Turizmi dirçəltmək üçün Xəzər əməkdaşlığı

// Lidiya Parxomçik regional kooperasiyanın imkanlarını şərh edir

   Turizmi dirçəltmək üçün Xəzər əməkdaşlığı
  12 İyul 2022    Oxunub:4625
Hazırda əksər ölkələr pandemiya vaxtı çökən turizmi canlandırmağa çalışır, bu istiqamətdə fəal addımlar atırlar. Bir çox ölkələrin turizm sektorunda müəyyən aktivlik müşahidə edirik, lakin dünya turizminin tam bərpası, ekspertlərin fikrincə, 2024-cü ildən tez baş verməyəcək. Bəs Xəzər regionunun ölkələri bu sahədə önə çıxmaq üçün hansı birgə addımları ata bilərlər?!
Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun (DISI) eksperti, Xəzər dənizi regionu üzrə mütəxəssis Lidiya Parxomçik bu haqda fikirlərini AzVision.az ilə bölüşüb.

- Bu ilin birinci rübündə beynəlxalq uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə artıb. Beynəlxalq turistlərin sayı isə ötən ilin birinci rübü ilə müqayisədə 182% çoxalıb. Səyahət edənlərin sayı 41 milyondan 117 milyona yüksəlib. Bu, kifayət qədər əhəmiyyətli artımdır. Avropa və Amerika daha çox turist qəbul edərək, şəksiz lider olaraq qalırlar. Lakin turistlərin 4 dəfə artmasına baxmayaraq, Avropa pandemiyadan əvvəlki 2019-cu il səviyyəsindən 43% geri qalır. Gördüyümüz kimi, turizm sənayesi hələ də pandemiyadan əvvəlki göstəricilərdən uzaqdır. Bunu Ümumdünya Turizm Təşkilatının məlumatları da təsdiqləyir. Yəni birinci rübdə beynəlxalq turistlərin sayı 2019-cu ilin səviyyəsindən 61% aşağı olub.

- Xəzəryanı ölkələrin bu gündəmdə yeri haradadır və necədir?
- Etiraf etmək lazımdır ki, pandemiya zamanı Xəzər bölgəsində turizm sektoruna diqqət, təəssüf ki, sırf daxili turizmə yönəlmişdi. Məsələn, Aktau təkcə Qərbi Qazaxıstanda deyil, həm də ölkənin digər bölgələrində də Türkiyə və Misirə alternativ kimi yerli sakinlər tərəfindən ciddi şəkildə nəzərdən keçirilməyə başladı. Qazaxıstanın qərb rayonlarının əhalisi sürətlə artır və buna görə də, şərq və ya cənub bölgələrindən olan həmvətənlərimizin oraya getməsindən asılı olmayaraq, tikilməkdə olan turizm infrastruktur obyektlərinə tələbat artmağa davam edəcək. Manqıstau vilayəti administrasiyasının məlumatına görə, ötən il bölgəyə 225 mindən çox turist gəlib. Amma bunun yalnız 9 mini əcnəbi olub. Yəni biz daxili və beynəlxalq turizm arasındakı uçurumu görürük.

Bu il, planlara əsasən, təxminən eyni miqdarda turist axını gözlənilir ki, bu da prinsipcə, ölkədə daxili turizmə diqqətin qorunub saxlanıldığını söyləməyə imkan verir. Oxşar mənzərə Xəzər regionunun digər ölkələri üçün də xarakterikdir. Xüsusilə də Rusiya üçün. Bütün turizm obyektləri xəbərdarlıq edir ki, Xəzər regionunda istirahət zonalarının təşkili ilə bağlı müəyyən çətinliklər var. Lakin burada Rusiya-Ukrayna münaqişəsi ilə bağlı kiçik bir qeyd-şərt qoymaq lazımdır. Bu amil artıq turist axınına təsir edir. Simferopolda hava limanının bağlanması və Soçiyə turların yüksək qiymətləri Dağıstanın çimərlik kurortlarının durumunu dəyişə bilər. Bu il bu bölgəyə çarter reyslərinin açılması Dağıstan üçün xoş xəbər oldu. Bizdə əvvəllər Rusiya istiqamətində belə hal olmayıb. Amma artıq var.

Nəticədə çox güman ki, Xəzər istiqamətində daxili turizmdə artım olacaq və bu da 2021-ci ilin məlumatı ilə müqayisədə təxminən 40% artım təşkil edə bilər. Bu, kifayət qədər əhəmiyyətli artımdır. İlkin hesablamalara görə, bu il Dağıstana təxminən bir milyon yarım turist gələ bilər. Əslində bu, Dağıstan üçün tarixi rekord olacaq. Amma bu, inkişafın yenə də daxili turizm hesabına olmasından danışmağa imkan verir.


Ancaq onu da demək olmaz ki, Xəzər regionu ölkələri beynəlxalq turizmi stimullaşdırmağa, turizm mərkəzinə çevrilməyə cəhd göstərməyiblər. Şübhəsiz ki, belə deyil. Bəlkə də ən səs-küylü nümunə olaraq Türkmənistanı göstərmək olar. Bir neçə il bundan əvvəl orada artıq irimiqyaslı beynəlxalq tədbirlərin keçirildiyi turizm zonasının tikintisi başa çatdırılıb. Təəssüf ki, bu zona hətta Xəzər regionu daxilində də beynəlxalq turizm üçün cəlbedici mərkəzə çevrilməyib. Bunun üçün çoxlu maneələr var və bu istiqamətdə işləmək lazımdır ki, potensial zonalar beynəlxalq turizm üçün əlçatan olsun.

- Koronavirus dövründən başlayaraq bu günə qədər hər yerdə inflyasiya artır, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri yüksəlir, iş yerləri azalır. Bütün bu amillər təbii ki, insanların rifahına təsir edir, onların xaricə səyahətə marağını azaldır. İlk sınaqdan tam sağ çıxa bilməyən beynəlxalq turizm daha bir problemlə üzləşdi. Rusiya-Ukrayna münaqişəsinin dünya turizminə təsirini necə qiymətləndirərdiniz? Müharibə çox uzun sürərsə, beynəlxalq turizm nə qədər ziyan çəkəcək?
- Əgər vəziyyətə Rusiya-Ukrayna münaqişəsi prizmasından baxmağa çalışsaq, bəzi dəyişiklikləri müşahidə edəcəyik. Bunun əslində turizm sahəsində nəyə gətirib çıxaracağını anlamaq üçün müəyyən analizlər aparmaq lazımdır. Ukraynadakı hadisələr həqiqətən də beynəlxalq turizmin bərpasında tempin aşağı düşməsinə səbəb ola bilər. Bu, obyektiv amildir. İndiyədək Ukraynada baş verən hadisələr beynəlxalq turizmin ümumi göstəricilərinə o qədər də böyük təsir göstərməyib. Bununla belə, münaqişənin iqtisadi nəticələrinə neftin qiymətinin artması, inflyasiya, beynəlxalq logistika qiymətlərinin yüksəlməsi daxildir ki, bütün bunlar nəqliyyatda və hotellərdə yerləşdirmə xərclərinin artmasına səbəb olur.

Dünya Turizm Təşkilatının məlumatına görə, bu gün bir beynəlxalq səfərin qiyməti orta hesabla 2019-cu ildəki 1000 dollardan 1300 dollara yüksəlib. Amma bu, son hədd deyil. Çünki bahalaşma təkcə xarici səfərlərdə deyil, daxili turizmdə də müşahidə olunur. Burada inflyasiya və qiymət artımını da nəzərə almaq lazımdır. Rusiya seqmentindəki itkilər gələcək göstəricilərə təsir edəcək. 2022-ci ildə rusiyalıların beynəlxalq səyahətlərinin azalmasına və Ukraynada baş verən hadisələrə görə beynəlxalq turizm təxminən 7 milyard dollar itirə bilər. Bu barədə “Euromond International” analitik agentliyi bildirib.

Təxminlərə görə, Rusiya turizm bazarı qlobal səyahət xərclərinin yalnız bir faizini təşkil edir. Doğrusu, kiçik bir itkidir. 2021-ci ildə ruslar xaricdə təxminən 9 milyard dollar xərcləyiblər. Beynəlxalq turizm bu məbləğ olmadan da keçinə bilər, bunun elə bir qlobal təsiri olmayacaq. Lakin regional səviyyədə bu itkinin ciddi nəticələri olacaq. Yenə “Euromond International”a görə, keçən illə müqayisədə bu il turizm xərcləri qlobal miqyasda 92% artacaq. Amma Rusiya-Ukrayna münaqişəsi səbəbindən turizm sənayesi gözlənildiyindən qat-qat az gəlir əldə edəcək. Bu bizi məyus etməyə bilməz.

- Xəzəryanı ölkələr bu vəziyyətdən necə çıxa və turizm sektorunu birlikdə necə inkişaf etdirə bilərlər?
- Əgər turizm sektorunda əməkdaşlığın yaradılması ehtimalından danışırıqsa, etiraf etməliyik ki, Xəzəryanı ölkələr səyləri əlaqələndirmək üçün uzun müddətdir çalışırlar. Bunun uzun tarixi var. Kruiz layihəsi Xəzər dənizində turizmin birgə inkişafı üçün ən mühüm istiqamət olub və olaraq da qalır. Kruiz turizminin müxtəlif variasiyalarda təşkili də daxil olmaqla, dəniz istirahətinin inkişafı ideyası həm çoxtərəfli, həm də ikitərəfli formatda müzakirə edilib. Burada müxtəlif layihələri və planları xatırlamaq olar. Məsələn, İran və Azərbaycan, Həştərxan və Aktau arasında dəniz turizminin genişləndirilməsini. Rusiya ilə Azərbaycanın müəyyən təklifləri var. Lakin bütün təşəbbüslərin mərkəzində Rusiya tərəfinin “Böyük Pyotr” adlı çay-dəniz kruiz laynerinin tikintisi layihəsi dayanır. O, 300 sərnişin üçün nəzərdə tutulub və hazırda Həştərxan gəmiqayırma zavodunda bu laynerin tikintisi başa çatdırılır. Bu ilin sentyabrında laynerin ilk dəniz sınaqları planlaşdırılır. Həştərxan qubernatorunun proqnozlarına görə, gəmi hər il 30 min turistə xidmət göstərə biləcək. Bu kruiz laynerinin marşrutu üçün Mahaçqala, Bakı, Türkmənbaşı və Aktau limanlarında turizm infrastrukturu hazırlanması planlaşdırılır.


Lakin onu da başa düşməliyik ki, vahid kruiz gəmisinin olması Xəzər regionunu beynəlxalq turizm mərkəzinə çevirmir. Bu istisnasız olaraq bütün Xəzəryanı ölkələrin çimərlik rekreasiya infrastrukturunun olmaması ilə əlaqədardır. “Dəniz turizmi” anlayışı təkcə gəminin yan aldığı limanın mövcudluğunu nəzərdə tutmur. Bir-birinə bağlı olan xidmətlər kompleksinə ehtiyac var. Söhbət ilk növbədə çimərlik istirahəti sahəsində xidmətlərin keyfiyyətinin dünya səviyyəsinə çatdırılmasından, istirahət zonaları şəbəkəsinin və digər infrastrukturun genişləndirilməsindən gedir. Burada dalğıclıq, balıqçılıq, dəniz ekskursiyaları kimi çeşidli xidmətlərin göstərilməsi üçün texniki bazanın formalaşmasına qədər müxtəlif şeylərdən söhbət gedir. Bütün bunlar birlikdə bizə beynəlxalq turistləri cəlb etmək imkanı verir. Heç kəs bizim buna çalışmadığımızı demir. Əslində bu baş verir və bütün Xəzəryanı ölkə hökumətlərinin xüsusi nəzarəti altındadır.

Başqa bir məsələ daxili turizmin hələ də bizim üçün prioritet olmasıdır. Bu ən azı indiki mərhələdə məcburi tədbirdir. Trendi beynəlxalq turizm istiqamətinə doğru necə çevirmək olar? İlk növbədə yerlərdə infrastrukturu yaxşılaşdırmaqla. Onda region beynəlxalq turistlər üçün cəlbedici olacaq.

- Sizcə, beynəlxalq turizmin gələcəyi necə olacaq? Dünyanı yenidən gəzə biləcəyikmi və bunun üçün nə etmək lazımdır?
Biz gələcəyə ümidlə baxmaq istəyirik. Beynəlxalq turizmlə bağlı bir az nikbin olmaq lazımdır, çünki ekspertlər 2022-ci ildə beynəlxalq turizmin ötən ilki göstəricilərlə müqayisədə 30-70% arta biləcəyini proqnozlaşdırırlar. Bu göstərici pandemiyadan əvvəlki dövrlə müqayisədə aşağı olsa da, yüksəliş tendensiyası müəyyən nikbinlik yaradır. Pandemiya faktorunun aradan qalxmadığı aydındır. O hələ mövcud olacaq və turizm sənayesinə təsir göstərəcək. Bu onunla bağlıdır ki, dünya əhalisinin 60%-dən bir qədər çoxu peyvənd olunub və bu templə peyvənd olunmağa davam edərsə, kollektiv immunitetin yaranması daha bir neçə il çəkəcək. Asiya-Sakit okean regionu ölkələrində, Yaxın Şərqdə, bəzi Afrika ölkələrində kovid məhdudiyyətləri tətbiq olunmaqda davam edir. Beynəlxalq turizmi ən sonda Asiya ölkələrinin tam bərpa edəcəklərini gözləmək olar. Burada ciddi “sıfır yayılma” siyasətini davam etdirən Çin nümunəsi önəmlidir və Cənub-Şərqi Asiya ölkələrinə turist axınına təsir göstərir. Turizm sənayesinin bərpasına ağır iqtisadi vəziyyət də əlavə əngəl törədir. Bunlar neft qiymətlərinin qlobal artımı, inflyasiyanın, faiz dərəcələrinin artması, dövlət borcunun yüksək səviyyəsi və logistik təchizatda davam edən fasilələrdir. Turizm sənayesi üçün bu, çox kritikdir.

Nəticə etibarı ilə özümüz də deyə bilərik ki, beynəlxalq turizm yenicə başını qaldırmağa başlayır, lakin daxili turizm sahənin bərpası üçün stimul verir. Ekspertlərin fikrincə, daxili turizm 2022-ci ildə əsas tendensiyalardan birinə çevriləcək. Yenə deyirəm, 2023-cü ildə hər şey dəyişə bilər. Bu, sağlamlıq və təhlükəsizliyə necə yanaşmağımızdan asılı olacaq. Söhbət bu sahənin dəstəyə ehtiyacı olmasından, gözlədiyimiz kimi ciddi tempdə olmasa da, tədricən bərpa olunmasından gedir. Xəzər regionu da müəyyən mənada müsbət rol oynaya bilər. Eyni zamanda, biz Xəzər regionundan daxili turizm kimi bəhs edirik, odur ki, beynəlxalq turizm üçün bu o qədər də maraqlı olmayacaq.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az



Teqlər: Turizm  





Xəbər lenti