Olland Bakıya niyə gəlib? – Gerçək SƏBƏB

Olland Bakıya niyə gəlib? – Gerçək SƏBƏB
  12 May 2014    Oxunub:1545
“Fransua Ollandın səfərinin bir neçə məqsədi var, onlardan biri də Dağlıq Qarabağ məsələsinin həllinə dair tərəflərin nəbzini tutmaqdır”.

Bu fikirləri tanınmış politoloq Qabil Hüseynli Fransa prezidenti Fransua Ollandın Azərbaycana sərəfini AzVision.az-a şərh edərkən bildirib.

Ekspertin fikrincə, başda Fransa olmaqla Qərb Cənubi Qafqaza xüsusi diqqət göstərəcək.

“İndidən qabaqlayıcı tədbirlər görməyə çalışırlar. Cənubi Qafqazı həm də ciddi enerji, təbii qaz və neft mənbəyi kimi qorumaq və Qərbin ehtiyacları üçün bundan istifadə etmək niyyətindədirlər. Azərbaycan da ciddi qaz ehtiyatlarına malikdir və bunu Avropa bazarlarına çıxarmaq istəyir. Artıq qazın bir hissəsi Avropa bazarına çıxarılıb. Şahdəniz -2 layihəsi işə düşəndən sonra Azərbaycan Avropa bazarlarına daha böyük miqdarda, təxminən 18-20 milyard kubmetr həcmində qaz çıxarmaq imkanına malik olacaq. Bütün bunları nəzərə alıb demək olar ki, Fransua Ollandın səfərinin ən mühüm məqsədlərindən biri Azərbaycana lazım olan diplomatik dəstəyi vermək və Azərbaycanın da fikirlərini öyrənməkdir. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, o, öz təbii yanacaq mənbələrini Avropa bazarına göndərmək niyyətindədir, amma Avropadan da onun gözləntiləri var. Bu da dağlıq Qarabağ problemi ilə bağlıdır”.

Olland Azərbaycanın iradlarını Qərbə çatdıracaq

Politoloq hesab edir ki, Ollandın Bakı səfərinin pərdəarxasında dayanan yeganə məsələ bu istiqamətdə Azərbaycanın mövqeyini öyrənməkdir.

“Biz istəyirik ki, təbii sərvətlərimiz problemin həllində siyasi amilə çevrilsin, niyyətlərimizə xidmət etsin. Fransa prezidenti də bu istiqamətdə Azərbaycanın nəbzini tutmaq, iradlarını eşitmək və bu iradları Qərb dövlətlərinin rəhbərlərinə çatdırmaq niyyətindədir. Eyni zamanda Olland Azərbaycan qazının Avropa bazarına çıxarılması ilə bağlı həm Dağlıq Qarabağ probleminin həlli ilə bağlı, həm Bakının, həm də Yerəvanın niyətini öyrənmək və ortaq məxrəcə gəlməyin yollarını axtarmaq niyyətindədir. Bunu Qərb dövlətlərinə çatırdmağa çalışılacaq ki, Rusiyanın oynadığı həlledici rol zəifləsin”.

Qərb Qarabağın açarını Rusiyadan ala bilər

Q.Hüseynli onu da əlavə edib ki, Ollandın Bakı səfəri uğurla alınarsa Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm dəyişiklik ola bilər.

“Hamı bu fikirdədir ki, Dağlıq Qarabağ probleminin açarı Rusiyanın əlindədir. Zənnimcə, Ollandın səfəri uğurlu olarsa, o, həqiqətən məsələyə obyektiv yanaşarsa, bunu Qərb dairələrinə obyektiv çatdırarsa, ən azından o açarın Rusiyanın əlindən alınması isitqamətində işlər başlaya bilər və Cənubi Qafqaz üzərində Qərbin təsir dairəsi genişlənə bilər. Qərbin Rusiyaya yeni sanskiyaları işə düşdükdən sonra Rusiya həm Ukrayna, həm də Cənubi Qafqazla məşğul ola bilməyəcək. Bunları eyni zamanda etmək o qədər asan məsələ deyil. Əsas məsələ odur ki, qərb öz mövqeyində səmimi olsun. Yəni xristian təəssübkeşliyinə əsaslanmasın erməni lobbisinin təsirinə düşməsin. Bu, ən çox da Fransaya aiddir”-deyə politoloq şərh edib.

Səfərin mərkəzində Qarabağ durur

Politoloq Elman Nəsirov da hesab edir ki, Ollandın Azərbaycana səfəri ölkəmiz üçün mühüm siyasi əhəmiyyətə malikdir.

“Təbii ki, bu səfərin çox mühüm siyasi əhəmiyyəti var. Bu səfər çərçivəsində heç şübhəsiz ki, əsas diqqət mərkəzində saxlanılan məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq. Bu haqda Fransanın Azərbaycandakı səfiri cənab Paskal da məlumat verib. Nəzərə alsaq ki, Fransa həmsədr dövlətdir, bu nöqteyi-nəzərdən Fransa prezidentinin səfəri zamanı bu məsələnin həm Azərbaycanda, həm də Ermənistanda xüsusi diqqət mərkəzində saxlanılması anlaşılandır”.

Eksperin fikrincə, bu məsələ ətrafında danışıqların heç də asan olmayacağını proqnozlaşdırmaq olar. “Ən azından ona görə ki, qondarma erməni soyqırımının 94-cü il dönümü ilə bağlı Fransua Olland çıxışında qeyd etmişdi ki, çalışacaq ki, bütövlükdə Avropa məkanında qondarma erməni soyqırımının tanımamağa görə cəza verilməsinə nail ola bilinsin. Həmçinin Fransa prezidenti gələn il qondarma erməni soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmək üçün Ermənistana səfər edəcək. Bu səfər həm də çoxtərəfli formatı özündə əks etdirir. Yəni o, həm də Avropa İttifaqının adından gəlib. Avropa İttifaqının iki lokomotiv dövləti var. Bunlar Almaniya və Fransadır. Enerji təhlükəsizliyi məsələləri xüsusi diqqət mərkəzində saxlanılacaq. Nəzərə alsaq ki, Rusiya ilə ABŞ və Avropanın münasibətləri gərgindir, təbii ki, Fransa ilə də münasibət gərgindir. Belə olan halda Azərbaycanın enerji mənbəyi baxımından qərb üçün əhəmiyyəti artır. Ona görə də Fransa Avropa İttifaqı adından çıxış edərək bu məsələni diqqət mərkəzində saxlayacaq”.

Rusiya bu səfərə şübhəli yanaşır

E.Nəsirli hesab edir ki, Fransa prezidentin Bakı səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir.

“Rusiya tərəfinin bu səfərə münasibətinə gəlincə isə, bildirib ki, orada Fransua Ollandın Bakıya gəlişində Rusiyaya təzyiq elementi var. Rusiyada ən çox da ona diqqət edirlər ki, bu səfər çərçivəsində enerji məsələləri müzakirə olunacaq. Nəzərə alasaq ki, cənab Barroza artıq bəyan etmişdi ki, Azərbaycan alternativ enerji mənbəyi kimi Rusiyanı əvəz edə bilər. Bu yanaşmalar Rusiyada təzyiq elementi kimi qəbul olunur. Avropa İttifaqı həmçinin maraqlıdır ki, TransXəzər layihəsi reallaşsın. Azərbaycan vəTürkmənistan qazı Avropaya çatsın. Bununla da Rusiyadan asılılıq azalsın. Ona görə də Rusiya bu səfərə şübhəli yanaşır”-deyə politoloq şərh edib.

Qeyd edək ki, ötən gün Fransa prezidenti Fransua Olland dövlət başçısı kimi Azərbaycana ilk rəsmi səfərini edib. Səfər çərçivəsində o prezident İlham Əliyevlə görüşüb, bir sıra mühüm məsələləri müzakirə edib.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti