“Vətənpərvər deməz ki, Dağlıq Qarabağ ermənilərindir” - YAP

“Vətənpərvər deməz ki, Dağlıq Qarabağ ermənilərindir” - YAP
  10 Aprel 2013    Oxunub:1280
“Siyasi iddialarını ortaya qoyan bir adam Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmasına şübhə ilə yanaşırsa, onun siyasi strategiyası da, siyasi məfkurəsi də yalnız bu prinsiplər əsasında formalaşacaq”.
Bunu jurnalistlərə açıqlama verən hakim Yeni Azərbaycan Partiyası Sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədov bu prinsipləri qətiyyətlə pislədiyini, Azərbaycan mövqelərinin ermənilər qarşısında satıldığını vurğulayıb.

"Özünü azərbaycanlı ziyalı adlandıran Rüstəm İbrahimbəyov Qarabağ torpağının Azərbaycanın olduğuna şübhə ilə yanaşır. Belə hesab edirəm ki, bu, Azərbaycanın milli maraqlarına, Qarabağ savaşına vurulan çox ciddi bir zərbədir", Əhmədov Rüstəm İbrahimbəyovun "Rosbalt" informasiya agentliyinə müsahibəsini şərh edərkən bildirib.

O həmçinin vurğulayıb ki, Azərbaycan cəmiyyəti, hər bir Azərbaycan vətəndaşı Rüstəm İbrahimbəyovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibətini bildirməlidir.

“Azərbaycan vətəndaşlarının hər biri Rüstəm İbrahimbəyovun yanaşmasına, məfkurəsinə və təfəkkürünə görə ona nifrət etməlidir. Mən düşünmürəm ki, Azərbaycanda elə bir vətənpərvər tapılsın ki, o desin ki, Dağlıq Qarabağ ermənilərindir. Dağlıq Qarabağ problemi ilə əlaqədar hər bir vətənpərvər azərbaycanlı üçün Azərbaycanın maraqlarına bundan artıq zərbə vuracaq bir fikir təsəvvür etmək mümkün deyil. Ermənilər Azərbaycanın torpaqlarının 20 faizini işğal edib, 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın vəziyyətdədir. 20 ildən artıqdır ki, azərbaycanlı qaçqınlar ağır vəziyyətdə yaşayırlar. Azərbaycan hökuməti bu problemi həll etmək üçün böyük səylər göstərir. Sübut etməyə çalışırıq və nail oluruq ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağın Azərbaycan torpağı olmadığını ermənilərdən savayı kimsə qəbul etmir. Dağlıq Qarabağın Azərbaycan torpağı olmasına dünyada kimsə şübhə ilə yanaşmır. Bütün dünya bu gün Dağlıq Qarabaq probemini həll etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin üzərində düşünür", Əhmədov bildirib./trend/



Teqlər:  





Xəbər lenti