“IV Müasir Audiovizual Baxış” mükafatı təqdim edildi

“IV Müasir Audiovizual Baxış” mükafatı təqdim edildi
  30 Yanvar 2023    Oxunub:1617
Yanvarın 27-də “Cinema Plus” Kinoteatrlar Şəbəkəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Real FM”in (Real Təhlil İnformasiya Mərkəzi) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri 107 fm dalğasında yayımlanan AzerNyuMeda Şirkətinin “Cinema Radio” Kino Radio Kanalının “IV Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçirildi.
Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov, CinemaPlus Kinoteatrlar Şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev çıxış edərək, kino sənayesinin inkişafı, “Cinema Radio” Kino Radio Kanalının əhəmiyyətindən danışdılar.

Sonda “Cinema Radio” Kino Radio Kanalının rəhbəri Kamran Qasımov və aparıcı-redaktor RJ Yaqut IV ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının qalibini elan etdilər.

Bu il mükafatın qalibi rejissor Emil Quliyev oldu.

E.Quliyev “Pərdə” trilogiyası, “Körpü” və “Əqrəb mövsümü” teleserialları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun “Ümid” bədii filmi Tulada Qısametrajlı Filmlərin Festivalında və Mazandaranda VIII Beynəlxalq “Varesh International Film Festival”ında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

O, 2021-ci ildə “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə” Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatına layiq görülüb.


Mərasimdə həmçinin Azərbaycanın Xalq artisti Niyaməddin Musayev Azərbaycan filmlərindən mahnılar ifa edib.

Qeyd edək ki, mükafat 2019-cu ildən təqdim olunur. Həmin ildə rejissor, aktyor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub.
Mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino Radio Kanalının soğruları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir.

Mükafat Azərbaycanın çoxprofilli şirkəti olan “Azman Holding”in dəstəyilə təqdim olunur. Şirkət əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşıb.
“Azman Holding” ölkəmizdə idmanın təbliği və populyarlaşdırılması sahəsinə də öz töhfəsini verir. Holdinq çoxsaylı sosial-mədəni layihələri, vətənpərvərlik tərbiyəsinə xidmət edən idman yarışlarını, gənclərin müxtəlif təşəbbüslərini dəstəkləyir, Vətən Müharibəsi qazilərinə, şəhid ailələrinə və aztəminatlılara yardım göstərir. Cinema Radio Kino Radio Kanalının IV Ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi də şirkətin dəstək göstərdiyi layihələrdən biridir.



Teqlər: Kino  





Xəbər lenti