“Kruiz turizminə keçməliyik" – Ekspert

   “Kruiz turizminə keçməliyik" –    Ekspert
  12 İyul 2022    Oxunub:3764
“Pandemiya qlobal iqtisadiyyata, o cümlədən, turizm sənayesinə böyük təsir göstərib. BMT-nin məlumatına görə, qlobal iqtisadiyyatın itkiləri trilyonlarla dollarla ölçülür. Eyni zamanda 400 milyona yaxın insan işini itirib”.
Bu sözləri AzVision.az -a “Millenium Tourism & Congress DMC” şirkətinin rəhbəri, Azərbaycan Müalicə və Termal Turizmə Dəstək Assosiasiyasının təsisçisi Ruslan Quliyev deyib. O bildirib ki, hazırda dünya iqtisadiyyatının bərpası mərhələli şəkildə həyata keçirilir:

“Bu sahədə çalışanların 65 faizi 25 yaşa qədər şəxslər, qalanı da qadınlar olub. Aparıcı menecerlərin bu sahəni tərk edərək, yaxın fəaliyyət sahələrinə getməsi turizm sektorunda idarəetmə əmsalının azalmasına təsir edib. 2022-ci ildə biz turizm sektorunu bərpa etməyə başladıq. İlin sonuna kimi müsbət statistika olacağına inanırıq. Burada Rusiya-Ukrayna münaqişəsi də nəzərə alınmalıdır. Əlbəttə, başa düşmək lazımdır ki, hər bir böhran yeni imkanlar açır”.

O bildirib ki, Azərbaycanda turizm sahəsində aparılan islahatlar, müxtəlif istiqamətlərdə marşrutların fəaliyyətə başlaması sektorunun inkişafı üçün təkan olacaq: “ Quru sərhədlərinin bağlı qalması turizmin inkişafına ciddi ziyan vurur. Gürcüstanla sərhədin bağlanması Azərbaycan, Gürcüstan və Türkiyə arasında turizmin inkişafına ağır mənfi təsir göstərir. Bu gün qlobal trenddə əsas məsələ aşağı büdcəli aviaşirkətlərin fəaliyyəti, daxili turizm üçün müxtəlif məhsulların yaradılmasıdır. Marketinq fəaliyyətini də genişləndirmək lazımdır, çünki bu, Azərbaycanın turizm potensialına təsirini göstərəcək”,- R.Quliyev qeyd edib.

Millenium Tourism & Congress DMC-nin rəhbəri hesab edir ki, Qazaxıstan və Türkmənistanla əlaqələr genişlənərsə, bu, turizmin inkişafına fayda verəcək: “Qeyd edim ki, son on il ərzində Xəzəryanı ölkələr arasında kruiz turizmi sahəsində əməkdaşlıq müzakirə olunub. Kruiz turizminin təşkili müxtəlif məhsullar və qarşılıqlı turist axını yaratmağa imkan verir ”.

Ekspert xatırladıb ki, COVİD məhdudiyyətləri logistikada problemlər yaradıb və bu da qiymətlərə ciddi təsir edib. Lakin Azərbaycanın Böyük İpək Yolu layihəsində iştirakı bu marşrut boyunca yerləşən ölkələrlə qarşılıqlı əlaqə yaratmağa imkan verir.

“Turizmi bərpa və inkişaf etdirmək üçün səyləri əlaqələndirmək, turizm potensialını təbliğ etmək üçün rəqəmsal platformalar yaratmaq və bu sahədə xidmətləri inkişaf etdirmək lazımdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri bu ərazilərə, xüsusən də qonşu dövlətlərin vətəndaşlarına yeni turizm marşrutları yaratmağa imkan verir ki, bu da tranzit turizmə təsir göstərəcək. 2024-cü ildən sonra ildə 5 milyon turist göstəricisinə çatmaq üçün bu sahəni inkişaf etdirmək lazımdır”,- R.Quliyev vurğulayıb.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: Turizm  





Xəbər lenti