TQDK xüsusi təqaüd üçün müsabiqə keçirir

TQDK xüsusi təqaüd üçün müsabiqə keçirir
  12 Aprel 2013    Oxunub:1468
TQDK Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsini keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-ci il aprelin 14-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) və Bakı Qızlar Universitetində (Möhsün Sənani 14) saat 11:00-da başlanır.

Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş tələbələrə buraxılış vərəqələri10 aprel tarixindən hər gün saat 10:00-dan 17:00-dək ARDNŞ-nin İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz) təqdim olunur. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Buraxılış vərəqələri paylanarkən namizədlərə yaddaş kitabçası verilir.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Qeydiyyat ARDNŞ tərəfindən aparılmış və 2128 nəfər qeydiyyatdan keçmişdir.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.


Teqlər:





Xəbər lenti