Bizə də belə varlılar lazımdır...

// Milyonçular hökumətə "bizdən alıb kasıblara verin" deyirlər

  Bizə də belə varlılar lazımdır...
  22 Yanvar 2023    Oxunub:3680
Dünyanın super varlı elitasının 200-dən çox nümayəndəsi maraqlı və diqqətçəkən addım atıb. Milyarderlər hazırda dünyada hökm sürən yaşayış böhranı ilə mübarizə aparan milyardlarla insana kömək etmək üçün hökumətlərə müraciət ünvanlayıblar.
Zəngin elitanın nümayəndələri “bizim - ultravarlıların vergilərini elə indi artırın” deyirlər. "The Guardian" qeyd edir ki, "Disney" imperiyasının varisi Abiqeyl Disney və "The Hulk" filminin məşhur aktyoru Mark Ruffalonun da daxil olduğu 205 milyonçu və milyarderlərdən ibarət qrup Davosda Dünya İqtisadi Forumunda (WEF) bir araya gələn liderlərə çağırış ediblər. Onlar ölkə liderləri ilə yanaşı biznes rəbərlərini də ifrat bərabərsizliklə bağlı problemin həllinə kömək etmək üçün təcili "sərvət vergisi" tətbiq etməyə çağırıblar.

Milyonçuların yaydıqları açıq məktubda yazılıb ki, “Hazırda bu istiqamətdə fəaliyyətin olmaması ciddi narahatlıq doğurur. Qlobal elita Davosda “parçalanmış dünyada əməkdaşlığı” müzakirə etmək üçün toplanıb. Amma əgər bu bölünmənin əsas səbəblərinə etiraz etmirsinizsə, toplantı mənasızdır”.

Onların fikrincə, demokratiyanın müdafiəsi və əməkdaşlığın inkişafı daha ədalətli iqtisadiyyat qurmağı tələb edir. İndi ifrat sərvətlərlə mübarizə zamanıdır. Ultrazənginlərə vergi qoymağın vaxtıdır.


“Hədsiz sərvətin dəyəri” başlıqlı məktubda 13 ölkədən olan milyonçuların fikirləri yer alıb. Onlar vurğulayırlar ki, “Son onilliklərin tarixi yalnız yuxarılara doğru qalxan sərvətin tarixi olub. Son bir neçə ildə isə bu tendensiya xeyli sürətlənib. Bunun həll yolu hər kəsə aydındır. Siz, qlobal təmsilçilərimiz, nümayəndələrimizsiniz və bizə - super zənginlərə vergilər tətbiq etməlisiniz. Özü də bunu indi başlamalısınız!"

Özlərini "vətənpərvər milyonçular" kimi təqdim edən həmin super varlılar bu istiqamətdə heç bir işin görülməməsinin fəlakətlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq da ediblər. Çünki hər hansı bir cəmiyyətin çəkə biləcəyi stress yükü var. Analar və atalar övladlarının ac qaldığını, həddindən artıq varlılar isə artan sərvətlərini düşünürlərsə, bu, normal deyil.

Maraqlıdır ki, bu diqqət çəkən təklif və məktub pandemiya illərində milyonçuların varidatının artmasını göstərən araşdırmaların fonunda baş verib. Məsələn, "Oxfam" təşkilatı müəyyən edib ki, varlı insanlar 2021-ci ilin sonuna qədər sərvətlərini 26 trilyon dollar artırıblar. İfrat sərvətin çoxalmasının ifrat yoxsulluğun artması ilə müşayiət olunub. "Oxfam" da supervarlılardan maddi durumu daha da pisləşən kütlə üçün yeni vergilərin tutulmasına çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sosial-ədalət  





Xəbər lenti