Prokurorluqdan Ağdaşdakı silahlı insidentlə bağlı məlumat

Prokurorluqdan Ağdaşdakı silahlı insidentlə bağlı məlumat
  15 Aprel 2013    Oxunub:1453
Ağdaş rayonunda baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 12-də Ağdaş rayonu ərazisində fəaliyyət göstərən “Ləki” restoranında Şöhrət Həsənovun mübahisə zəminində travmatik tapança ilə Ehtibar Qasımova atəş açaraq xəsarət yetirməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə baxış keçirmiş və digər zəruri prosesual hərəkətlər yerinə yetiriblər.

Baxış zamanı hadisə yerindən 1 ədəd travmatik tapança, üç ədəd giliz və mətbəx bıçağı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, aprelin 12-də saat 17:00 radələrində “Ləki” restoranında Ucar rayon sakini Mehman Məmmədov, Göyçay şəhər sakinləri Ehtibar Qasımov və İlqar Əliyev yeyib-içən zaman sonuncu telefon vasitəsi ilə Ağdaş rayon sakini Şakir Səmədovu restorana dəvət edib. Ş.Səmədov Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənovla birlikdə yeməkxanaya gələrək kabinetə daxil olan zaman sonuncu əvvəllər aralarında yaranmış münaqişə ilə əlaqədar üstündə gəzdirdiyi travmatik tapança ilə E.Qasımova 3 dəfə atəş açaraq xəsarət yetirib.

Yaralı vəziyyətdə yeməkxananın həyətinə çıxan E.Qasımov masanın üstündən götürdüyü şərab şüşəsini Ş.Həsənovun başına vuraraq xəsarət yetirib. Sonradan hadisə yerinə gələn Ağdaş rayon sakini Pərviz Ağayev idarə etdiyi avtomaşınla Ş.Həsənovu tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıb.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Həsənov və E.Qasımov tutularaq istintaqa cəlb olunublar.
Həmin şəxslər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Ş.Həsənova Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs, E.Qasımova isə həmin məcəllənin 221.3-cü (xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Teqlər:  





Xəbər lenti