Prezident sərgidə olub

Prezident sərgidə olub
  11 Aprel 2013    Oxunub:1513
Aprelin 11-də Bakı Sərgi Mərkəzində “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verən “Azərsu” ASC-nin sədri Qorxmaz Həsənov bildirdi ki, “CATEF-2013” sərgisi Xəzər regionunda su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir. “Azərsu” ASC-nin təşəbbüsü və fəal dəstəyi ilə təşkil olunan sərginin tərəfdaşı “Iteca Caspian” MMC-dir.

Qeyd olundu ki, Azərbaycanda həyata keçirilən və planlaşdırılan genişmiqyaslı layihələr, ən yeni avadanlıq və texnologiyaların ölkəmizdə tətbiqi və istifadəsinin geniş perspektivləri, habelə investorların regiona getdikcə artan marağı bu tədbirin aktuallığını şərtləndirir.

Hazırda Azərbaycanda şəhər və rayon mərkəzləri, eləcə də kənd və qəsəbələrdə su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması, Ceyranbatanda ən müasir təmizləmə qurğularının quraşdırılması, tullantı və yağış sularının idarə edilməsi və s. layihələr həyata keçirilir.

“CATEF-2013” yuxarıda qeyd olunan layihələr çərçivəsində işgüzar əməkdaşlığın həyata keçirilməsi sahəsində mühüm rol oynayacaq və bütövlükdə bu sahənin inkişafına təkan verəcəkdir. Artıq indidən sərginin uğurlu başlanğıcını proqnozlaşdırmaq olar.

Məlumat verildi ki, sərgidə 23 ölkədən 79 şirkət məhsul və xidmətlərini təqdim edir. “CATEF-2013”də su təchizatı sistemləri, tullantı və yağış sularının təmizlənməsi, mikrotunellərin tikintisi, suyun analizi üçün ölçmə və tənzimləmə texnologiyaları, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermal texnologiyalar, dəniz suyunun duzsuzlaşdırılması texnologiyaları və digər sahələr üzrə, məhsullar, xidmətlər və texnologiyalar nümayiş etdirilir.

Vurğulandı ki, “CATEF-2013”ün yerli iştirakçıları bu sahənin aparıcı şirkətlərindən - “Akkord Azərbaycan”, “Azərsutəchizattikinti”, “Aquatech/Esli”, “NJT 2000”, Sumqayıt Texnologiyalar Parkı və digərlərindən ibarətdir. İştirakçıların 50 faizindən çoxu isə xarici şirkətlərdir. Onlarında arasında “Awas”, “Herrenknecht AG”, “Krohne”, “PWT” (Almaniya), “DOW” (ABŞ), “Duktus” (Avstriya), “Ekoton” (Rusiya), “Grundfos” (Danimarka), “Hyundai” (Koreya Respublikası), “Hungarian Water Cluster” (Macarıstan), “Nippon Koei” (Yaponiya), “Nordic Water-EMO” (İsveçrə), “Samsun Makina” (Türkiyə), “Suez Environment” (Fransa), “Xylem” (İsveç) və digər şirkətlər vardır.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, işgüzar proqramın əsas hissələrindən biri ilk dəfə keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları Forumudur. Sərgi ilə forumun eyni vaxtda keçirilməsi sayəsində qabaqcıl texnologiyaların nümayişini su sənayesi üzrə aktual məsələlərin müzakirəsi ilə səmərəli surətdə uzlaşdırmaq mümkün olacaqdır.

“CATEF-2013” sərgisi və forumu bu sahənin mühüm hadisəsinə çevriləcək, su təchizatı sahəsində mütəxəssislər arasında beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini verərək işgüzar münasibətlərin qurulması, təcrübə mübadiləsi və uzunmüddətli saziş və müqavilələrin imzalanması üçün şərait yaradacaqdır.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

Sərgi ilə tanışlıqdan sonra dövlətimizin başçısı “CATEF–2013” birinci Xəzər Beynəlxalq Su texnologiyaları sərgisi və forumunun işinə uğurlar arzuladı.(azərtac)


Teqlər:  





Xəbər lenti