Mediasiya Şurasının ümumi yığıncağı keçirilib – FOTOLAR
Məlumat verilib ki, Mediasiya Şurasının üzvlərinin İsmayıllı rayonunda yerləşən “Basqal Resort & SPA” Oteldə keçirilən Ümumi Yığıncağında 203 nəfər mediator canlı, 25 nəfər isə ZOOM platforması ilə onlayn qoşulub. Şuranın 300 üzvündən ümumilikdə 228 nəfəri Ümumi Yığıncaqda iştirak edib. Mediasiya Şurasının 300 üzvü olduğu nəzərə alındıqda, bu, üzvlərinin 76%-i edir.
Ümumi Yığıncaqda əvvəlcə Mediasiya Şurası fəaliyyətə başlayandan bugünə qədərki dövrü əhatə edən hesabat dinlənilib. İdarə Heyəti adından Şuranın Nizamnaməsinin 6.26-cı bəndinə əsasən Ümumi Yığıncağa hesabat verən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, qurum fəaliyyətə başladığı dövrdən bu günədək olan bütün fəaliyyət şəffaf və açıq formada hesabat qismində bütün mediatorların elektron poçt ünvanlarına və mediatorların votsap qruplarına göndərilmiş və geniş müzakirə edilmişdir. Şuranın fəaliyyəti Kütləvi İnformasiya Vasitələrinin də dəstəyi nəticəsində hər zaman şəffaf şəkildə işıqlandırılıb.
N.Adilov görülən işlər barədə hesabat verəndən sonra qarşıda duran hədəflərə də toxunaraq, mediasiya proseslərinin avtomatlaşdırılmasının zəruriliyini qeyd edib.
Onun hesabatı dinlənildikdən sonra səsə qoyulub və mediatorlar tərəfindən yekdilliklə qəbul edilib.
Nadir Adilov Mediasiya Şurasının İdarə Heyətinin və Şuranın fəaliyyətinə verilən yüksək qiymətə görə mediatorlara dərin təşəkkürünü bildirib. Bununla Ümumi Yığıncaq işini bağlı elan edib.
Tədbirin ikinci - rəsmi hissəsində qonaqlar çıxış ediblər. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov çıxış edərək iki qurum arasındakı səmərəli əməkdaşlığı qeyd edib.
Türkiyə Cumhuriyyəti Arabuluculuk Dairə Bakanlığının İdarə Heyətinin üzvü, mediator, vəkil Yakup Erikel Mediasiya Şurasının nümayəndələrinin Ankaraya səfərinə toxunub və qarşıda duran Türk Dünyası Mediatorlarının Birliyinin yaradılması məsələlərini qeyd edib.
Mediasiya Şurası komitələri adından çıxış edən qurumun Etika Komitəsinin sədri, Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova Şuranın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. O eyni zamanda Şuranın fəaliyyətini və Nadir Adilov tərəfindən təqdim edilən hesabatı yüksək qiymətləndirib.
Ədliyyə Nazirliyinin Akademiyasının Vəkillər və mediatorların tədrisi fakultəsinin dekan müavini, kiçik ədliyyə müşaviri, mediator Günel Sadıqova mediatorların hazırlığı üzrə görülmüş işlər və keçirilmiş təlimlər barədə hesabat verib.
AzVision.az
Teqlər: Mediasiya