Goranboy sakininin ölümü ilə bağlı cinayət işi başlanıb

   Goranboy sakininin ölümü ilə bağlı cinayət işi başlanıb
  31 Oktyabr 2023    Oxunub:1169
Goranboy sakininin ölümü ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, oktyabrın 30-da Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə sakini Səməndər Həsənovun yaşadığı evdə ölməsi faktı üzrə Xocalı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Qeyd edək ki, ötən gün Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub. Dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb. M. Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti