Baş prokuror Zakir Qaralov vətəndaşlarla görüşdü

Baş prokuror Zakir Qaralov vətəndaşlarla görüşdü
  06 Aprel 2013    Oxunub:1703
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında vətəndaşların müraciətlərinə baxılmasına diqqət artırılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsini bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Dövlət başçısı cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş qrafikə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən 2013-cü il aprelin 5-də Ağstafa rayon prokurorluğunun binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulu keçirilib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilmiş qəbul zamanı qeyd edilən rayonlardan 200-ə yaxın vətəndaşın müraciətlərinə baxılmaqla, səlahiyyət hədləri daxilində onların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib.

Qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilməklə, konkret ərizə və şikayətlər üzrə yerində real tədbirlər görülüb.

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən qərb bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Vətəndaşların qəbulu ərəfəsində Baş prokuror Zakir Qaralov Ağstafa rayonundan olan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından onlara ərzaq yardımı göstərilib.



Teqlər:  





Xəbər lenti