Rusiyalı nazirlər Azərbaycana niyə gəlir? – TƏHLİL

Rusiyalı nazirlər Azərbaycana niyə gəlir? – TƏHLİL
  24 İyun 2014    Oxunub:1284
Rusiya Krımı ilhaq etməklə özü-özünü saldığı geosiyasi dalandan çıxmaq istəyir. Moskva üçün bu çıxış yollarından biri, bəlkə də birincisi Azərbaycandan keçir. Son bir ay ərzində Rusiya ilə Azərbaycan arasında rəsmi səfərlərin artması yuxarı səviyyədə gedən ölkələrarası danışıqların intensivləşməsindən xəbər verir.

Rusiyadan Azərbaycana gələn rəsmilərin sayının daha çox olması deməyə əsas verir ki, Moskva Bakı ilə intensiv danışıqların aparılmasında daha çox maraqlıdır. Qısa müddət ərzində iqtisadi inkişaf naziri Ulukayevin, xarici işlər naziri Lavrovun gəlişi, baş nazirin müavini Roqozinin və Dumanın sədri Narışkinin gözlənilən səfərləri bunu sübut edir. Qərbdən Qarabağ probleminin həlli ilə bağlı müsbət cavab alan Azərbaycan sülhə nail olmaq üçün Rusiyanın mövqeyinin öz lehinə çevrilməsini istəyir. Yaranmış vəziyyətdə Qarabağ probleminin həlli Rusiyanın mövqeyindən asılıdır.

Rusiya 5-6 il ərzində mühüm gəlir mənbələrindən, eyni zamanda, geosiyasi təsir imkanlarından məhrum ola bilər. Belə ki, Ukrayna rəhbərliyinin son bəyanatlarından aydın olur ki, Moskvanın bu ölkənin ərazisindən qaz ixrac etməsi pis halda ilin sonuna kimi, yaxşı halda bir neçə il ərzində dayandırılacaq. Rusiyanın alternativ qaz kəməri olan “cənub axını” layihəsinin icrası da Avropa Birliyi tərəfindən dayandırılıb. Moskvanın bu halda yeganə çıxış yolu qalır: Avropanın alternativ mənbədən qaz almasının qarşısını almaq və bununla da, Brüsseli yenidən Moskva ilə iş birliyinə sövq etmək.

Alternativ mənbə kimi 2019-cu ildə işə düşəcək TANAP layihəsi göstərilə bilər. Rusiya üçün layihənin ümumiyyətlə işə düşməməsi, yaxud ən azından Türkmənistan və İranın bu layihəyə qoşulmaması sərfəlidir. Çünki Azərbaycan bu boru vasitəsilə Avropaya cəmi 10 milyard kub metr qaz ixrac edəcək. Bu rəqəmlə Azərbaycan Rusiya üçün ciddi rəqib hesab oluna bilməz. Lakin Türkmənistan və İran qazının bu layihəyə qoşulması Rusiyanın biznes planlarının üzərindən xətt çəkir.

Lavrovun Azərbaycana səfəri zamanı verdiyi açıqlamalarda Xəzərin statusu ilə bağlı Həştərxanda keçiriləcək görüşləri xatırlatması Moskvanın Xəzərin statusunun müəyyən edilməsini yubatmaqla Transxəzər borusunun çəkilməsinə və bununla Türkmənistanın layihəyə qoşulacağına maneə törədəcəyinə işarə ola bilər. Doğrudur, Rusiya müxtəlif bəhanələrlə ümumi razılaşmanın əldə olunmasını yubada bilər. Ancaq söhbət ondan gedir ki, nə Türkmənistanın, nə də Azərbaycanın Rusiya ilə Xəzərin bölünməsi ilə bağlı ciddi mübahisəsi mövcud deyil. Mübahisə İranladır, Tehrana isə Moskvanın təsiretmə gücü əvvəlki kimi deyil. Çünki İrana qarşı sanksiyalar ləğv edilib və artıq farslar da Avropaya qaz ixrac etməkdə və Avropa bazarında Rusiya kimi rəqibdən qurtulmaqda maraqlıdır. Tehran Türkmənistana da Avropa bazarındakı rəqibi kimi baxır və yalnız buna görə status məsələsinin yubanmasını istəyə bilər. Lakin Avropanın təzyiqləri qarşısında uzun müddət tap gətirə bilməz və geri çəkilməyə məcbur olacaq.

Rusiya anlayır ki, Avropaya qaz ixrac etmək fikrində olan dövlətlərin heç birinə real təsir imkanları yoxdur. Moskva yalnız Azərbaycana, o da, Qarabağ amili ilə təsir göstərmək imkanına malikdir. Təbii ki, Qarabağ kartını oynamaq özlüyündə Rusiya üçün təhlükəlidir, çünki Moskva ümumiyyətlə, Qafqazı itirə bilər.

Azərbaycanın onsuz da Rusiyadan hansısa iqtisadi asılılığı mövcud deyil və yalnız Qarabağ probleminin həlli üçün Moskva ilə “strateji” adlandırılan münasibətləri saxlamaqdadır. Ermənistan isə, Rusiyaya öz təhlükəsizliyinin qarantı kimi baxır və Putinin Avrasiya ittifaqına qoşulmasının yeganə səbəbi də Rusiyanın köməyi ilə status-kvonu saxlamaq ümididir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunarsa Ermənistan Avropaya inteqrasiya yolunda digər ölkələri də geridə qoyacaq. Avropa da, Ermənistanı qəbul etməyə daha həvəsli olacaq, nəinki Türkiyə, yaxud, Azərbaycanı.

Təbii ki, Rusiya bu amili anlayır və Ermənistanı, ardınca isə bütöv Cənubi Qafqazı itirmək fikrində deyil. Deməli, Qarabağ problemini də Azərbaycan istədiyi formada həllinə razılıq verməyəcək.

Rusiya hansı varianta razı ola bilər?

Güman etmək olar ki, Moskva həm Azərbaycan, həm də Ermənistana Putinin Avrasiya İttifaqına üzv olmağı təklif edə bilər. Bunun əvəzində, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun boşaldılmasını təmin edə Qarabağın statusunu isə qeyri-müəyyən vaxta təxirə sala bilər. Dağlıq Qarabağda həm erməni, həm də Azərbaycan icmasının yaşaması razılaşdırılar, təhlükəsizliyin təminatı isə Rusiya sülhməramlılarına, yada Avrasiya İttifaqının üzvlərinin müştərək hərbi qüvvələrinə (Bu İttifaqın nüfuzunu daha da artıracaq) həvalə oluna bilər. Bu baş verərsə, Rusiya bölgəyə silahlı qüvvələrini yeritməklə Cənubi Qafqazda nəzarəti daha da gücləndirir, TANAP layihəsini öz sərhədləri daxilinə keçirir və Avropanı yenə də özündən asılı saxlayır. Sülh əldə etməklə isə korlanmış beynəlxalq imicini bərpa edir və nəhayət Putin öz ölkəsi daxilində qəhrəmana çevrilməklə yüksək siyasi reytinqini qoruyub saxlayır.

Azərbaycan bu variantla razılaşa bilərmi?

Hansısa mənada razılaşa bilər, ancaq müəyyən şərtlərlə. Məsələn, statusu müəyyən olunmayan Qarabağda beynəlxalq sülhməramlı kimi Türkiyə qoşunları da yerləşdirilərsə. Bəlkə də, Türkiyənin Avrasiya İttifaqına üzv olmaq istəyi bununla bağlıdır. Lakin Türiyənin İttifaq üzvlüyü birliyin xarakterini dəyişəcək və Rusiyanın hegemon rolunu kölgəyə salacaq. Buna görə Moskvanın bu variantla razılaşmayacağını indidən demək olar.

Hər halda zaman Rusiyanın ziyanına işləyir və onsuz da 20 ildir gözləyən Azərbaycan yenə də gözləyə bilər.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti