Fidan Hacıyeva həyat yoldaşı ilə tanış olmasından danışdı - VİDEO

   Fidan Hacıyeva həyat yoldaşı ilə tanış olmasından danışdı -    VİDEO
  07 Aprel 2023    Oxunub:3209
"Bülbül adına musiqi məktəbini bitirmişəm. Baxmayaraq ki, əsas dərslər musiqi idi, digər fənləri də yaxşı oxuyurdum. İngilis dilini zəif bilirdim. Müəllimim də bunu mənə deyəndən sonra məqsəd qoydum ki, ingilis dilini öyrənim. Yadıma gəlir, Rusiyadan bir müəllim gəlmişdi. Ondan özəl dərslər almağa başladım. Çox tələbkar idi və mənə ingilis dilini gözəl öyrətdi. Atam deyirdi ki, sən onsuz da musiqiçi olacaqsan, ingilis dilini nə edirsən, lazım deyil dil öyrənmək. Ona deyirdim ki, bunu istəyirəm və qarşıma məqsəd qoymuşam".
AzVision.az xəbər verir ki, bu sözləri Xalq artisti Fidan Hacıyeva "Nərgiz" dərgisinə video musahibəsində deyib. O, həyat yoldaşı Filip Neylorla necə tanış olmasından danışıb:

"Yeni il tədbiri keçirilirdi. Məni ora "Karmen"dən bir parça "Habanera"nı ifa etməyə dəvət etdilər. Çıxışım bitəndən sonra mənə bir "centlmen" (həyat yoldaşı Filipp - red.) yaxınlaşdı, İngiltərə vətəndaşı idi. Dedi ki, çox gözəl ifa etdiniz. Bu anda öyrəndiyim ingilis dili mənə lazım oldu. Nə yaxşı oldu ki, bu dildə kimləsə danışa biləcəyəm.

Filiplə tanış olandan sonra onu operaya dəvət etdim. O zamanlar isə artıq Akademik Opera və Balet Teatrının solisti idim. O ilk dəfə "Arşın mal alan" əsərində canlandırdığım "Asiya"nı ifamda eşitdi. Səhərisi gün isə mənə məktub göndərdi, dəvətə görə təşəkkürünü bildirdi. Eyni zamanda, "Asiya"nın sözlərinin bir hissəsini ingilis dilinə tərcümə etmişdi. Repertuarımda Azərbaycan bəstəkarlarının əsərləri var və onların bir hissəsini ingilis dilinə tərcümə edib, oxuyuram. Mənə elə gəlir ki, bu dili mükəmməl öyrənməyim həyatımda, bəlkə də qismətdir ki, lazım oldu".


Qeyd edək ki, cütlüyün 3 övladı var.
AzVision.az


Teqlər:





Xəbər lenti