Rusiyanın göyü açılıb – TƏHLİL

// Ölkənin hava hücumundan müdafiə sistemi heç nəyə yaramır

   Rusiyanın göyü açılıb –    TƏHLİL
  20 Yanvar 2023    Oxunub:5814
26 dekabr 2022-ci ildə Ukraynaya məxsus pilotsuz uçan aparat Rusiya ərazisi üzərində təxminən 700 kilometr uçaraq, Saratov vilayətinin Engels şəhərindəki uzaqmənzilli aviasiya aerodromuna bir ayda ikinci dəfə zərbə endirdi. Nəticədə üç rus hərbçisi öldü, 4 nəfər yaralandı.
Ukrayna Silahlı Qüvvələrinin "kamikadze"yə çevirdiyi köhnə sovet "Strij" PUA-sının zərbəsi nəticəsində iki strateji raketdaşıyan bombardmançıya ziyan dəymişdi. Hər mövzudan danışan rusiyalı ekspertlər nədənsə "Strij" zərbələri barədə susmağa üstünlük verirlər. Təbii ki, Ukrayna pilotsuz vasitələrinin Rusiya hava hücumundan müdafiə sisteminin üçqat sərhədləri üzərindən necə uçması çoxlarında haqlı suallar yaradır (Araşdırmanın bu barədə mənə xüsusi sual ünvanlayan dostumuz Tural Bakuvi üçün maraqlı olacağına ümid edirəm).


Ukrayna Silahlı Qüvvələri rəqib ərazisinin 700 km. dərinliyində yerləşən strateji obyektə ardıcıl zərbələr endirməklə Rusiyanın hava hücumundan müdafiə sisteminin yararsız olduğunu dünyaya nümayiş etdirdi. Hazırda Rusiya Federasiyası üzərində PUA-lara qarşı vahid hava hücumundan müdafiə sistemi yoxdur. Ən azından bu sistem çöküb və fəaliyyəti tam səmərəsizdir.

Ukrayna pilotsuz vasitələri əvvəlcə Ukraynada rəqibin nəzarətində olan əməliyyatlar zonasından və rus qoşunlarını təmas xətti boyunca havadan qoruyan HHM sisteminin fəaliyyət zonasını keçib. 2-ci mərhələdə Ukrayna PUA-sı Rusiya Federasiyasının hava sərhədlərini qorumalı olan HHM vasitələrinin məsuliyyət zonasını yarıb. Yalnız bundan sonra "Strij" üçüncü müdafiə xəttinə - Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi aerodromlarını birbaşa mühafizə edən HHM-in müdafiə zonasına daxil olub və hədəfi məhv edib.


Burada ən azı 3 sual yaranır:
• Rusiya HHM sisteminin hər 3 eşalonu bir-birilə effektiv qarşılıqlı əlaqədə olsaydı, Ukraynanın köhnə Tu-141 "Strij" PUA-ları 1 ay ərzində 2 dəfə maneəsiz olaraq 700 km. məsafədə yerləşən Engels bazasına qədər uçub, hədəfə dəqiq zərbə endirə bilərdimi?
• Tu-141 "Strij" PUA-ları əvəzinə Ukraynanın və ya ehtimal olunan rəqibin, məsələn ABŞ-ın strateji raket daşıyan bombardmançıları Rusiyanın dərinliyinə yönəlsə, vəziyyət necə olacaq?
• Rəqib bu və ya digər istiqamətlərdə kütləvi havam hücumu həyata keçirsə, hədəf obyektlərindən küldən başqa nə qalacaq?

İlk hadisə haradasa konkret şəxslərin xidmətdə diqqətsizliyilə əlaqələndirilə bilərdi, amma ikinci hal Rusiyanın hava hücumundan müdafiə sisteminin yarasız olduğunu göstərdi.

Əslində Ukrayna hərbçiləri arxa cəbhənin dərinliklərində yerləşən Rusiya hərbi aerodromlarına bir sıra uğurlu hava hücumları həyata keçirdikdən sonra Kremldə oturanlar dərhal düzgün nəticələr çıxarılmalı və konkret qərarlar qəbul etməli idilər. Ən azından ilk zərbədən sonra Rusiya HHM qoşunlarının komandanlığı cəzalandırılmalı idi. İkinci zərbə isə bir neçə yüksək vəzifəli generalın həbsini tələb edirdi, amma biz bunu müşahidə etmirik. Deməli, Ukrayna tərəfinin hava hücumlarının təkrarlanmasını istisna edə bilmərik.


Ukrayna hədəf olaraq Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiyasının baza aerodromunu təsadüfi secməyib, bu aviabaza strateji əhəmiyyətə malik vacib hərbi obyektdir. Rusiya ordusunun nüvə zərbəsini təşkil edən triadanın komponentlərindən biri burada yerləşir.
Xatırladıram ki, nüvə triadası üç komponentdən ibarətdir:
• Strateji aviasiya;
• Qitələrarası Ballistik Raketlər (QABR);
• Sualtı raket daşıyıcıları.

Nəzərə alsaq ki, Engels aerodromu Rusiyanın ən ciddi şəkildə qorunan strateji obyektlərindən biridir və bu bazanın ərazisində atom bombalarının, aviasiya raketlərinin saxlanılması da mümkündür, o zaman Rusiyanın hava hücumundan müdafiə qoşunlarının və müdafiə sisteminin bərbad vəziyyəti kimsədə şübhə doğurmayacaq.

Təbii ki, "dünyanın ikinci hərbi gücü" adına iddialı olan Rusiyanın HHM-də bu qədər boşluqların olması müzakirəsiz ötüşməyəcək. Yəqin ki, prezident Putin müdafiə nazirini və Aerokosmik Qüvvələrin komandanını bərk-bərk "sığallayacaq". Sonra müdafiə naziri orduda və HHM qoşunlarında ciddi islahatların keçirilməsi barədə göstəriş verəcək. Lakin bunlar heç nəyi dəyişməyəcək. Çünki, Rusiyanın bu gün malik olduğu HHM yeni komplekslərlə təchiz olunsa belə, SSRİ-dən qalma sistemin özü artıq köhnəlib. O yeni təhdidlərə, xüsusilə də stels və kiçik əksolunma əmsalına malik hədəflərə qarşı effektiv deyil. Bunu Suriya, Qarabağ və Ukrayna müharibələri də sübut edir.

Yeni nəsil HHM sistemlərinə keçid isə Rusiya üçün onillərlə vaxt, yüz milyardlarla dollar əlavə vəsait, on minlərlə ixtisaslı və peşəkar kadrlar tələb edir. Bunların heç biri ən azından yaxın onillikdə əlçatan deyil. Odur ki, yaxın və orta perspektivdə Ukrayna PUA-ları Rusiya ərazilərinin dərinliyində çox "fokus"lar göstərəcəklər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün

Teqlər: Rusiya   Ukrayna   Dron  







Xəbər lenti