“Rusiya Ermənistana silah tədarükünü bərpa edəcək” - Gürcü ekspert

   “Rusiya Ermənistana silah tədarükünü bərpa edəcək” -    Gürcü ekspert
  04 İyul 2022    Oxunub:4426
“Ermənistanda baş verən etiraz aksiyalarını nəzərə alsaq, hakimiyyət dəyişikliyi ehtimalı var. Reallıqda Ermənistan artıq siyasi böhran mərhələsinə qədəm qoyub ki, bu da xoşagəlməz ssenarilərin inkişafı ilə nəticələnə bilər”. Bu sözləri AzVision.az-a gürcü ekspert, siyasət və hərb elmləri doktoru Vaxtanq Maisaya deyib.
Amma digər tərəfdən, onun fikrincə, Paşinyan hakimiyyətinə qarşı çıxan qüvvələrin, 2018-ci ildə dinc inqilabla devrilmiş “Qarabağ klanı”nın Ermənistanda qeyri-populyar siyasi qüvvə olduğunu nəzərə alsaq, etirazların nə qədər davam edəcəyini və nə ilə yekunlaşacağını söyləmək çətindir.

Vaxtanq Maisaya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını mümkün sayır. Onun fikrincə, Brüssel sammitləri tərəflərin sülh bağlanmasında maraqlı olmasının bariz nümunəsidir. O, Paşinyandan sonrakı dövrdə Qarabağda hərbi toqquşma ehtimalını da çox zəif hesab edir, çünki regionda Ermənistan və Azərbaycanın maraqlarını balanslaşdıran “3+3” regional təhlükəsizlik modeli fəaliyyət göstərir. “Eləcə də regional güclər - Rusiya və Türkiyə faktoru var. Üstəlik münaqişənin bütün tərəfləri artıq Qarabağda vəziyyətin gərginləşməsində maraqlı deyil. Bundan əlavə, hazırda Rusiya Ukraynada ədalətsiz müharibə aparır, Türkiyə isə Suriyanın şimalında hərbi əməliyyat keçirir. Ona görə də, hazırda regionda formalaşmış qüvvələr balansı bu gün tərəflərə hərbi toqquşmaları bərpa etmək imkanı vermir”,- Maisaya vrğulayıb.

Eyni zamanda, ekspertin fikrincə, Kreml bir neçə səbəbdən Ermənistana silah tədarükünü bərpa edə bilər. Birinci səbəb Rusiyanın Ermənistan qarşısında hərbi müttəfiqlik öhdəlikləri və Türkiyə ilə Azərbaycanın maraqları arasında balans yaratmaq istəyidir. İkincisi də, Rusiya iri silah ixracatçısıdır və ÜDM-inin təxminən 5,5%-ni hərbi ehtiyaclar üçün ayıran Ermənistan kimi bazardan imtina etməyəcək.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: Şərh   Region  





Xəbər lenti