Yaşıl komet 50 min il sonra Yerə yaxınlaşır
Maksimal yaxınlaşmada Yerdən kometə qədər məsafə 42.47 milyon kilometr təşkil edəcək. Bu zaman onu ideal müşahidə məntəqəsində bütün gecə ərzində adi gözlə şimal tərəfdə, qütb ulduzu ətrafında görmək olacaq. Bu komet yanvarın 12-də öz orbitinin periheli (Günəşə ən yaxın) nöqtəsindən keçmişdi.
C/2022 E3 kometi 2022-ci il martın 2-də Palomar Rəsədxanasında (ABŞ) kəşf edilib. Kəşf edilən vaxt o, Günəşdən 643 milyon kilometr məsafədə olmuşdu. Günəşdən kifayət qədər uzaqda olduğuna görə əvvəlcə onu asteroid zənn ediblər, heç bir halda kometə bənzəmirdi. Lakin Günəşə yaxınlaşdıqca obyekt kometə xas xüsusiyyətləri - qaz və tozdan əmələ gələn yaşılımtıl koma və quyruğu nümayiş etdirməyə başladı. Sonrakı hesablamalar göstərdi ki, komet çox dartılmış orbit üzrə hərəkət edir və onun afeli (Günəşdən ən uzaq) məsafəsi 2800 astronomik vahiddir. Bu məsafə Plutonun Günəşdən olan məsafəsindən 70 dəfə çoxdur. Bu isə onu göstərir ki, C/2022 E3 kometi milyardlarla kometin olduğu güman edilən xarici Günəş sistemi ətrafından - Oort buludundan bizə gəlib. Hesablamalar göstərib ki, yaşıl komet axırıncı dəfə 50 min il əvvəl Yer kürəsinin yaxınlığından keçib.
Günəşin ultrabənövşəyi şüalarının təsirindən iki atomlu karbon molekullarının- dikarbonun parçalanması prosesi (bu prosesə fotodissosiasiya deyilir) yaşıl işığa uyğun gələn 518 nm dalğa uzunluğunda şüalanmanın yaranması ilə müşayiət olunur. Bu səbəbdən kometin başlığı - nüvəsi yaşıl rəngdə görünür. Başqa sözlə, iki atomlu karbonun mövcud olması kometə yaşıl rəng verir. İki atomlu karbon molekulları fotodissosiasiya prosesi nəticəsində nüvədən uzaqlaşmamış parçalandığından onlar kometin quyruq hissəsinə düşə bilmirlər və ona görə quyruq yaşıllaşmır.
Ehtimal olunur ki, budəfəki gəliş C/2022 E3 kometinin son gəlişidir. Çünki nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə onun trayektoriyası dartılıb, uzunsov ellipsdən açıq hiperbolaya çevrilib. Beləliklə, C/2022 E3 kometi bu səfərdən sonra Günəş sistemini həmişəlik tərk edəcək.
AzVision.az
Teqlər: