“Mətanət bacı” məni özü ilə Osetiyaya aparmaq istəyirdi - “Bir qalanın sirri” necə çəkilmişdi?

   “Mətanət bacı” məni özü ilə Osetiyaya aparmaq istəyirdi -   “Bir qalanın sirri” necə çəkilmişdi?
  10 Fevral 2024    Oxunub:2123
Bu gündən etibarən saytımızda “Nağıllar aləmində” adlı rubrika start götürür. Bu rubrika vasitəsilə həftədə bir dəfə oxucularımızı filmlərimizin çəkildiyi məkanlarla, həmin film çəkilişlərinin canlı şahidləri ilə tanış edəcəyik. Bu dəfəki reportajımız “Bir qalanın sirri” filminin çəkilişləri haqdadır.
Mərdəkan kənd sakini Vidadi Yaftumov filmin çəkilişlərinin canlı şahidi olduğunu bildirib.

““Bir qalanın sirri” filmini izləməyənlər çox az olar. Həmin filmin əksər əsas səhnələri Mərdəkan kəndində, daha dəqiq desək Mərdəkan qalasının yaxınlığında, bizim həyətdə çəkilib. Mən o vaxt məktəbli idim. 5-ci sinifdə oxuyurdum. Filmi Əlisəttar Atakişiyev 1959-cu ildə lentə alıb. Əvvəlcə filmin adı başqa idi, sonra dəyişib “Bir qalanın sirri” qoydular. Əlisəttar Atakişiyev mənim atamla salam-məleykimi olub, dost olublar. Bir gün bizə qonaq gəlib. Atama deyib ki, “həyətinizin mənim ssenarimlə oxşarlığı var, burada kino çəkəcəyik.



Mən də uşaq idim, sevinirdim ki, həyətimizdə film çəkiləcək. Bir ay, ay yarım keçdi üstündən, gəldilər həyətimizə. Böyük texnikalar, kameralar, işıqlar qururdular. Biz də bütün olanlara şahidlik edirdik. Həyətimiz o vaxt böyük idi, indi bölmüşük deyə balacalaşıb. Həkim Eldostunun əllərinin daşa döndüyü səhnəni yəqin ki, xatırlayırsınız. Onu gözümün qabağında çəkiblər. Həyətdə müxtəlif dekorasiyalar düzəltmişdilər. Məhəccərə qədər hazırlamışdılar. Həyətimizdə böyük tut ağacı var idi. Kino çəkiləndə o ağacdan da istifadə edirdilər. Sehrli güzgü səhnəsini də görmüşəm. Bütün kənd camaatı yığışıb kənardan baxırdı. Heç kim çəkilişlərə mane olmurdu. Bəzən rejissor əsəbləşirdi də. Çünki uşaqlarla çəkiliş çox çətin idi. Rejissor bir sözü neçə dəfə deyirdi, sonda əsəbləşirdi. Bir səhnəni 5-10 dəfə çəkirdilər.



Mən düşünürəm ki, çəkilişlər üçün bizim həyətimizin seçilməsinin də səbəbi var idi. Çünki bizim həyətdən Mərdəkan qalası aydın görünür. Filmdə bir epizod da var. Aşağıda qalamız var, Dairəvi qala. Orada əncir ağacları falan da görünür. 1950-ci illərdə həmin ərazidə əncir ağacları qalanın ətrafında sıx idi. Deyilənə görə film başqa ərazilərdə də çəkilib, amma Mərdəkanda 1 ilə yaxın çəkdilər. Mərdəkan qalası 12-ci əsrin yadigarıdır. Bəzən düşünürəm ki, “Bir qalanın sirri” deyəndə bəlkə elə bu qalanı nəzərdə tutublar?! Uşaq olsam da çox şey öyrənirdim onlardan. Oturub özüm üçün baxırdım. Filmdə “Mətanət bacı” obrazını oynayan Tamara Kokova mənə övladı kimi münasibət bəsləyirdi. Çayı süzürdü, sonra nəlbəkimə tökürdü ki, soyusun. Mən də altdan-altdan çəpəki ona baxırdım. Uşaq idim də. Anama deyirdi ki, “Xanım xala, bu uşağı ver mənə, özümlə aparım Osetiyaya. Mən də ciddi başa düşürdüm. Deyirdim ki, “çıx get, heç yana gedən deyiləm. Bir neçə il bundan əvvəl həyətdə qazıntı işləri apardım. O vaxt çəkilişlərdə istifadə edilən kömür işıqların qalıqlarını tapdım. Həmin qalıqlar məni yenidən o illərə apardı. Çox maraqlı günlər idi. Görün necə gözəl film çəkiblər ki, bu gün də izlənilir. Özüm hər dəfə “Bir qalanın sirri” filmini izləyəndə o illəri yenidən yaşayıram. Çox maraqla da baxıram. Nəvələrimə də deyirəm ki, bu film bizim həyətdə çəkilib”, - deyə Vidadi Yaftumov bildirib.



Kənd sakini 50- ilə yaxındır ki, Mərdəkan qalasına da nəzarət etdiyini bildirib.

“Bir bilsəniz bu illər ərzində nə qədər turist yola salmışam. Əvvəl turistlər daha çox idi, pandemiyadan sonra azalıb. Bu da təbiidir. Rus dilini, inglis dillərini yaxşı bilirəm. Mərdəkan qalası möhkəm tikilib. Qala müdafiədən qorunmaq üçün tikilib. O dövrlərdə müharibələr olanda qadın və uşaqları burada saxlayıblar. Müharibə vaxtı qalalar sığınacaq yeri idi. Qalanın həyətində quyular çoxdur. Bu quyularda ərzaq saxlayıblar. Mən bu qalada sakitləşirəm, bu qala ilə yaşayıram. Nə qədər ki, canımda can var qalaya nəzarət edib, tariximizi gənclərə, turistlərə öyrədəcəyəm”, - deyə Vidadi Yaftumov bildirib.(Moderator.az)





AzVision.az


Teqlər:





Xəbər lenti