Azərbaycan xalçaları AŞ-nın mənzil-qərargahında - FOTOLAR
Sərginin rəsmi açılış mərasimi 25 yanvar tarixində – ölkəmizin Avropa Şurasına üzvlüyünün 22-ci ildönümündə baş tutub. Tədbirdə Avropa Şurasının Baş katibi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri, Avropa Şurası Katibliyinin yüksək vəzifəli əməkdaşları, Strasburqdakı diplomatik korpusun nümayəndələri, AŞPA üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış çıxışında Azərbaycanın təşkilat yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov ilk olaraq 2001-ci yanvarın 25-də Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının Ümummilli lider Heydər Əliyevin iştirakı ilə təşkilatın mənzil qərargahı qarşısında qaldırıldığını xatırladıb. Üzvlüyümüzün ötən 22 ilinə nəzər salan F.İsmayılov bu müddətdə çoxsaylı uğurların əldə edildiyini vurğulamaqla yanaşı, müxtəlif illərdə Avropa Şurası ilə münasibətlərdə enişli-yoxuşlu dövrlərin də olduğunu qeyd edib. O, hər bir halda bu gün Azərbaycan Respublikasının Avropanın demokratik millətlər ailəsinə mənsub olduğunu və Avropanın multikultural kimliyinə öz dəyərli töhfələrini verdiyini söyləyib.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç çıxış edərək, sərgidə nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu bildirib. O, Avropa Şurasının “müxtəliflikdə birlik” anlayışı ilə mədəniyyət sahəsinə böyük önəm verdiyini söyləyib. Azərbaycanın təşkilata üzvlüyünün 22-ci ildönümü münasibəti ilə təbrik edən Baş katib ölkəmizin qurumun çox sayda konvensiyasına qoşulduğunu xatırladıb. Təşkilatın rəhbəri Azərbaycanın həmişə mədəniyyətlərarası dialoqa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, bu sahədə ölkəmizin xüsusi rolunu qeyd edib.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək, rəhbərlik etdiyi “Azərxalça”nın tarixindən söz açıb. Bildirib ki, ötən əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. O, xalqımızın zəngin və nadir mədəni irsi olan xalçaçılıq sənəti haqqında danışaraq, nəsildən-nəslə ötürülməsinin əhəmiyyətindən söz açıb. Sonra natiq xalçaçılıq üzrə mövcud müxtəlif məktəblərindən bəhs edərək, “Azərxalça”nın əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub-saxlanılması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu qeyd edib. Nadir xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. O, “Azərxalça”da dünyada nadir sənət əsərləri sayılan xalçaların toxunduğunu xüsusi söyləyib.
Açılış mərasimində Bakı xalçaçılıq məktəbinə məxsus bir xalça Avropa Şurasına hədiyyə edilib.
AzVision.az
Teqlər: