Gülər Əhmədova: “Əqidəmdən dönmərəm”

Gülər Əhmədova: “Əqidəmdən dönmərəm”
  05 Aprel 2013    Oxunub:1674
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev müdafiə etdiyi şəxslə bağlı son zamanlar mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Vəkil Raqif Mustafayev açıqlamasında G. Əhmədovanın yeni vəkillə müqavilə bağlaması məsələsinin yalan olduğunu deyib: “Ötən gün mən Gülər Əhmədova ilə görüşdüm. Bu məlumatların hamısı yalandır. Gülər Əhmədovanın vəkili mən və Eldar Qədimidir. Onun bizimlə münasibəti yaxşıdır. Üçüncü vəkillə müqavilə bağlamayıb. Lakin Eldar Qədimi Azərbaycan dilini yaxşı bilmədiyi üçün mətbuat üçün əsasən mən açıqlamalarla çıxış edirəm. Gülər xanım xahiş etdi ki, bu məsələni bir daha qabartmasınlar. Çünki bu əsas məsələ deyil”.

Vəkil Elşad Abdullayevin sözçüsü kimi mətbuatda çıxış edən Elnur Məcidli ilə Elşad Abdullayev arasında fikir ayrılığı yarandığını da qeyd edib: “Sevindirici haldır ki, Elnur Məcidli Gülər Əhmədovanın həbsində prokurorluq orqanın mövqeyinə böyük hörmətlə yanaşır. Lakin Elşad Abdullayev ölkə rəhbərliyinə ünvanladığı məktubda istintaq orqanın fəaliyyətini qeyri - profisional kimi qiymətləndirib. İstintaqa münasibətdə onlar arasında fikir ayrılığının olması çox maraqlıdır. Elnur Məcidli bildirir ki, maddi sübut olmasaydı prokurorluq orqanları Gülər Əhmədovanı həbs etməzdi. Lakin bu faktdır ki, Gülər Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilən zaman istintaq orqanı məhkəməyə hər hansı ilkin sübut təqdim etməyib”.

Vəkil bir daha G. Əhmədova ilə bağlı yayılmış videoların montaj olduğunu deyib: “Bu cür videolar heç bir yerdə maddi sübut kimi dəyərləndirilə bilməz. Hər kəsə məlumdur ki, kompüter proqramları vasitəsi ilə hər bir videomaterialı montaj etmək mümkündür. Güman edirik ki, Elşad Abdullayev məhz həmin proqramlardan istifadə edib. Hesab edirəm ki, bu məsələyə Konsitutsiya Məhkəməsi tərəfindən son qoyulmalıdır”.

R. Mustafayev Gülər Əhmədovanın sarsılmadığını da bildirib: “Ötən gün görüşən zaman Gülər xanım bildirdi ki, bəzi partiya funksionerləri, ictimaiyyət nümayəndələri, deputatlar bu teatr oyununa psixoloji cəhətdən hazır olmadıqlarından Elşad Abdullayevin və müxalifətin küyünə düşüblər. O bildirdi ki, bu adamların arasında onunla qərəzli münasibətdə olanları da var. Nəticədə bütün cəmiyyətdə iqtidar və Gülər Əhmədova barəsində düzgün olmayan təəssürat yarandı. O, maddi və mənəvi ziyandan və həbsdə olmaqdan sarsılmadığını bildirdi. Gülər Əhmədova əmindir ki, prezidentin şəxsi nəzarətində olan bu cinayət işi ədalətlə sona çatacaq. Müvəkkilim 12 illik parlament fəaliyyəti, 16 illik ictimai-siyasi fəaliyyətinin xalqın gözü qarşısında olduğunu söylədi. Bildirdi ki, bu illər ərzində mənsub olduğu partiyaya xidmət edib”.

Vəkil qeyd edib ki, müvəkkili Elşad Abdullayevlə bağlı maraqlı məlumatlar da verib: “Elşad Abdullayev vətəndaşları aldadaraq külli miqdarda pul mənimsəyib, ermənilərlə işbirliyi qurub və Azərbaycan dövlətinin imicinə zərbə vurub. Bu gün kimi aydındır. Gülər xanım Elşad Abdullayevi bu gün dəstəkləyən müxalifətçiləri “əsgəri xidmətindən qaçmış qorxaq və fərarilər” adlandırıb və deyib ki, onları yalnız Elşad Abdullayevdən qoparacaqları çirkli pullar düşündürür. Gülər xanım sonda bir daha qeyd etdi ki, başına gələnlər onu əqidəsindən döndərə bilməz”./apa



Teqlər:





Xəbər lenti