Türkiyəli müğənni Bakıda konsert verəcək |
Çelik ilk olaraq peşəkar musiqi orkestrinin müşayiəti ilə “Bu kalp seni unuturmu?” adlı mahnını ifa etdi. Daha sonra o ən məşhur mahnılarını - “Cici kız”, “Hercai”, “Meyhaneci”, “Nazına ölüyorum” və s. səsləndirib. Çelik həmçinin Azərbaycan mahnısını da ifa etdi. Belə ki, o, Rəşid Behbudovun "Ayrılıq" mahnısını səsləndirdi. Müğənninin milli musiqimizə yer ayrıması maraqla qarşılandı.
Türkiyəli sənətçi konsert boyu pərəstişkarlarından hədiyyələr aldı. Çelik konsertə gələnlərdən birini səhnəyə dəvət edib dedi ki, həmin şəxs uzun illərdir onu izləyir. Xəstə olarkən, hər hansı bir uğur əldə edərkən sənətçiyə yazaraq öz dəstəyini göstərirmiş. Çelik bu sadiq pərəstişkarına səhnədəcə təşəkkürünü bildirdi, o isə öz növbəsində müğənniyə hədiyyə təqdim etdi.
Bir sözlə, konsertin ideal şəkildə təşkilatçılığından tutmuş, türkiyəli müğənninin möhtəşəm perfomansına qədər hər şey göz oxşadı, Bakı sakinlərinə əsl musiqi bayramı yaşatdı. Çelik bir daha Azərbaycanda onu sevənlərə nostalji dolu anlar yaşatmaqla nə qədər böyük sənətçi olduğunu göstərdi.
Qeyd edək ki, konsert "EMKİ Production"un təşkilatçılığı ilə baş tutub. "EMKİ Production" bir neçə gün öncə digər məşhur türk müğənnini Rafet El Romanın da paytaxtımızda möhtəşəm konsertini təşkil etmişdi.
Aygün Xankişiyeva
AzVision.az