələrinin və sərhədlərin bağlanmasına, digər məsələlərə də səbəb oldu. Təbii ki, turizm zərif bir sektor olduğundan, ən böyük zərbə ona dəydi. Ölkələrarası sərhəd platformaları, eyni zamanda, turistlərin hava daşınmaları və s. istiqamətlər tamamilə məhdudlaşdırıldı. Qapanma müddətində turist hərəkətliliyi hətta sıfıra endi.



Artıq turizm sektorunda müəyyən yumşalmalar sayəsində canlanmalar baş verir. Pandemiya dövründə regionlararası əlaqələrdə məhdudlaşdırmalara baxmayaraq, limitlər müəyyən qədər aradan qalxdıqdan sonra daxili turizmin inkişafına yönəlmiş proyektlər həyata keçirə bildik. Sonra da hava sərhədlərinin açılması və ölkələrarası hava nəqliyyatının bərpa olunması nəticəsində də turistlər artıq Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə, hətta Avropanın bəzi şəhərlərinə səfər edə bilirlər. İndi 2019-cu ilin statistikasına yaxınlaşmaq üçün lazım olan rəqəmlər barəsində düşünmək hələ tezdir. Amma eyni zamanda bu istiqamətdəki tendensiya onu göstərir ki, əgər pandemiya yenidən şiddətlənməsə və bununla bağlı qapanmalar, məhdudlaşdırmalar həyata keçirilməsə, qısa bir müddətdə turzimin tam bərpası mümkün olacaq.
COP29 turist axınına necə təsir edib? - Açıqlama

- Dünyada yaşanan proseslər ölkələr arasındakı əlaqələrin qırılması ilə yanaşı, turizm sektorunda da bahalaşma ilə nəticələnir. Belə hallar iqtisadiyyatın əksər sahələrində regionlaşma tendensiyalarını aktuallaşdırır. Bu baxımdan, regional turizm marşrutlarının inkişafı perspektivlərini necə qiymətləndirərdiniz?
- Bəli, bizə yaxın regionda geosiyasi və geoiqtisadi münasibətlərin gərginləşməsi, hətta qırılması, müharibə şəraiti dünya turizmi üçün çətinliklər və neqativ hallar yaşatsa da, bunu bir fürsətə də çevirmək mümkündür. Belə ki, Rusiyanın sanksiyalara məruz qalması nəticəsində Rusiya vətəndaşlarının Türkiyə və digər turizm zonalarına istiqaməti müəyyən qədər məhdudlaşdırıldı. Bu eyni zamanda bahalaşmaya gətirib çıxardı. Bu baxımdan, əgər biz regional turizmin inkişafından danışırıqsa, bundan çox rahat şəkildə istifadə edərək, həmin turistləri müəyyən paketlər vasitəsi ilə Azərbaycana cəlb edə bilərik. Əslində, hazırda bu məsələlər çox aktualdır ki, bu istiqamətdə də biz müəyyən işlər görə bilirik, sərgilərdə iştirak edirik və sair. Bəzi ölkələrlə bağlı sanksiyaların olmasına baxmayaraq, Azərbaycan bu gün bir çox, o cümlədən də qonşuluqdakı ölkələr üçün əlçatan bir regiona çevrilib. Xüsusilə də turizm və tarif baxımından daha çox cəlbedicidir. Eyni zamanda həmin turistlərin Azərbaycana cəlb olunması üçün istər ənənəvi turizm, dağ turizmi, mədəni marşrutların hazırlanması və sağlamlıq turizmi ilə bağlı biz qonşu ölkələrdən kifayət qədər turist almağa başlamışıq. Bu təbii ki, artım istiqamətində gedir və bizim işləri həm lazımi kontekstdə çoxaltmağımız, həm də təbliğatını və marketinqini fərqli istiqamətdə aparmağımız lazımdır.

- Xəzəryanı bölgənin ölkələri arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hansı imkanlar mövcuddur və bununla bağlı qarşılıqlı maraqlar nəzərə çarpırmı?
- Siz çox gözəl bir mövzuya toxundunuz. Əslində bu barədə illərdir müəyyən fikirlər səsləndirilir. Hətta Xəzəryanı qonşu dövlətlərlə deyil, sadəcə, Xəzərin Azərbaycana aid hissəsinə kruiz turlarının və gələn turistlərin müəyyən adalara səfər edərək, onları görmək imkanının yaradılması üçün müzakirələr aparmışıq. Bu əslində qlobal bir məsələdir. Bilirik ki, dünya praktikasında kruiz şirkətləri turistlərin bir neçə ölkənin ərazisini və şəhərlərini gəzməklə müəyyən kruiz səfərlərini təşkil edrilər. Turizmin inkişafı baxımından Xəzəryanı dövlətlərin birgə marağını düşünsək, biz Xəzər dənizində də kruiz turlarını yarada bilərik. Eyni zamanda bu gəmilərin həm Azərbaycan, həm də qonşu dövlətlərin limanlarına səfərlərini təşkil etməklə regional turizmin inkişafına nail ola bilərik. Kruiz şirkətlərinin marşrutu ondan ibarətdir ki, qısamüddətli olsa da, gündüz vaxtı hər hansı bir ölkənin şəhərlərinə səyahət edir, oradakı tarixi-mədəni abidələrlə tanış olurlar. Bu daha çox turistin cəlb olunmasına gətirib çıxara bilər. Bilirik ki, dünyada, ümumiyyətlə, kruiz turizmi - gəmi səyahəti çox populyar bir turizm növüdür. Təbii ki, qonşu dövlətlərin də maraqlarını nəzərə almaqla, əgər biz Xəzəryanı dövlətlərdə bunu yarada və Xəzər dənizində marşrutunu təyin edə bilsək, turizmin inkişafına nail olacağıq.

- Region üçün Azərbaycanda turizmin hansı sahələri daha cəlbedicidir?
- Turizmin dünyada 100-dən çox növü var. Misal olaraq, dağ turizmini, ənənəvi turizmi, mədəni marşrutların fəaliyyətini, ekstremal turizmi, sağlamlıq turizmini, dini turizmi nümunə gətirə bilərəm. Azərbaycanda bu turizm növlərinin inkişaf etdirilməsi, əgər yoxdursa yaradılması və bütün dünyadan gələn turistlərə təqdim olunması mümkündür. Azərbaycanda ənənəvi turizm marşrutlarından tutmuş ekstremal turizmə, eyni zamanda da sağlamlıq turizminə qədər bizim imkanlarımız var və ölkədə artıq bu istiqamətdə məhsulların təqdimatı həyata keçirilir. Bir müddət əvvəl isə 3 gün ərzində Azərbaycanda “HESTOUREX Dünya Sağlamlıq Turizmi” - 2022 sərgisi və konfransı keçirildi. Bu tədbir çərçivəsində Azərbaycana 465 nümayəndə səfər etmişdi. Bu artıq Azərbaycanın bir destinasiya (turist səyahətlərinin təyinat yeri) kimi bir məkan, yəni müxtəlif turizm növlərində təminatçı olması deməkdir.
2015-ci ildən – Avropa oyunlarından başlayaraq dövlətin apardığı siyasətə əsasən, biz idman ölkəsi kimi də tanınırıq. “Formula-1”in Azərbaycanda keçirilməsi ölkəmizin tanınmasına böyük bir vəsilə oldu və həm də tursit axınını təmin elədi. Eyni zamanda biz burada “Avroviziya” müsabiqəsini qeyd edə bilərik.
Bu gün Azərbaycanın turizm potensialının çox böyük və dərin şəkildə öyrənilməli olduğuna ehtiyacı görürük. Bax, bundan çıxış edərək, Dövlət Turizm agentliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir və müxtəlif marşrutlar, proqramlar hazırlanır. Eyni zamanda, turizm agentlikləri və turizmə aid olan digər qurumlar bununla daha yaxından və daha ciddi məşğul olmağa başlayıblar.

