Parisdə “Qafqazın mirvarisi - Şuşa” kitabının təqdimatı olub
Səfir ölkəmizin ən məşhur musiqi korifeyləri, bəstəkarları və müğənnilərinin məhz Şuşadan olduğunu vurğulayaraq, mədəniyyət paytaxtımızın bütün Qafqazın konservatoriyası adlandırıldığını diqqətə çatdırıb. Sonra “Qafqazın mirvarisi - Şuşa” kitabının müəllifi, Şuşada anadan olmuş Elçin Əhmədov və həmmüəllif Jan Mişel Brənin birgə hazırladıqları videoçarx nümayiş olunub.
Tədbirdə Elçin Əhmədovun videomüraciəti təqdim edilib. O, 28 ildən çox işğal altında qalmış Şuşanın azad edilməsindən, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü hərbi yolla rellaşdrmasından danışıb. “Qafqazın mirvarisi - Şuşa” kitabının hazırlanması, məzmunu haqqında ətraflı məlumat verib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın erməni işğalı dövründə darmadağın edilməsindən, işğalçılarını bu şəhərdəki Azərbaycan izini tamamilə silməyə çalışdıqlarından söz açıb. Şuşa azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən aparılan və həyata keçirilmiş bərpa işləri haqqında məlumat verib. Kitabın fransızdilli oxuculara Şuşanın tarixi, mədəniyyəti, böyük şəxsiyyətləri haqqında məlumat verəcəyinə inamını ifadə edib.
Kitabın həmmüəllifi Jan Mişel Brən nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eləcə də Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyevə, kitabın işıq üzü gördüyü nəşriyyat evinin nümayəndələrinə minnətdarlığını bildirib. J. M. Brən Azərbaycana, eləcə də Şuşaya səfərindən söz açaraq, qala-şəhərin ölkəmizin mədəniyyət mərkəzi olmasından danışıb.
Fransa mətbuatında və televiziya kanallarında Qafqazla bağlı məqalə və reportajlarda qərəzlilik olduğunu deyərək, Fransa mətbuatının həmişə birtərəfli mövqe tutduğunu tənqid edib. J. M. Brən Şuşaya səfəri, fotoqraf Reza Deqati, eləcə də müxtəlif ölkələrdən olan tədqiqatçılarla görüşü ilə bağlı xatirələrini bölüşüb.
Siyasi elmlər doktoru, beynəlxalq münasibətlər üzrə müəllim Sebastyən Bussua çıxış edərək, Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycan paytaxtına ilk səfərindən danışıb. Dünyəvi ölkə olan Azərbaycanın mədəniyyətinin təşviq edilməyə layiq olduğunu vurğulayıb. Avropanın, xüsusilə də Fransanın bu ölkə ilə mədəni əlaqələrini daha da məhkəmləndirməli olduğunu deyib. Bu gün Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərində nəhəng bərpa işləri aparılmasından danışıb.
Qeyd olunub ki, bu gün iki ölkə arasında gedən danışıqlar prosesinə yalnız erməni lobbisi ciddi –cəhdlə mane olmağa çalışır. Regionda isə hamı sülhün tezliklə tam bərpa olunmasını istəyir. Sosial-iqtisadi çətinliklər yaşayan Ermənistanın xilası Azərbaycanla sülhdən keçir. Azərbaycan regionun lideridir, gələcək inkişaf Azərbaycanla əməkdaşlıqdadır.
Tədbirin bədii hissəsində vəkil Alən Tremolyer “Qafqazın mirvarisi - Şuşa” kitabında yer almış Günel Anarqızının “Qarabağ” poemasını səsləndirib. Fransada yaşayan istedadlı azərbaycanlı Səddam Novruzbəyov balabanda “Laçın” mahnısını ifa edib.
AzVision.az
Teqlər: