Azərbaycan çempionatlarında 21-ci əsrin rekordu

Azərbaycan çempionatlarında 21-ci əsrin rekordu
  16 Sentyabr 2023    Oxunub:1296
1-ci liqada 1-ci tura yekun vurulub. Sonuncu matçda daha iki klub 2023/24 mövsümündə mübarizəyə başlayıb.
AzVision.az xəbər verir ki, bununla da bu çempionatda müxtəlif liqalarda iştirak edən klubların ümumi sayı 34-ə çatıb. Premyer Liqa və 1-ci liqanın hərəsində 10, 2-ci liqada 14 komanda mübarizəyə başlayıb.

Bir mövsümdə 34 klubun Azərbaycan çempionatında iştirak etməsi son 27 ilin mütləq rekordudur. 1996-cı ildən sonra belə rəqəm qeydə alınmamışdı. Sonuncu dəfə daha çox klubun olduğu 1995/96 mövsümündə 38 klub təmsil olunub.

Düzdür, 2006/07 mövsümündə 35, 2007/08 mövsümündə 34 iştirakçı mübarizəyə qoşulub. Lakin həmin çempionatların hər ikisində 27 klub start xəttinə çıxıb ki, digərləri ikinci komandalar olub.

Əgər “ikincilər”in də yer aldığı əvəzedicilər liqasını da nəzərə alışaq, bu il çempionata ümumilikdə 44 komanda çıxıb. 1993/94 mövsümündən sonra belə böyük rəqəmə təsadüf olunmayıb. 29 il əvvəl iki liqada əsas və əvəzedicilərlə birlikdə 46 iştirakçı mübarizə aparıb.

Bir sözlə, klub sayında son 27, iştirakçı sayında son 29 ilin rekordu qeydə alınıb. Hər iki göstərici 21-ci əsrin ən yüksək rəqəmidir.

AzVision.az



Teqlər: Rekord  





Xəbər lenti