- Böhran vəziyyətində və dövlətlərarası əlaqələrin məhdudlaşdırıldığı vaxtlarda əksər ölkələr əsasən daxili turizmin imkanlarından istifadə edirlər. Azərbaycanda daxili turizmi qənaətbəxş saymaq olarmı?
- Ümumiyyətlə, regionda turizmin inkişafının əsasını təşkil edən sahələrindən biri daxili turizmdir. Daxili turizmin inkişafı hər zaman hər bir ölkə üçün prioritet sahəyə çevrilməlidir. Məsələn, Azərbaycanın turizm üzrə ixtisaslaşmış regionları Yardımlı, Quba, Qusar, Qəbələ, İsmayıllı, Şəki rayonlarıdır. Digər adını çəkmədiyim regionlarda inkişaf işləri aparılır. Azərbaycan Dövlət Turizm agentliyinin, eyni zamanda, Naxçıvan Dövlət Turizm departamentinin təşkil etdiyi tanşılıq turunu qeyd etmək istərdim. Bu gün artıq Naxçıvan da turizm destinasiyası siyahısına qatılmaqdadır. Düşünürəm ki, öncə Azərbaycan vətəndaşlarının, yəni şəhər mühitində yaşayan insanların regionlarına səfər etməsi zəruridir. Burada mən xüsusən Naxçıvanı qeyd etmək istəyirəm. Naxçıvan uzun illər blokada şəraitində idi və turistlər üçün qapalı məkan sayılırdı. Amma bu gün ora səfər edərək Naxçıvanın tarixi-mədəni abidələri ilə tanış olmaq, Duzdağ kompleksində müalicə almaq və s. imkanlar var.
Azərbaycanda daxili turizmin inkişafını qənaətbəxş hesab edə bilərəm. Amma yeni-yeni infrastrukturların, turizm-iaşə obyektlərinin yaradılması həm inkişaf, həm rəqabət qabiliyyətinin artırılması baxımından çox vacibdir. Eyni zamanda da daha çox mədəni marşrutların hazırlanması və ictimaiyyətə təqdim olunması üçün lazımdır.

- İşğaldan azad olunmuş ərazilərimizin turizm potensialı ölkəmizə nələr vəd edir?
- Qarabağ bölgəsinin turizm potensialı çox zəngindir. Qarabağın relyefi, iqlimi, təbiəti və zəngin mədəni resursları, orada eyni zamanda turzimin inkişafı üşün zəmin yaradır. Təəssüf ki, uzun müddət işğal altında qalan Qarabağ bölgəsində mövcud olan turizm və tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsi bu imkanları bir müddət ertələyə bildi. Hazırda işğaldan azad olunmuş torpaqlarda turizmin inkişafı ilə bağlı danışarkən, ilk növbədə orada təhlükəsizliyi nəzərə almalıyıq. Təhlükəsizlikdən sonra quruculuq, infrastruktur, otellərin sayının çoxaldılması və təbii ki, tarixi-mədəni marşrutların təşkili gəlir. İndi bu baxımdan müəyyən işlər görülür. Qarabağın turizm potensialının inkişaf etdirilməsi ilə bağlı artıq dövlət layihələri var. Digər təşkilatlar da bu işdə maraqlıdırlar. Dünya Bankı da bu məsəllərdə maraqlıdır və yeni investisiyaların cəlb olunması istiqamətində də işlər aparılır, Qarabağın Dirçəliş Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan, Qarabağın turizm potensialının inkişafı və turistlərin cəlb olunması üçün kifayət qədər işlər görülür. İndi Şuşaya birgünlük səfərlərin təşkil oluna bilməsinə baxmayarq, bunu kütləviləşdirmək hələ bir az zaman alacaq. Artıq tam təhlükəsiz vəziyyətə gələndən sonra, düşünürəm ki, turistlərin kütləvi şəkildə Qarabağa aparılmasının təşkil olunmasında iştirak edə bilərik.

Hazırladı Sahil İsgəndərov

AzVision.az



Teqlər: Turizm  





Xəbər lenti